Dini icmaların mütləq əksəriyyətində əvvəlki illərdər fərqli olaraq zəncirvurma və başyarma kimi xoşagəlməz hallar müşahidə edilməmişdir
Bu gün ölkəmizin bütün bölgələrində İslam tarixinin ən faciəvi hadisəsi, eyni zamanda şəhidliyin zirvəsinin rəmzi olan Aşura günü ilə bağlı əza mərasimləri keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərində, o cümlədən regionlarda, Aşura ilə əlaqədar əzadarlıq mərasimləri yüksək səviyyədə, milli-mənəvi dəyərlərimizə və ənənələrimizə uyğun şəkildə, vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə almaqla həyata keçirilmişdir.
Aşura mərasimlərimdə oxunan xütbə və moizələrdə Kərbəla faiciəsi şəhidlik məktəbi kimi tərənnüm edilmiş, Kərbəla şəhidləri ilə yanaşı vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhları anılmışdır.
Məscidlərdə klassik Azərbaycan şairlərinin mərsiyyələri səsləndirilmişdir.
Ölkədə fəaliyyət göstərən dini icmaların mütləq əksəriyyəti əvvəlki illərdən fərqli olaraq, əvvəlcədən aparılmış maarifləndirmə işləri nəticəsində başyarma, qançıxarma və zəncirvurma kimi xoşagəlməz hallardan imtina etmişlər. Son illər kök salmış ənənəyə uyğun olaraq bu il də Aşura günü ölkənin 20-yə yaxın iri şəhər və rayonunda Aşura günü təşkil edilmiş talassemiya xəstələri üçün qanvermə aksiyalarında minlərlə insan iştirak etmişdir.
Məlumatda qeyd edilir ki, əhalinin və dindarların təhlükəsizliyi, ictimai aşayişin təmin edilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasında göstərilmiş müvafiq tövsiyələrə uyğun olaraq əzadarlıq mərasimlərinin yalnız məscid və ziyarətgahların ərazisi daxilində keçirilməsi, küçə yürüşlərinə yol verilməməsi məqsədəuyğun sayılmışdır.
Ümumilikdə Aşura mərasimləri insidentsiz baş tutmuşdur. Tasua və Aşura günərində DQİDK nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalarla mütamadi əlaqədə olmuş, icmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparmışlar. Dövlət Komitəsinin əməkdaşlarının Respublika üzrə apardıqları müşahidələrin nəticəsi olaraq bildirilir ki, Aşura mərasimləri Kərbəla şəhidlərinin etiramına layiq şəkildə keçirilmiş, hər hansı ciddi insident baş verməmişdir.