Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xətai rayonu 257 saylı tam orta məktəbdə “Multikulturalizm Azərbaycanda həyat tərzidir” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov, şöbənin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu bildirərək mövzu ətrafında dinləyicilərə öz fikirlərini çatdırıb. Bildirilib ki, xalqımızın tarixi köklərində multikultural dəyərlər və tolerant ənənələr daima mövcud olub və indi də qorunmaqdadır.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev multikulturalizmin alternativinin olmadığını və ölkəmizin bu anlayışın praktiki baxımdan tətbiq edildiyi ən gözəl nümunə olduğunu bildirib. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinə çevrilmiş multikulturalizmin bütün xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə sülh və əmin-amalıq şəraitində birgəyaşayışını təmin edən əsas amil olduğunu deyən Ceyhun Əliyev dünyada gedən proseslər fonunda Azərbaycanın bu sahədəki uğurlarının təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Sonda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.