Azərbaycanın tolerant mühiti və multikultural dəyərləri ölkənin şimal-qərb bölgəsinin rayonlarında özünün daha bariz ifadəsini tapır. Bu bölgə Azərbaycanın tolerantlıq mühitinin qorunub saxlandığı ən nümunəvi məkanlarından biri hesab olunur.
Bu fikirlər “Multikulturalizm ili” çərçivəsində noyabrın 11-də Qax şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “dəyirmi masa”da səsləndirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonda yaşayan müxtəlif xalqların nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbiri açan rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırladıb, ölkəmizdə uğurla həyata keçirilən multikulturalizm siyasətindən danışıb. Bildirilib ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, sivilizasiyaların təmas və ünsiyyət mərkəzi olub. Tarix boyu bu qədim torpaqda müxtəlif dinlərin, mədəniyyətlərin, etnik qrupların nümayəndələri sülh, qardaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayıblar. Minilliklərlə formalaşan bu ab-hava Azərbaycan cəmiyyətində indi də qorunub saxlanılır. Azərbaycan bu gün çoxmillətli, çoxkonfessiyalı ölkədir və tolerantlıq və dözümlülük ideyaları cəmiyyətdə çox güclüdür.
Sonra tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimi, tarix üzrə fəlsəfə doktoru Qüdrət Qırtımovun “Şimal-qərb bölgəsi Azərbaycan tolerantlığının bariz nümunəsi kimi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, multikultural və tolerant dəyərlərin, ənənələrin qorunub saxlandığı şimal-qərb bölgəsində hələ qədimdən müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehriban şəraitdə yaşayır, birgə fəaliyyət göstərirlər. Bu rayonlarda yaşayan xalqların artıq ümumi mədəniyyəti, mətbəxi, adət-ənənələri formalaşıb. Bu bölgənin tolerant bir bölgə olduğu qədim tarixi abidələrdə də öz əksini tapıb.
Müzakirələrlə davam edən tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.