Şriftin ölçüsü:

Saytın rəngi:

22.09.2014

Azərbaycan dini təhlükəsizlik baxımından ən sabit ölkələrdən biridir MÜSAHİBƏ

 Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QurbanlıNIN "Yeni Azərbaycan" qəzetinə müsahibəsi
- Mübariz müəllim, məlum olduğu kimi, Azərbaycan güclü ictimai-siyasi sabitliyin təşəkkül tapdığı ölkələrdəndir. Bəs ölkəmizdə dini sabitlik və təhlükəsizlik mühitini necə dəyərləndirirsiniz?
- Azərbaycanda möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlik mövcudur. Təbii ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət, əldə edilən uğurlar bu sabitliyi şərtləndirir. Bununla yanaşı, ictimai-siyasi həyatdakı sabitlik din sahəsində də özünü göstərir. Bu baxımdan, Azərbaycan ən sabit ölkələrdən sayıla bilər. Ölkədə din-dövlət münasibətləri qanunlara, ən əsası, ölkə Konstitusiyasına əsaslanır. Azərbaycanda dini azadlıqlar, o cümlədən, vicdan azadlığı təsbit edilib. Vətəndaşlar “Dini etiqad azadlığı haqqında” Qanunun onlara verdiyi azadlıqlardan qanunlar çərçivəsində sərbəst istifadə edə bilirlər. Bu isə ölkədə dini konfessiyalar arasında heç bir ziddiyyət və qarşıdurmanın meydana çıxmasına imkan vermir. Ümumiyyətlə, Azərbaycanda dini nöqteyi-nəzərdən heç bir qarşıdurma ehtimalı belə gözlənilmir. Azərbaycan tolerantlıq nümunəsidir və ölkədə dini icmalar arasındakı münasibətlərdə tam sabitlik hökm sürür.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 1-2 sentyabr 2014-cü il tarixində Bakı şəhərində “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşü keçirildi. Avropa Şurasının nümayəndə heyətinin Qubaya səfəri oldu. Onlar burada Qırmızı qəsəbədə məscid və sinaqoqun yanaşı fəaliyyət göstərməsini, müsəlman və yəhudi icmasının nümayəndələrinin yanaşı yaşamasını görərək həm təəccübləndilər, həm də bunu yüksək dini tolerantlıq nümunəsi kimi dəyərləndirdilər. Avropa Şurasının nümayəndə heyətinin üzvləri diqqətə çatdırdılar ki, bu, nadir hallardandır və onlar bunu dünyanın heç bir yerində müşahidə etməyiblər.
Məlumdur ki, Azərbaycan əhalisinin mütləq əksəriyyəti - təxminən 96 faizə qədəri İslam dininə mənsubluq daşıyır. İslam dininin özündə də ikisi əsas olmaq etibarilə müəyyən cərəyanlar var. Bu baxımdan, Azərbaycanda İslam dininə mənsub məzhəblər arasında tarixən heç bir problem olmayıb və bu gün də hər hansı bir ziddiyyət, qarşıdurma müşahidə edilmir, tam sabitlik hökm sürür.
- Bəllidir ki, bəzi qruplar Azərbaycanda dini spekulyasiya vasitəsinə çevirməyə çalışır, dini zəmində xaos və qarşıdurma yaratmağa cəhd edirlər. Bu barədə düşüncələrinizi bilmək istərdik...
- Əlbəttə, bu sabitlik çərçivəsində bəzi elementlər var ki, onlar Azərbaycanın ümumi inkişafı və müstəqil siyasi xətti ilə uyuşmurlar. İslam dininin özündə belə qəbul edilməyən amma bu dinə mənsub olduqlarını iddia edən kiçik dini qruplar Azərbaycanın müstəqilliyinin ilk dövrlərində ölkəmizin sosial-iqtisadi çətinliklərindən, Ermənistanın təcavüzü ilə əlaqədar yaranmış vəziyyətdən istifadə edərək ölkə daxilində fəaliyyət göstərməyə başladılar. Bu gün həmin kiçik qruplar qeyri-qanuni fəaliyyət göstərərək müvafiq qanun və qaydaları pozmağa cəhd edirlər. Amma Azərbaycan dövləti - müvafiq qurumlar bu cür hallara qarşı qətiyyətli mübarizə aparır, qanunlar çərçivəsində adekvat tədbirlər görülür. 
