Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir.
Mayın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının həyata keçirdiyi “Multikulturalizm: dini ayrı-seçkilik və ekstremizmə alternativ kimi” layihəsi çərçivəsində Çiyni kəndində “Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Ucar rayonu Çiyni kənd tam orta məktəbində təşkil olunmuş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları, Çiyni kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, tam orta məktəbin direktoru, müəllim və tələbə kollektivi, dini icmanın sədri Zaur Eyvazov və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Ucar rayonu Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri Zaur Eyvazov layihə çərçivəsində həyata keçirilmiş və keçiriləcək maarifləndirmə tədbirləri barədə tədbir iştirakçılarına məlumat verərək, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği işini daha da gücləndirmək məqsədilə maliyyə yardımının ayrılması barədə Sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev tədbirdə çıxış edərək radikalizmin müəyyən bir hədəfə çatmaq üçün başqalarının hüquqlarına hörmət göstərməyən, başqalarının hüquqlarını pozmaq bahasına məqsədə çatma fəaliyyəti olduğunu diqqətə çatdırıb. Dini radikalizmin də bu mənada, özündən olmayan dini qruplara qarşı barışmaz mövqe mənimsəyən, başqalarına qarşı fiziki və ya mənəvi güc tətbiq edən və ya radikalizmin ən şiddətli növünü təşkil edən terrorist qrupların fəaliyyətlərinə şamil edildiyini vurğulayıb.
Tədbirdə çıxış edən orta məktəbin direktoru Əlikram İsayev, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov da dini ekstremizmə qarşı mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində düzgün dini maarifləndirmənin, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən söz açıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.