Şriftin ölçüsü:

Saytın rəngi:

30.08.2024

Dövlət Komitəsinin sədri yəhudi icmalarının nümayəndələri ilə görüşüb

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yəhudi icmalarının nümayəndələri ilə görüşüb.

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal və Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev ilə görüş zamanı Ramin Məmmədov bildirib ki, Azərbaycanda yaşayan xalqlar arasında münasibətlər multikulturalizm, tolerantlıq, qarşılıqlı hörmət prinsipləri əsasında qurulub. Əsrlərboyu yəhudilər ölkəmizdə sülh və dostluq şəraitində yaşayıblar. Yəhudi icmaları cəmiyyətimizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir.

Komitə sədri qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli dünyada ən uğurlu nümunələrdən biri kimi qəbul olunur. Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi, dini etiqad azadlığının ən yüksək səviyyədə təmin olunmasına xidmət edən tədbirlər həyata keçirilir. R. Məmmədov vurğulayıb ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın multikultural dəyərlərin və mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edən təşəbbüsləri Azərbaycanda dövlət-din münasibətləri modelinin inkişafına mühüm töhfələr verib.

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycan dövlətinin dini icmaya göstərdiyi qayğıya görə minnətdarlığını ifadə edib. Bildirib ki, Prezident İlham Əliyev regionda və dünya miqyasında qarşılıqlı hörmətin, sülh şəraitində birgəyaşayışın və səmərəli əməkdaşlığın güclənməsi üçün dəyərli işlər görür.

Avropa yəhudilərinin Bakı dini icmasının baş ravvini Şneor Seqal Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkədə bütün dini icmaların sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradıldığını qeyd edib. İcma sədri bildirib ki, dövlətin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkələrdən biri kimi tanınır.

Gürcü Yəhudilərinin Bakı dini icmasının sədri Zamir İsayev vurğulayıb ki, Azərbaycan multikulturalizminə, tolerantlığına, humanistliyinə, milli azlıqlara münasibətinə görə dünya ölkələrinə, xüsusilə də Avropa ölkələrinə ən yaxşı örnəkdir.

Görüşlərdə Azərbaycanda mövcud olan konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsi, dini tolerantlıq ənənələrinin inkişaf etdirilməsi ilə bağlı təkliflər ətrafında müzakirələr aparılıb.

Dövlət Komitəsinin sədri Qafqazda ilk dəfə olaraq Azərbaycanda tikilən Yəhudi Dini-Mədəni Mərkəzində gedən işlərlə də tanış olub.