Biz əksər müsəlman ölkələrində belə hərəkətlərə qarşı ciddi mübarizə aparıldığının şahidi oluruq. Bəllidir ki, bu gün İslam dini bayrağı altında təşkilatlanan kiçik dini qruplar istər Yaxın Şərqdə, istərsə də bir sıra digər ölkələrdə İslama zidd dağıdıcı fəaliyyətlə məşğul olur, bu dinin imicinə xələl gətirirlər. Əlbəttə, bu kiçik dini qrupların arxasında müəyyən qüvvələr durur və bu cür hərəkətlər sırf geopolitik maraqlara söykənir.
Digər tərəfdən, bu gün dünya əhalisinin 50 faizə qədəri səmavi - dünyəvi dinlərdə birləşib. Üç səmavi dində (İslam, xristianlıq və iudaizm) əsas prinsip təkallahlılıqdır. Bu dinlərin hər biri, eləcə də, dünya dinlərindən olan buddizm sülhə, əmin-amanlığa, bərabərliyə və tolerantlığa çağırır. Ona görə də hansısa kiçik qrupların qeyri-ənənəvi metodlarla bu ülvi hissləri istismar etməsi, dağıdıcı fəaliyyətlə məşğul olaraq qanunları pozması və ya dini nüfuzdan salması yolverilməzdir. Azərbaycan dövləti müəyyən qrupların din pərdəsi arxasında belə hərəkətlərlə çıxış etməsinin qarşısını məharətlə alır. 
Əminliklə söyləyə bilərəm ki, Azərbaycanda dini zəmində problemlər və qarşıdurma yaratmaq cəhdləri heç bir nəticə verə bilməz. Bunun obyektiv əsaslara söykənən konkret səbəbləri var. Birincisi, Azərbaycanın sosial-iqtisadi inkişafı elə yüksək səviyyədədir ki, kimlərsə ölkədə vətəndaşları hansısa şirnikləndirici təkliflərlə öz ətraflarına toplaya bilməz. İkincisi, Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu güclü dövlətdir və hüquq-mühafizə sistemi bu cür hərəkətlərə yol verənlərin qarşısını qanunlar əsasında ala bilir. Üçüncüsü, Azərbaycan cəmiyyəti kifayət qədər müdrik və intellektualdır, ona görə də bu cür halları qəbul etmir. Milli-mənəvi dəyərlərə bağlı olan Azərbaycan toplumu İslam dininə xələl gətirən zərərli cərəyanların yayılmasına birmənalı şəkildə qarşı çıxır.
- Qeyd etdiniz ki, Azərbaycanda dindən müəyyən siyasi məqsədlər naminə istifadə etməyə çalışanlara və bu kontekstdə dağıdıcı fəaliyyət göstərənlərə qarşı qətiyyətli mübarizə aparılır. Bu cür hallara qarşı, eləcə də dini zəmində münasibətlərin tənzimlənməsi üçün daha hansı tədbirlərin görülməsi məqsədəmüvafiqdir?
- Ümumiyyətlə, dindən siyasi məqsədlər naminə istifadə olunması cəhdləri hər zaman mövcud olub. Buna bütün səmavi dinlərdə, demək olar ki, rast gəlinib. Qeyd etdiyim kimi, Azərbaycanda da bu hərəkətlərə yol verənlər var və dövlət onlara qarşı prinsipial mübarizə aparır.
