Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi və dünyəvi dövlət kimi tanınır. Eyni zamanda Azərbaycan bir çox millətlərin və konfessiyaların dinc yanaşı yaşamasını unikal nümunəsidir. Dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsi ilə beynəlxalq aləmdə yüksək qiymətləndirilən ölkəmizdə dövlət-din münasibətləri çərçivəsində bütün dini konfessiyalar qanun qarşısında eyni statusa malikdir...
Azərbaycanda dövlət-din münasibətləri, ölkəmizin dinlərarası və millətlərarası dialoq üçün numünəvi platformaya çevrilməsi və multikulturalizm strategiyasına qoşulması barədə fikirlərini öyrənmək üçün əməkdaşımız bu günlərdə Dini Qurumlarla iş üzrə Dövlər Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüb. Onunla söhbəti oxucularımıza təqdim edirik.
–Azərbaycan dünyəvi, demokratik, hüquqi, unitar dövlət olmaqla bərabər, eyni zamanda öz mill-mənəvi dəyərlərinə söykənən bir dövlətdir. Bu mənada ölkəmizdə dövlət-din münasibətləri necə tənzimlənir?
–Fəxrlə qeyd edə bilərəm ki, Azərbaycan bu gün güclü dövlət quruculuğu istiqamətində möhkəm dayaqlar üzərində irəliləyir və bu dayaqlardan biri, bəlkə də birincisi xalqımızın öz milli-mənəvi dəyərlərinə bağlılığıdır. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətinin əsasında da bu dayanır. Ümummilli Liderimizin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü böyük işlər dini etiqad azadlığına geniş imkanlar açdı və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldı. Ümumiyyətlə, Ulu Öndərin dövlət-din münasibətləri sahəsində irəli sürdüyü ideyaların, dünyagörüşün, müdrik tövsiyələrin bu günün reallıqları kontekstində oynadığı müsbət rolu daha aydın görürük. Bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq, dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən məqbul bir model kimi qəbul olunur və bəyənilir. Hətta Azərbaycan təcrübəsindən, modelindən istifadə etmək istəyən Qərb dövlətləri də az deyil. Bütün bunlar həm də Ulu Öndər Heydər Əliyev siyasətini layiqli formada davam etdirən Prezident İlham Əliyevin uğurlarının nəticəsidir. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Xüsusilə böyük tarixə malik məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi milli-mənəvi dəyərlərimizə olan böyük xidmətdir. Digər tərəfdən, mədəni irsimizin qorunmasına, tarixi abidələrimizin bərpasına böyük önəm verən, beynəlxalq aləmdə milli, dini dəyərlərimizin təbliği sahəsində məqsədyönlü işlər görən, Azərbaycan mesenatlığının dirçəldilməsində layiqli nümunə göstərən ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti ölkəmizdə dinə olan dövlət qayğısının əyani təzahürüdür.
Beləliklə, deyə bilərik ki, ölkəmizdə dövlət-din münasibətlərinin əsasında iki fundamental baza durur: milli-mənəvi dəyərlər kompleksi və qanunvericilik bazası. Bu sahədə qanunvericiliyimizin əsasını ölkə Konstitusiyası və “Dini etiqad azadlığı haqqında” Qanun təşkil edir. Ötən müddət ərzində edilmiş əlavə və dəyişikliklər hesabına hüquqi bazamız daha işlək demokratik format qazanmışdır. Bəllidir ki, dövlət üçün imtiyazlı, yaxud başqasından üstün dini qurum yoxdur. Bu anlamda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində strateji vəzifələrimiz üç əsas amil üzərində qurulmuşdur:dini etiqad azadlığının təmin edilməsi; dünyəvi dövlətçilik prinsiplərinin qorunub saxlanılması; dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınması.
–Azərbaycanın dinlərarası və millətlərarası dialoq üçün nümunəvi platformaya çevrilməsi və multikulturalizm strategiyasına qoşulması haqqında düşüncələrinizi bilmək istərdik.
