Şriftin ölçüsü:

Saytın rəngi:

19.03.2025

Bərdədə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda tədbir keçirilib

Martın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Bərdə rayonu Lənbəran kəndi “Hacı Həmid” məscidi dini icması və Bərdə Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə Bərdə rayonu Lənbəran kəndi “Hacı Həmid” məscidində “31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin məsləhətçisi Məhəmməd Rəşidov, Bərdə Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Kəmalə Rəfibəyli, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynova, Lənbəran kəndi “Hacı Həmid” məscidi dini icmasının sədri Əkrəm Əfəndiyev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, 1918--ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Vurğulanıb ki, martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Diqqətə çatdırılıb ki, kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.