Əvvəla, bu hallara qarşı mübarizə çərçivəsində təkmil qanunvericilik mövcuddur. “Dini etiqad azadlığı haqqında” Qanuna bir sıra - 13-14 əlavə və dəyişiklik edilib. Bu dəyişikliklər insanların dini inanclarını, onların öz ibadətlərini məhdudlaşdırmağa yönəlməyib. Düzəlişlərin ana xətti - əsas məqsədi dağıdıcı radikal-ekstremist məqsədlər üçün istifadə hallarına qarşı daha geniş mübarizə aparılmasına yönəlib. Qeyd edim ki, bəzi ölkələrdə adət və ənənələrdən irəli gələrək klassik dini qaydaları qoruyan qanunlar qəbul edilib. Hətta Avropanın özündə bir sıra ölkələr tarixi ənənələrini nəzərə alaraq, onlardan kənara çıxan kiçik dini qrupların təşviqat və təbliğatlarını qanunla məhdudlaşdırıb. Təsəvvür edin ki, xristianlıqda Roma Papasının və ya pravoslav kilsəsinin rəhbərliyinin inkar etdiyi kiçik dini qruplar bir sıra ölkələrə, o cümlədən, Azərbaycana gələrək missionerlik etmək istəyir. Amma bu reallığı nəzərə almalıdırlar ki, Azərbaycan dünyada İslam dünyasının bir hissəsi, İslam dininin yayıldığı ölkə kimi tanınıb və qəbul edilib. İslam bizim dinimizdir, ona görə də kimsə burada missionerlik edə bilməz. Azərbaycan missionerlik meydanı deyil. Ölkəmizdə bu cür qanunsuz hallara, qeyri-qanuni fəaliyyətə qarşı qanunlar çərçivəsində görülən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.
İkincisi, zərərli dini təbliğatın qarşısının alınması istiqamətində dini ədəbiyyat və məmulatların satışı ilə bağlı tədbirlər görülür. Dini ədəbiyyatın, xüsusilə, milli mentalitetimizə, xüsusiyyətlərimizə, inkişafımıza uyğun olmayaraq müəyyən qeyri-ənənəvi dini qrupların kitablarının burada yayılmasının qarşısını almaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müəyyən səlahiyyətlər verilib. Bununla bağlı Komitədə xüsusi ekspertiza qrupu fəaliyyət göstərir və ölkəyə daxil olan, eləcə də ölkədə çap olunan dini kitablar ekspertizadan keçirilir, yoxlanılır. Dini kitabların satışı üçün bizim razılığımız alınmalıdır. Burada sərt mərkəzləşmə getməlidir. Həm ölkəyə daxil olan və ölkədə nəşr olunan kitabların, həm də dini xarakterli məmulatların satışı ilə bağlı lisenziyalaşdırma aparılmalıdır, mütləq müəyyən lisenziyalaşdırma sistemi tətbiq olunmalıdır.
Üçüncüsü, qeyri-ənənəvi dini qruplar öz gəlirlərini - əldə etdikləri maliyyə vəsaitlərini İslami dəyərlərə və ictimai təhlükəsizliyə qarşı istifadə edirlərsə, bu zaman onlara qarşı sanksiya xarakterli iqtisadi tədbirlərin görülməsi vacibdir.
Dördüncüsü, məscidlərin idarəçiliyi müəyyən vahid qurum çərçivəsində həyata keçirilməlidir. Qafqaz Müsəlmanları İdarəsi və onun sədri şeyxülislam Allahşükür Paşazadə bütün Qafqazın şeyxi olaraq bu sahəyə uzun müddətdir ki, çox səmərəli şəkildə rəhbərlik edir. Qeyd edim ki, ölkəmizdə qeyri-ənənəvi islami qrupların, cərəyanların yayılmasına qarşı dayanan qurumlardan biri də məhz Qafqaz Müsəlmanları İdarəsidir. Bu idarə öz fəaliyyətində bu istiqamətdə müəyyən addımlar ataraq ölkədə radikalizmin yayılmasının və qeyri-ənənəvi din və cərəyanların missionerliyinin qarşısını alıb. Lakin Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri - din xadimləri, yerlərdəki axundlar, imamlar, qazilər bunu yalnız dini maarifləndirmə yolu ilə həyata keçirə bilirlər. Onların qeyri-ənənəvi cərəyanları qadağan etməyə və ya fəaliyyətlərini məhdudlaşdırmağa hansısa əlavə səlahiyyətləri yoxdur. Onlar məscidlərdə xütbələr, müəyyən kurslar vasitəsilə İslamın əsl mahiyyətini insanlara çatdırmağa çalışır və bunun üçün işlər görməkdə davam edirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə bu istiqamətdə sıx əməkdaşlıq edir və müəyyən birgə proqramlar tərtib edir, bu proqramlar üzrə yerlərdə vaxtaşırı konfranslar, icmalarla görüşlər keçirilir. Bu iş bundan sonra da davam edəcək.