–Birinci onu deyim ki, Azərbaycanın dinlərarası və millətlərarası dialoq üçün nümunə göstərilməsi heç də təsadüfi deyil. Çünki mühüm geostrateji mövqelərə malik olan ölkəmiz əsrlər boyu dinlərin, dini baxışların yayıldığı məkan olub. Tarix boyu Azərbaycan ərazisində etnik və dini icmalar arasında möhkəm dözümlülük, tolerantlıq əlaqələri olub və milli, irqi, dini ayrı-seçkiliyə yol verilməyib. Bütün xalqlar vahid və mehriban bir ailə kimi yaşayıb, müxtəlif dinlərə mənsub insanlar sülh və əmin-amanlıq şəraitində dinc fəaliyyət göstəriblər. Azərbaycan xalqı həmişə bölgədə dostluğun, qardaşlığın möhkəmləndirilməsinə, insanlar arasında milli-dini mənsubiyyətindən asılı olmayaraq sülh və əmin-amanlıq şəraitinin yaradılmasına misilsiz tarixi töhfələr vermişdir. Başqa dinlərə münasibətdə dözümlülük, onlarla yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq bizim milli əxlaqi dəyərlərimizin əsas xüsusiyyətlərindəndir. Bu baxımdan tarixən ölkəmizdə İslam dini ilə yanaşı, Xristianlıq, İudaizm və başqa dinlərə mənsub insanlar da məskunlaşmış, sülh və əmin-amanlıq şəraitində yaşamış və indi də bu ənənə uğurla davam etdirilir.
Bu gün multikutural dəyərlərdən söhbət açılır, böyük müzakirələr aparılır. Düzdür,”multikulturalizm” termin kimi bizimüçün nisbətən yeni səslənsə də, onun mahiyyəti, məqsədi, məramı xalqımız üçün yeni deyil. Biz əsrlər boyu humanist dəyərlərdən çıxış edərək ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin dilini, dinini, mədəniyyətini tanımışıq, hörmət bəsləmişik. Xalqımız bu mədəni müxtəlifliyi qoruyub, onu zənginlik kimi başa düşüb və bu gün nəticə olaraq bu müxtəliflik harmoniya şəklində inkişafa yönələn vəhdəti ifadə edir. Bu bizim üçün bir dəyərdir və onu qorumaq dövlətimiz üçün əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin bu sahəyə diqqəti böyükdür və onun xüsusi qayğısı nəticəsində ötən ilin fevral ayında Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini məsələlər üzrə Dövlət Müşavirliyi Xidməti, may ayında isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılmışdır.
Düzdür, dünyada multikulturalizmlə bağlı bəzən birmənalı fikirlər səsləndirilmir, bu anlayışın yox olacağını irəli sürənlər də var. Hesab edirəm ki, cənab Prezident İlham Əliyev ötən ilin oktyabr ayınında keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumundakı nitqində bu məsələ ilə bağlı dediyi fikirlər dünya ictimaiyyətini dərindən düşündürməlidir. Prezident demişdir: “Bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir”.
–Ölkəmizdə nə qədər dini qurum (müsəlman və qeyri-müsəlman) var və bu qurumlar qanuni şəkildə fəaliyyət göstərmək üçün hansı kriteriyalara cavab verməlidirlər?
–Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan, yəni 2009-cu ilin sentyabr ayından indiyənə kimi 598 dini qurum Dövlət Komitəsində qeydiyyatdan keçmişdir. Konfessional baxımdan onların 577-si islam, 21-i isə qeyri-islam (xristian - 12; yəhudi - 6; krişna - 1; bəhai - 2) təmayüllüdür. Qanunvericiliyimizdə dini qurumların fəaliyyətlərinin tənzimlənməsi ilə bağlı kifayət qədər müfəssəl müddəalar mövcuddur. Təbii ki, hər bir dini icma öz fəaliyyəti istiqamətində bu müddəalara riayət etməlidir, əks təqdirdə ciddi hüquqi məsuliyyətə cəlb edilmə halları yarana bilər. Bundan əlavə, dini icmaların Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri tərəfindən təsdiq edilmiş nizamnamələri də olur. Həmin nizamnamələrdə ümumi müddəalarla yanaşı, dini icmanın vəzifələri, fəaliyyət formaları, strukturu, idarəetmə orqanları və onların təşkili qaydası, icma və dövlət münasibətləri, xarici əlaqələr, icmanın maliyyə-təsərrüfat fəaliyyəti və s. məsələlər əksini tapmaqdadır. Hesab edirəm ki, hər bir dini icma üzvü ehkamlara həssaslıqla riayət etdikləri kimi, bu sahə ilə bağlı qanunvericiliyin müddəalarını, öz hüquqlarını və vəzifələrini də çox yaxşı bilməlidirlər. Fəaliyyətlərində aktiv olmalı, dini qurumun kənar təsir altına düşməsinə və yad ünsürlərin dini qurumun fəaliyyət göstərdiyi ibadət yerinə müdaxiləsinə yol verməməlidirlər. Ümumiyyətlə, cəmiyyətin mənəvi baxımdan sağlamlığına xidmət etməli, saf dini dəyərləri yaşatmalı, xurafat, dini dözümsüzlük və ayrı-seçkilik halları ilə mübarizə aparmalıdırlar.
