Şriftin ölçüsü:

Saytın rəngi:

29.07.2024

Dövlət Komitəsinin “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları regional bölmə və dini ibadətgahlarda təcrübəyə başlayıblar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları yay ayları ərzində asudə vaxtlarını səmərəli keçirmələri, gələcək professional fəaliyyətlərində uğur qazanmaları üçün praktiki biliklərə yiyələnmələri məqsədilə təcrübə proqramına cəlb ediliblər. Komitənin regional bölmələrində, dini ibadətgahlarda təcrübəyə başlayan tələbələrin yaşadıqları yer üzrə təcrübə keçmələri üçün yaradılan şərait könüllülərin intellektual və mənəvi inkişafına müsbət təsir göstərməklə yanaşı, regionlarda da gənclərin fəallığının artmasına səbəb olur.

Təcrübə müddətində könüllülər müvafiq sahə üzrə ixtisaslı və peşəkar əməkdaşlarla birlikdə çalışır,  monitorinqlərdə iştirak edirlər. Həmçinin ixtisaslarına uyğun olaraq fəaliyyət növlərini yerinə yetirir, dini sahə ilə bağlı əldə etdikləri bilik və bacarıqlarını nəzəriyyədən praktikaya keçirmək imkanı əldə edirlər. 

Qeyd edək ki, gənclərin ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması, tolerant və multikultural mühitin təşviqi istiqamətində görülən işlərə öz töhfələrini verməsi, dövlətə, Vətənə bağlı olan məsuliyyətli vətəndaş, gələcək kadr kimi formalaşmaları məqsədilə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq həyata keçirilən “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları əsasən Azərbaycan İlahiyyat İnstitutunun tələbələridir.