Lakin burada əsas olan digər məqam bu gün Azərbaycanda olan məscidlərin kimin mülkiyyətində - balansında olması məsələsidir. Azərbaycan müstəqillik əldə edən zaman ölkədə cəmi 17 məscid var idi. Hazırda Azərbaycanda 2050-dən çox məscid var. Bu məscidlərin kimin, hansı qurumun balansında olması mühüm məsələdir. Hazırkı qaydalara əsasən, məscidlərin bir qismi Qafqaz Müsəlmanları İdarəsinin, böyük hissəsi yerlərdə bələdiyyələrin və dini icmaların, bir sıra məscidlər isə tarixi abidə olduğu üçün Mədəniyyət və Turizm Nazirliyinin öhdəliyindədir. Hesab edirəm ki, məscidlərin kimin balansında olması məsələsində mərkəzləşməyə - sistemləşdirmə tədbirlərinə ehtiyac var. Məscidlərin idarəçiliyi müəyən vahid qurum çərçivəsində həyata keçirilməlidir. Çünki məscidlərin təmiri, restavrasiya və digər məsələlər mövcuddur. Ona görə də bu sahədə müəyyən dəyişiklik lazımdır.
Qeyd edim ki, hazırda bununla bağlı müzakirələr aparılır. Bu müzakirələrdə bizim də təkliflərimiz var. Hesab edirik ki, bu sahədə müəyyən iş getməlidir, məscidlərin idarəçiliyi sistemli şəkildə mərkəzləşməlidir. Məscidlərin dini idarəçiliyi, təbii ki, Qafqaz Müsəlmanları İdarəsinin tabeliyindədir və buna heç kimin müdaxilə etmək niyyəti və iddiası yoxdur. Bu, sırf dini məsələdir. Amma məscidlərin idarəçiliyində icmaların birbaşa iştirakı məsələləri var. Bütövlükdə, məscidin mülkiyyət olaraq sahibliyi məsələsi öz həllini ciddi şəkildə tapmalıdır. 
Bütün bu tədbirlərlə yanaşı, ehtiyac duyulduqca müvafiq qurumlar, o cümlədən Milli Məclisdə qanunvericiliyə - qanunlara müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər də verilir. 
- Mübariz müəllim, hazırda ölkəmizdə dini maarifləndirmə ilə bağlı sistemli işlər görülür, o cümlədən, rəhbərlik etdiyiniz Komitə bu istiqamətdə davamlı tədbirlər həyata keçirir. Dini maarifləndirmənin əhəmiyyəti və bu prosesin hazırkı nəticələrini necə qiymətləndirirsiniz? 
- Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dini maarifləndirmə sahəsində əhəmiyyətli işlər görülüb. Ümumiyyətlə, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesi sürətlənib. Milli-mənəvi dəyərlərin qorunması, eləcə də, dini maarifləndirmə işinin aparılması hər zaman prioritet istiqamətlərdən olub. Bu istiqamətdə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ardıcıl, sistemli işlərin görülməsini xüsusilə qeyd etmək istəyirəm. Hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində davamlı tədbirlər görülür.