–Köhnə postsovet məkanında, xüsusilə müsəlman əhalisinin üstünlük təşkil etdiyi respublikalarda müxtəlif təriqətlərin sayı gündən-günə artır. Respublikamızda, əsasən də paytaxt Bakıda da belə təriqətlər mövcuddur. Bu təriqətlərin heç də hamısı xoşməramlı deyil, əksinə, bir çoxu aqressiv xarakter daşıyır. Xüsusilə də onlar az və yaxud da heç təhsili olmayan gəncləri öz təsirləri altına salmağa maraqlıdırlar. Bu da sözsüz ki, cəmiyyətimiz üçün təhlükə yaradır. Bu hallara qarşı Dövlət Komitəsi olaraq hansı tədbirləri görürsünüz?
–Doğrudur, sovetlərin süqutundan sonra bütün postsovet ölkələrinə, o cümlədən Azərbaycana müxtəlif dini ideologiyalara aid təriqətlər, cərəyanlar sirayət etməyə başladı. Diqqət yetirdikdə görürük ki, bütün bunlar cəmiyyətdə dini şüurun dirçəlməsi fonunda baş verirdi. Belə cərəyanlar daha sonra insanların saf dini duyğularından istifadə edib, öz məkrli məqsədlərini həyata keçirməyə başladılar, din adından çıxış edib cəmiyyətdə dözümsüzlüyü, fanatizmi yaydılar, nəticədə hətta bir-birini təkzib edən radikal qruplara çevrildilər. Belə qruplar adətən öz mövcudluğunu göstərmək üçün insanlar arasında münasibətlərin kəskinləşməsində, ictimai asayişin pozulmasında maraqlı olurlar ki, məkrli planlarını həyata keçirsinlər. Öz məqsədlərinə tam nail ola bilməsələr də, çox təəssüf ki, destruktik ideyalarını müəyyən qədər, xüsusilə də bəzi gənclər arasında yaymağı bacarmışlar. Lakin bütövlükdə bu qruplar cəmiyyətimizə təsir göstərmək imkanına malik deyillər. Onların ölkədə ciddi sosial dayaqları yoxdur. Çünki dini radikal qrupların Azərbaycana gətirərək təbliğ-təşviq etmək istədikləri “ideyalar” xalqımıza, cəmiyyətimizə xas deyil. Onsuz da bu gün həmin qüvvələrin təsir imkanları dövlətin müvafiq strukturlarının həyata keçirdiyi tədbirlər nəticəsində çox zəifləmişdir, fəaliyyətləri ciddi nəzarət altındadır.
Aparılan təhlillər göstərir ki, dini radikal qrupların yaradılmasında məqsəd müəyyən xarici siyasi və geopolitik maraqları həyata keçirməkdir. Onlar anlamırlar ki, siyasi oyunlara alət edilən din əsl missiyasını, mahiyyətini itirmiş olur. Dinin siyasiləşməsinin doğurduğu acı nəticələri biz bu gün İraq və Suriyada baş verən hadisələrdən aydın görürük.
Biz heç vaxt imkan verə bilmərik ki, ölkədəki dini etiqad azadlığından sui-istifadə edilərək xalqımızın yüzillər boyu yaşatdığı tolerantlıq ənənələrinə xələl gətirilsin. Ona görə də dünyəvi dövlət olaraq Azərbaycanda dindən siyasi məqsədlər naminə istifadə etməyə çalışanlara və dağıdıcı fəaliyyət göstərənlərə qarşı birmənalı olaraq şərait yaradılmayacaq, kənardan gətirilməyə cəhd edilən radikal dini cərəyan və təriqətlərin fəaliyyətinə imkan verilməyəcəkdir. Onlara qarşı həm inzibati, həm də ideloloji müstəvidə kəskin mübarizə aparırıq və aparacağıq.
