BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu mədəniyyət sahəsinin müxtəlif aspektlərini dərindən dərk etmək üçün çox böyük kompas rolunu oynamışdır. Forumda 140-dan çox ölkənin təmsilçisi iştirak etmişdir.
Azərbaycan xalqının multikultural ənənələri və bu ənənələrə verdiyi dəyər dünyaya bəllidir. Hazırda dünyada tüğyan edən ekstremizm, radikalizm, ksenofobiya, islamafobiya adları altında geniş yayılmış radikal-ekstremist meyillərin mövcudluğu dövründə Azərbaycanda multikulturalizm siyasətinin dövlət səviyyəsində aparılması özlüyündə böyük bir dəyərdir. Bildiyimiz kimi, 2016-cı il Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunmuşdur. Ölkəmizdə mövcud millətlərin, etnik qrupların, dinlərin və konfessiya nümayəndələrinin tarix boyu qarşılıqlı hörmət və birgəyaşayış şəraitində yaşaması bu xalqın qüdrətinin, bütövlüyünün nümunəsidir. Eyni zamanda, bu birgəyaşayış modelinin dövlətin vahid siyasətinin tərkib hissəsi kimi formalaşdırılması, bunun dünyaya nümunə olması təcrübədə görünməmiş hadisədir. İnsanlığın öldüyü bir zamanda, ölkəmizdə bu xətt çox uğurla inkişaf etdirilir və gözlənilən nəticəni artıq əldə edirik. Məzhəblərarası, təriqətlərarası münasibətlərin şiddətləndiyi bir dövrdə bir çox məscidlərdə hər həftə vəhdət namazları təşkil olunur. Dinlərarası qarşıdurmaların baş verdiyi bir dövrdə müxtəlif dini inanc sahiblərinin bir-birinin əziz bayramlarını təbrik etməsi və hər bir dinə məxsus xüsusi günləri birgə qeyd etməsi Azərbaycan dövlətinin ən uğurlu addımlarındandır.
Azərbaycan həm Avropa, həm İslam dünyasının üzvü olmaqla bütün mədəniyyətlərin kəsişdiyi bir dövlətdir. İlk dəfə dünyada millətlərin, xalqların və dinlərin birlikdə yaşamasının tərənnüm edilməsi dövlət siyasəti səviyyəsində həyata keçirilir. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Multikulturalizmin alternativi yoxdur, əgər biz dünyəvi və demokratik bir cəmiyyətdə yaşamaq istəyiriksə, multikulturalizmi qorumalıyıq.
Biz multukulturalizmi dövlət siyasəti səviyyəsində aparırıq. Ermənistan dövləti hal-hazırda Azərbaycan Respublikasının 20 faiz ərazisini işğal etsə də, erməni xalqına məxsus kilsə bərpa edilərək şəhərin mərkəzində saxlanılmışdır. Bizim düşmənimiz erməni xalqı deyil, Ermənistan hakimiyyətinin təcavüzkar siyasətidir”.
Bu məsələlər o zaman yaranır ki, Qərb dövlət başçıları çıxıb açıq şəkildə multikulturalizm iflas etmişdir deyə fikirlərini ifadə edirlər. Əslində bu etiraf özü-özlüyündə çox böyük təhlükədir. Bu gün Avropada islamofobiyanın mövcud olduğu heç kəsə sirr deyil. Bu, yalnız aşağılarda yox, ümumiyyətlə, bütün səviyyələrdə hiss olunur. Bu, İslam dininə neqativ və aqressiv münasibətin sərgilənməsidir. Bu anlayış özündə İslamdan bu dərəcədə qorxunu aşılayır. Avropada hazırda bəzi partiyalar var ki, onlar islamofobiyanı yayırlar. Bu baxımdan Avropada çox ziddiyyətli və antaqonistik bir gələcək görünür.
Forumdakı panel iclaslardan biri hazırda yaranmış miqrant problemləri ilə bağlı idi. Açıq şəkildə avropalı ekspertlər etiraf edir ki, biz öz ölkəmizə gələn miqrantlara qlobal sənayenin işçisi olaraq baxırıq. Həmçinin, onların Avropa ölkələri tərəfindən qəbul edilməməsi və bir növ öz dünyalarına buraxmaması artıq bu ölkələrin insanlara və ümumilikdə insanlığa rəftarını özündə göstərir.
Forumun iştirakçılarından olan Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğan çıxışında Avropaya gedən miqrantların orada nə qədər çətinliklər yaşadığına diqqət çəkdi. Bu insanlar onsuz da öz ölkələrindən, evlərindən kənara düşür və Avropaya gələnə qədər kifayət qədər problemlərlə üzləşirlər. Lakin Qərb dövlətlərinin onların üzlərinə qapını bağlaması daha böyük problemdir.
Ölkəmizdə isə hər bir millətin, dinin nümayəndəsi öz identikliyini qoruyub saxlamaqda və yaşamaqda nəinki sərbəstdir, hətta dövlət tərəfindən böyük dəstək görür. Onlar öz identikliyini qorumaqla nəinki cəmiyyətdən uzaqlaşır, əksinə Azərbaycanın multikultural mühitinə inteqrasiya edib, onun əhəmiyyətli bir parçasına çevrilirlər.
Bir çox ölkələrdə müxtəlif xalqların nümayəndələrinin birgə yaşadığı hamımıza bəllidir. Hətta əksər ölkələrin ali qanunvericilik aktlarında göstərilir ki, irqindən, millətindən, dilindən, dinindən asılı olmayaraq hər kəsin bərabərlik hüququ var. Həmçinin məhkəmə icraatının aparıldığı dili bilməyən şəxs tərcüməçi ilə təmin olunur. Lakin ölkəmizin qanunvericiliyi göstərir ki, məhkəmələr həmin ərazinin əhalisinin çoxluğunun təşkil etdiyi bir dildə aparılmalıdır. Hüquqda belə bir məşhur deyim var: “Mənim hüquqlarım sənin hüquqlarının başladığı yerdə bitir”. Azərbaycan da daxil olmaqla bir çox ölkələrin qanunvericiliyində bu sanksiyalaşdırılıb və pozulması məsuliyyət yaradır. Lakin bizdə multukulturalizm siyasəti o qədər geniş şəkildə təbliğ olunur ki, nəinki başqa dinin, millətin və konfessiyanın nümayəndəsi fərqləndirilir, hətta onun istədiyi hüdudlarda yaşaması təmin olunur. Budur başqa xalqa hörmət, budur digər insanlara qiymət.
Bəhruz MÜSLÜMOV