Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Multikulturalizm
22.11.2016 / Multikulturalizm

Qubada “Multikulturalizm ili” ilə əlaqədar tədbirlər davam edir

Noyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonunun Küpçal kəndində “Multikulturalizm: Azərbaycanda təbii yaşayış tərzi” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov və Küpçal kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərin sakinləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Quba Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov bildirib ki, Quba Rayon İcra Hakimiyyəti “Multikulturalizm ili” ilə əlaqədar olaraq hazırlanmış tədbirlər planına uyğun şəkildə rayonun bütün kəndlərinin ərazisində tədbirlər, seminarlar, görüşlər və toplantılar həyata keçirir. Eyni zamanda, Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə də yaxın əməkdaşlıq edərək müxtəlif tədbirlər icra ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə geniş məruzə ilə çıxış edərək bildirib ki, ölkə rəhbəri cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq “Multikulturalizm ili” ilə əlaqədar olaraq rayon və kəndlərdə tədbirlər davam etdirilməkdədir. Natiq mövzuya uyğun olaraq qeyd edib ki, Azərbaycan xalqı bütün dövrlərdə öz milli kimliyini qoruyub saxlaya bilib və multikultural dəyərlərinə sahib çıxıb. Bu sahədə Umummilli Lider Heydər Əliyevin göstərdiyi xidmətlərin əvəzsiz olduğunu bildirən E. Nurullayev xatırladıb ki, senzuranın ən dəhşətli vaxtında belə Heydər Əliyev Azərbaycana və azərbaycançılığa sədaqət nümayiş etdirib.