Şriftin ölçüsü:

Saytın rəngi:

10.05.2015

BRİ MONASTIR KOMPLEKSİ (V-VII əsrlər), Çörəkli kəndi

Bri monastır kompleksi Xocavənd rayonunun Çörəkli kəndi ərazisində yerləşir. Qədim monastır kompleksi bozumtul təpəlik ərazidə inşa olunmuşdur. Bu tarixi-memarlıq kompleksi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.

Kompleksin inşa tarixinə dair kitabələr XII-XIII əsrlərə aid olsa da, ərazidə aşkarlanmış daha qədim dövrlərə aid tikililərin qalıqları abidənin inşa tarixinin daha qədim olduğunu göstərir.

Kompleks dövrümüzə xarabalıq, yarıdağılmış vəziyyətdə çatmışdır. Memarlıq elementləri kilsənin alban çarı Mömin Vaçaqanın adı ilə bağlı olan kilsələrdən biri olduğunu göstərir. Bri monastır kompleksinin yerləşdiyi ərazi boyunca qədim tikililərin qalıqları – dördguşəli stellalar, V-VII əsrlərə aid ornamentli plitələr, karnizlər, kapitellər, erkən orta əsrlər memarlığının forma və xüsusiyyətlərini daşıyan sütun altlıqları səpələnmiş olması tikilinin qədim tarixindən xəbər verir.

Kalankatuklu yazır ki, alban hökmdarı Mömin Vaçaqan ölkədə ilin günlərinin sayı qədər kilsələr inşa etdirmişdir. Görünür, Bri kilsəsi də bunlardan biri olmuş, erkən orta əsrlərə aid xristian, hətta bütpərəst dini kompleksinin yerində inşa edilmiş qədim məbəddir. Monastır kompleksindən dövrümüzə dörd kilsə, narteks, xaçdaşlarla bəzədilmiş üç niş, sovmə xarabalığı, mülki tikili qalıqları və orta əsrlər dövrünə aid nekropol gəlib çatmışdır. Kompleksin ilk orta əsrlər dövründə inşa edilmiş birinci kilsəsi təpənin üstündə, şimal-şərq istiqamətində, narteksin yanında yerləşir. Kilsə kiçik ölçülərə malik, birnefli zal kilsəsidir. Daha

qədim bütpərəst məbədinin yerində inşa edilmişdir. Kilsənin olduğu ərazidən qədim memarlıq elementləri arasında dövrümüzə çatmamış stellanın postamenti, iki kapitel, Qafqaz Albaniyası memarlığı üçün xarakterik olan həndəsi və nəbati naxışlarla, həmçinin bərabərtərəfli xaçlarla bəzədilmiş üç sütun altlığı aşkarlanmışdır. Kilsənin qərb fasadında yerləşən qapı çərçivəsi bir-birinə keçən kvadratlar və xaçlarla bəzədilmişdir. Kompleksə daxil olan ikinci kilsə şərq tərəfdən birinci kilsəyə bitişikdir. Kiçik ölçülərə malik

olan birinci kilsə kimi, ikinci kilsə də planda düzbucaqlı formaya malik birnefli bazilikadır. Üçüncü kilsə təpənin ən yüksək hissəsində, narteksdən 4 metr qərbdə yerləşir. Bu birnefli bazilikada zalın döşəməsi tamamilə məzar daşları ilə örtülmüşdür. Yarımdairəvi timpan xaç və romblardan ibarət kompozisiya ilə bəzədilmişdir. Portalın yuxarı künclərində iki quş təsviri vardır. Bu kompozisiya Gəncəsər monastırındakı Müqəddəs İohann kilsəsinin giriş portalı və Mingəçevirdən tapılmış altar daşı üzərindəki dekorativ kompozisiyanı xatırladır. Divarın səthi oyma xaç təsvirləri ilə bəzədilmişdir. Quş təsvirlərinin yanında iki kitabə yerləşdirilmişdir. Kitabələr XIII əsrə aid olub kilsənin memarı və inşa dövrü haqda məlumat verir. 1270-ci ilə aid kitabə mətnindən məlum olur ki, buradakı xaçdaş Nersesin yepiskopluğu dövründə ucaldılmışdır. Birinci kitabədə adı xatırlanan memar həmin təpənin cənub ətəyində yerləşən və xaçdaşları saxlayan böyük nişin də memarıdır. Stellanın fronton hissəsi dağılmışdır. Aşağı hissədə bir sırada düzülmüş səkkiz daş üzərində altı uzun sətirdən ibarət kitabə olmuşdur. Nişin içində dörd xaçdaş yerləşdirilmişdir.Kompleksə daxil olan dördüncü kilsə kompleksin ən cənub tərəfində, kəndə yaxın hissədə, təpənin ətəyində yerləşir. Ölçü baxımından digər üç kilsədən daha kiçik olan kilsənin dam örtüyü dağılmışdır. Qərb fasadının hörgüsündə müxtəlif ölçü və formalara malik onlarla xaçdaşdan istifadə edilmişdir. Həmin divarda yerləşən yeganə qapı yeri naxışlı çərçivəyə malikdir. Yarımdairəvi timpan şahmat təsviri üzərində xaç naxışı ilə bəzədilmişdir. Timpanın hər tərəfində isə bir tovuzquşu fiquru yerləşdirilmişdir. Bu kompozisiya alban dini tikililərin memarlığının xüsusiyyətlərini daşıyır. Divarın yuxarı qərb küncündə beş sətirlik inşaat kitabəsi olmuşdur. Cümlələrin ilk sözlərinin baş hərfi yazılan daş plitə yox edilmişdir. Məlumdur ki bütün alban kitabələri “mən alban” sözü ilə başlayır. Bütün alban kilsəsi kitabələrində olduğu kimi Bri kilsəsində də məhz ilk kəlmələr belə saxtalaşdırılaraq silinmişdir. Kitabədən məlum olur ki, kilsə Alban katolikosu Hovannes və onun kiçik qardaşı Nersesin hakimiyyəti dövründə, yəni 1235-ci ildən əvvəl inşa edilmişdir. Bu kitabənin yanında memarın xatirə kitabəsi yer alır.

Kompleksin narteksi birinci və ikinci kilsələrin qərb fasadına birləşir və hər iki kilsə üçün giriş rolu oynayır. Erkən xristian kilsələri və Bizans bazilikaları üçün səciyyəvi olan narteks qarşılıqlı şəkildə kəsişən dörd tağdan ibarətdir. Bu narteks həm də kilsə portallarının parad xüsusiyyətinin olduğunu göstərir. Əksər monastır narteksləri kimi, bu narteksdən də, həm türbə, həm də dini və siyasi yığıncaq yeri kimi istifadə edilmişdir. Narteksin şərq hissəsində, tağla əhatələnmiş böyük nişlərdə xaçdaşlar, məzar daşları, naxışlı stellalar mövcud olmuşdur. Narteksin interyerinin şərq divarındakı nişlərdə altı xaçdaş, xaçdaşların ətrafında isə nəbati naxışlı və məişət səhnələri olan plitələr üzərində milli geyimli insan təsvirləri mövcud olmuşdur.