Cəmiyyəti canlı orqanizmə bənzətsək, radikallığı orqanizmin xəstələnməsi kimi səciyyələndirə bilərik. Ona görə dəxəstəliklərlə mübarizədə ən yaxşı metod profilaktikadır. Bu baxımdan, maarifləndirmə tədbirlərini gücləndirmişik. Dövlət Komitəsi ötən müddətdə ölkəmizin bütün regionlarında dini sahə ilə bağlı aktuallıq kəsb edən mövzularda ictimaiyyətlə, dindarlarla silsilə konfranslar, seminar-treninqlər, “dəyirmi masa”lar təşkil etmişdir. Maarifləndirməni mətbu orqanlar və nəşrlər vasitəsilə də həyata keçiririk.
Dövlət Komitəsi digər dövlət qurumları ilə də qarşılıqlı əməkdaşlıq şəraitində maarifləndirmə tədbirlərini gücləndirmişdir. Xüsusilə Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə tədbirlər planı və əməkdaşlıq haqqında memorandumlar imzalanmış və icrasına başlanılmışdır. Tədbirlər əsasən dini radikalizm və ekstremizmə qarşı mübarizə, zərərli dini cərəyanların yayılmasının qarşısının alınması ilə bağlıdır.
–Müxtəlif dini etiqadların dini qurumları ilə qarşılıqlı anlaşmanı möhkəmləndirmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini etiqad azadlığını həyata keçirmək üçün qurulan əlaqələr haqqında nə deyə bilərsiniz?
–Əvvəl qeyd etdiyim kimi, Azərbaycanda qədim zamanlardan müxtəlif dinlər tolerantlıq şəraitində yan-yana fəaliyyət göstərmişlər. Müxtəlif konfessiyalara mənsub insanların qarşılıqlı xoş əlaqələri ənənə halını almışdır. Bu gün də həmin ənənənin dini icmaların bir-birinə olan münasibətində şahidi oluruq. İstər əlamətdar günlərdə, istər bayramlarda, istərsə də icmaların digər ictimai həyatında bu yaxınlığı, səmimiliyi görürük. Ümumiyyətlə, ölkədə tolerant mühitin yaradılmasına xidmət edən müxtəlif dini konfessiya liderlərinin qarşılıqlı əlaqələri yüksək səviyyədədir.
Dövlət Komitəsi olaraq da tolerantlığın ölkəmizdə daha da təkmilləşməsivə müxtəlif dini konfessiya rəhbərləri arasında qarşılıqlı əlaqələrin inkişafı istiqamətində bir sıra addımlar atılmışdır. Xüsusilə Dövlət Komitəsinin sədri yanında yaradılmış Məşvərət Şurasını qeyd etmək istərdim. Bu Şurada Azərbaycanda fəaliyyət göstərən ənənəvi konfessiyalar - müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər rəhbərlik səviyyəsində təmsil olunurlar. Məşvərət Şurasının əsas məqsədi dini etiqad azadlığının təmin olunmasında mövcud məsələlərin müzakirəsi, onların həlli ilə bağlı tövsiyələrin hazırlanması və dinlərarası dialoqun səmərəli təşkilidir. Şuranın vəzifə və funksiyalarına dini konfessiya nümayəndələrinin arasında anlaşma və qarşılıqlı hörmət hissinin gücləndirilməsi, dindarlar arasında radikal, ekstremist meyillərin, o cümlədən dini duruma mənfi təsirlərin, həmçinin, mövhumat və xurafat elementlərinin aradan qaldırılması istiqamətində iş aparılması, dövlət-din münasibətlərinin qarşılıqlı etimad əsasında inkişaf etdirilməsi istiqamətində dini qurumların iştirakı ilə tədbirlərin görülməsi və s. bu kimi məsələlər aiddir.
Bundan başqa, ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Dinşünaslıq üzrə Komissiya yaradılmışdır ki, burada İslam dini üzrə mütəxəssislərlə yanaşı, Xristianlıq və Yəhudi dininə mənsub ekspertlər cəlb olunmuşlar. Bütün bunlar ölkədə müxtəlif konfessiyalar arasındakı tolerantlığın qorunub saxlanması istiqamətində atılmış addımlardır.
