Şriftin ölçüsü:

Saytın rəngi:

09.01.2023

Azərbaycanın pravoslav xristianları Milad bayramını qeyd ediblər

Bakıda və bölgələrdə pravoslav xristianları Milad bayramını qeyd ediblər. Yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadətlər yerinə yetirilib.

Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində keçirilən mərasimdə çıxış edən Bakı Yeparxiyasının katibi arximandrit Aleksi (Nikonorov) bildirib ki, “Bu gecə bütün pravoslav xristianlar, Şərq xristianları İsa Peyğəmbərin mövludunu bayram edirlər. Bu, xristianların səbirsizliklə gözlədikləri ən sevimli və uğurlu bayramlarından biridir.

***

Milad bayramı Xaçmazda yerləşən “Müqəddəs möcüzəvi Nikolay” pravoslav kilsəsində də qeyd olunub. Ölkəmizin şimal rayonlarında yaşayan xristian icmasının üzvləri kilsəyə gələrək dini ayinlər icra edib, dualar oxuyublar. Bayramla əlaqədar əvvəlcədən xüsusi hazırlıq görülüb, şirniyyatlar bişirilib. Mərasimdə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı bayram təbriki oxunub. Vurğulanıb ki, Azərbaycanda xüsusi coşqu ilə qeyd olunan Milad bayramı özündə yeniliyi, əmin-amanlığı, mərhəmət və şəfqət duyğularının təntənəsini təcəssüm etdirir.

***

Dünyanın pravoslav xristianları tərəfindən qeyd edilən İsa Peyğəmbərin mövludu günü - Milad bayramı münasibətilə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən “Cotari “alban kilsəsində bayram mərasimi keçirilib. Bayram üçün hər kəs toplaşdıqdan sonra dini ayinlərin icrası üçün kilsədə mərasim təşkil edilib. Mərasimdə Alban-Udi icmasının rəhbəri Robert Mobili Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən danışıb: “Bu gün Azərbaycan müxtəlif millətlərin, dini konfessiyaların dinc birgə yaşadığı unikal ölkədir. Azərbaycanda bütün dinlərin nümayəndələrinə öz dini etiqad və azadlıqlarını ifadə etmək, dini ayin və mərasimlərini sərbəst yerinə yetirmək üçün şərait yaradılıb. Bu gün bizə çoxlu təbriklər gəlib. Xüsusilə Prezidentimizin təbrikini qeyd etmək istəyirəm. Həmçinin Mədəniyyət Nazirliyi, Dini Qurumlar üzrə Dövlət Komitəsi, müsəlman icmaları, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də təbriklər göndərilib. Bilirsiniz ki, Qarabağdakı torpaqlarımızda olan müqəddəs irsimiz, alban kilsələri 30 ilə yaxın əsir idi. Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan əsgərinin sayəsində, nəhayət biz o dini ocaqlarımıza gedə bildik, orada ibadət elədik, şəhidlərimizi yada saldıq, şamlar yandırdıq”.

***

Gəncə şəhərində yerləşən Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində Milad bayramı qeyd olunub. Gəncədə yaşayan pravoslav xristianlar kilsədə müqəddəs bayramın gəlişini birgə qeyd ediblər. Əvvəlcə Prezident İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Sonra Aleksandr Nevski kilsəsinin dini heyəti İsa peyğəmbərin mövludu ilə bağlı ayinlər icra edib. Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər. Vətən müharibəsində şəhid olanların da ruhuna dualar oxunub.

***

Gürcü pravoslav xristian dini icması tərəfindən Qax rayonunun Qaxingiloy kəndindəki "Müqəddəs Giorgi" kilsəsində də "Milad" bayramı keçirilib.

 

AZƏRTAC