Bunların nəticəsidir ki, ölkəmizdə əhalinin dini bilikləri çox sürətlə artıb və artmaqdadır. Biz ayrı-ayrı bölgələrdə konfranslar, alim və mütəxəssislərin cəlb olunması yolu ilə dini maarifləndirmə işini davam etdiririk və proses davamlı xarakter daşıyır. Bundan başqa, maarifləndirmə tədbirlərinin media vasitəsilə davam etdirilməsi də nəzərdə tutulub. Bəlli olduğu kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Cəmiyyət və Din” qəzeti nəşr olunur, İctimai Televiziyada Komitənin himayəsi ilə verilişlər yayımlanır, gələn ildən etibarən isə Komitəyə məxsus jurnalın da nəşri nəzərdə tutulub. Amma bütün bunlar yetərli deyil. Yetərli olması üçün bütün cəmiyyət bu məsələlərə xüsusi diqqət yetirməli, xüsusilə dinlə bağlı müvafiq bilikləri olanlar səmərəli müzakirələrə qatılmalı, müvafiq tövsiyələrini çatdırmalıdırlar. Eyni zamanda, TV kanalları bu məsələlərə xüsusi həssaslıq göstərməlidir. 
- Yeri gəlmişkən, dəfn mərasimlərində israfçılığın aradan qaldırılması istiqamətində görülən maarifləndirmə tədbirlərinin nəticələri barədə qənaətinizi bilmək istərdik...
- Bu məsələ ilə əlaqədar müvafiq tövsiyələr verilib və bəhs olunan istiqamətdə maarifləndirmə işi davamlı xarakter daşıyır. Artıq maarifləndirmə tədbirləri və tövsiyələr öz nəticələrini verməkdədir. Bildiyimiz kimi, bütün səmavi dinlər, o cümlədən, İslam dini israfçılığa qarşı çıxır. Ona görə də yas mərasimlərində israfçılığın aradan qaldırılması məsələsi cəmiyyət üçün xüsusi aktuallıq kəsb edir.
Bir məqama xüsusilə toxunmaq istəyirəm: bu gün Azərbaycan sürətlə inkişaf edir. Sosial-iqtisadi sahədə əldə edilən inkişaf milli adət-ənənələrlə müqayisədə xeyli irəlidədir. Milli-mənəvi sahədəki inkişafla sosial-iqtisadi tərəqqi paralel olmalıdır. Milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz tədricən dəyişikliyə məruz qalıb və bundan sonra da qalacaqdır. Adət-ənənələr zamanın çağırışlarına uyğun olaraq dəyişir və dəyişməlidir. Təbii ki, cəmiyyətimizdə mövcud adət-ənənələr daha çox dinimizlə əlaqədardır. Bütövlükdə, dinimizlə milli adət-ənənələrimizin harmoniyasından yaranmış bəzi qaydaların sürətli inkişafımızın fonunda zamanın tələblərinə müvafiq olaraq dəyişilməsinə ehtiyac var. Bu ehtiyac və tələb cəmiyyət daxilindən, xalqın özündən gəlməlidir.
Azərbaycanın iqtisadi inkişafı çox sürətlə gedir. Sosial-iqtisadi inkişaf üstqurumda baş verir. Bu, bazisdə də öz yerini tapmalıdır. Ona görə dəyişməlidir ki, üstqurumdakı dəyişiklik bazisə, bazisdəki dəyişiklik isə üstquruma təsir göstərir. Ölkə dəyişir, gözəlləşir, yollar salınır, infrastruktur yaradılır və s. Belə şəraitdə insanın həyat şəraiti, həyat tərzi də dəyişir. Bu dəyişikliklər olduqca insanların ətrafdakı hadisələrə və adət-ənənələrdəki çatışmazlıqlara münasibəti də dəyişir. Artıq insanlar bəzi adət-ənənələrdəki qaydalarla yaşamaq istəmir və onun yenilənməsini istəyirlər. Bu, sosial tələbə çevrilir. Qısacası, bu gün Azərbaycanda milli adət-ənənələrimizin bəzi qaydalarının dəyişilməsi artıq sosial tələb kimi çıxış edir.
Hər bir bölgənin öz adət-ənənələri var. Onların dəyişikliyə məruz qalması üçün, qeyd etdiyim kimi, müəyyən zaman lazımdır. Milli adət-ənənələri qanunla tənzimləmək olmaz, bu dəyişikliklər, qeyd etdiyim kimi, yalnız zamanla və maarifləndirmə tədbirləri sayəsində mümkündür. 
Nurlan QƏLƏNDƏRLİ