Şriftin ölçüsü:

Saytın rəngi:

04.02.2015

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Lent.az saytına müsahibə verib

 Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov  Lent.az saytına müsahibə verib
 
- Ölkədəki dini durumu necə qiymətləndirirsiniz?
 
- Bu gün Azərbaycanda dini durum sabitdir, stabildir. Ölkəmizdə dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir. Bütün dinlərin nümayəndələri bərabərhüquqlu şəkildə fəaliyyət göstərir və bu baxımdan da Azərbaycandakı mövcud tolerantlıq nümunəsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
 
- Bu sabitliyi qorumaq üçün Komitə tərəfindən hansı tədbirlər həyata keçirilir?
 
- Bu məsələdə Dövlət Komitəsi tərəfindən əsasən maarifləndirmə və aidiyyəti dövlət strukturları ilə qarşılıqlı əlaqələrin, koordinasiya işinin təşkilinə xüsusi önəm verilir. Hazırda mövcud tədbirlər planı əsasında Bakı şəhəri və respublikanın digər bölgələrində Qafqaz Müsəlmanları İdarəsi, yerli icra strukturları və hökumət və qeyri-hökumət təşkilatları ilə birgə konfranslar, seminarlar, görüşlər təşkil olunur, izahat işləri aparılır. Dövlət və qeyri-dövlət strukturları ilə birgə ölkədə dini sahədəki durumun qiymətləndirilməsi, cərəyan edən proseslərin, tendensiyaların öyrənilməsi, radikal meylli təzahürlərin yayılma səbəblərinin araşdırılması məqsədilə layihələr çərçivəsində bir sıra tədbirlərin keçirilməsi işlərinə başlanılıb. Eləcə də, Komitə tərəfindən aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi, koordinasiya işinin təkmilləşdirilməsi, xüsusilə radikalizmə qarşı mübarizənin effektliyinin artırılması üçün təsdiq edilmiş Tədbirlər planı əsasında zəruri işlər həyata keçirilir.
 
- Bu gün bəzi rayonlarda müxtəlif evlərdə dini təriqət nümayəndələri toplaşaraq dini ayinlər yerinə yetirirlər. Onların bəziləri vaxtı ilə icma şəklində qeydiyyata alınıb. Onlara hazırda nəzarət necə həyata keçirilir? Həmin icmaların qeydiyyatına yenidən baxılırmı?
 
- 2009-cu ilədək dini qurumlara istədikləri yeri hüquqi ünvan kimi göstərmələrinə icazə verilirdi. “Dini etiqad azadlığı haqqında” qanuna edilən təkmilləşdirici dəyişikliklərdən sonra islam təmayüllü dini icmalar yalnız məscidlərdə yaradılmalı və dini ayinlər həmin məscidlərdə icra edilməlidir. Bununla əlaqədar, həmin islam təmayüllü icmalar hüquqi ünvanlarını dəyişərək təkrar qeydiyyatdan keçməlidirlər. Həmçinin, onu da qeyd edim ki, qeyri-islam təmayüllü dini icmalara qeyri-ibadət yerlərində qeydiyyata alınmalarına icazə verilsə də, icma üzvləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar.
 
- Komitə sədri Mübariz Qurbanlı Lent.az-a bir neçə ay öncə müsahibəsində bildirmişdi ki, Komitənin yeni regional şöbələri yaradılacaq. Həmin şöbələr fəaliyyətə başladımı?
 
- Hazırda Komitənin yeni strukturunun, o cümlədən regional şöbələrinin formalaşdırılması və onların ştat vahidinin müəyyənləşdirilməsi prosesi yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda həmin ştatlar üzrə kadrların qəbulu üçün Prezident yanında Dövlət qulluğu Məsələləri üzrə Komissiyaya məlumat veriləcək.

 
Anar Məcidzadə