–Fransada baş verən hadisələrdən sonra bir çox qüvvələr dünyada İslam fobiyası yaratmaq və İslam dinini zorakı və aqressiv din olduğunu sübuta yetirməyə çalışdılar. Bu da sözsüz ki, millətlər arasında normal münasibətlərin qurulmasına öz mənfi təsirini göstərir. Dövlət Komitəsi olaraq, həqiqi İslam dəyərlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində nə kimi işlər görülür?
–Təəssüf ki, bu gün dünyada dini radikallıq, yaxud terror deyiləndə ilk növbədə müsəlmanlar “nümunə” göstərilir. Mən dəfələrlə mətbuatda bu fikri vurğulamışam ki, dini radikalizmdən danışarkən bunu yalnız İslama aid etmək yanlışdır. Terrorçuluğun dini olmadığı kimi, radikallığın da dini yoxdur. Bu baxımdan, istənilən dini-ideoloji baxışları konteksdən çıxararaq zorakı və aqressiv şəkildə təqdim etmək olar. Hamımız bilirik ki, İslamın mütərəqqi dünyabaxışı, həyat fəlsəfəsi qətiyyən zorakılığı, radikallığı təbliğ etmir. İslam dini müqəddəsdir və onun əsas mahiyyəti sülhdür, dostluqdur.
Lakin bəzi dini qruplar öz siyasi, yaxud digər maraqları çərçivəsində dini baxışları radikal formada təqdim edir, ətraflarına topladıqları təcrübəsiz gənclərin potensialından istifadə edərək ekstremizmə rəvac verirlər. Onların bu mənfi fəaliyyətləri İslamı gözdən salır, Avropadakı sadə kütlədə islamafob fikirlərin yaranmasına səbəb olur. Hesab edirəm ki, Avropadakı islamafobluq intellektual təbəqəyə aid deyil, bu təbəqə ən azından İslam dünyasının bəşər sivilizasiyasına bəxş etdiyi töhfələr haqqında oxumuş olarlar. Bu gün Avropa ölkələrinin kitabxanaları müsəlman müəlliflərin yazdıqları əlyazmalarla, əsərlərlə dolub-daşır. Hətta İslam tarixini öyrənmək istəyən müsəlman mütəxəssislər belə Avropa kitabxanalarına üz tutmağa məcbur olurlar. Çünki tarix elə gətirib ki, avropalılar dünya sivilizasiyasına inkişafına töhfə verən həmin əsərləri öz ölkələrinə aparmış, onlardan bəhrələnmişlər. Sadə məntiqlə düşünsək, əgər həmin əsərlərdə dini radikallıq, zorakılıq, düşmənçilik yaxud digər mənfi təzahürlər olsaydı, onları öz məmlətkətlərinə aparardılarmı?
Ona görə də həqiqi İslam dəyərlərinin elə Avropanın özündə dünya ictimaiyyətinə çatdırılması çox vacibdir. Dövlət Komitəsi bu istiqamətdə müəyyən təcrübəyə malikdir. Qeyd edim ki, İslam bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsi, xüsusilə Azərbaycanda dinlərarası tolerantlığın inkişafına töhfə verən din olduğu üçün bir sıra beynəlxalq sərgilər və konfranslar vasitəsilə bu fikirləri Avropa ziyalısına çatdırmışıq. Xüsusilə, BMT, Avropa Parlamenti, UNESCO, Avropa Şurası və s. mötəbər beynəlxalq qurumlarla ən yüksək səviyyədə keçirilən tədbirlərimizdə ənənəvi İslam dəyərlərinin ölkəmizdə dözümlülük və tolerantlıq baxımından oynadığı müstəsna rol haqqında geniş müzakirələr etmişik. Həmçinin xaricdən çoxlu qonaqlarımız gəlir və buradakı dini mühitlə tanış olduqdan sonra etiraf edirlər ki, həqiqətən də, ölkəmizdə radikal İslam sosial dayaqlardan məhrumdur.
–Müsahibə üçün təşəkkür edirik.
Mehparə ƏLİYEVA,
“Respublika”.