Şriftin ölçüsü:

Saytın rəngi:

31.07.2024

Dini icmaların nümayəndələri üçün təlim təşkil edilib

İyulun 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib.

Dini icmaların nümayəndələri  üçün təşkil edilən təlimdə Dövlət Komitəsinin Dini məsələlər üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə “Dövlət-din münasibətlərinin inkişafı: terrorla mübarizədə əsas vasitə kimi”, şöbənin əməkdaşı Aslan Sultanov “Terrorun maliyyələşməsində din faktoru” mövzularında məruzələrlə çıxış ediblər. Dini qurumlara fəaliyyətlərini bütünlükdə qanuni çərçivədə davam etdirmələri, sui-istifadə, cinayət risklərindən qorunmaq, eləcə də maliyyə məsələlərindəki əsas öhdəliklərinin icrası zamanı qanunauyğun davranış nümayiş etdirmək yolları izah edilib. Xüsusilə terrorçuluğun maliyyələşdirilməsi təhlükəsinə qarşı din xadimlərinə ayıq-sayıq olmaq, bu istiqamətdə aparılan mübarizədə fəal iştirak etmək tövsiyə olunub.

Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı Fuad Əliyev “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin əsasları və terrorun maliyyələşməsi ilə mübarizədə qeyri-kommersiya təşkilatlarının (dini qurumların) öhdəlikləri” adlı təqdimatla müvafiq sahədəki problemlərə və onların həll üsullarına diqqət çəkib.

­­­­70 nəfər dinləyicinin iştirak ediyi tədbirdə dini icmalar yeni hesabat nümunəsi və “Hədəfli maliyyə sanksiyalarının tətbiqinə dair Təlimat”la tanış edilib.

Təlim iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.