Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Multikulturalizm
12.05.2016 / Multikulturalizm

Qobustan və Ələt qəsəbəsində “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbirlər keçirilib

Mayın 12-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobustan qəsəbəsində yerləşən 321 saylı və Ələt qəsəbəsində yerləşən 127 saylı tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbirlər keçirilib.
Tədbirlərdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşı Amal Məlikov, Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov, şöbənin əməkdaşı Abbas Hüseynov, məktəblərin direktorları, qəsəbə ziyalıları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirləri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Yusif Nəsibov 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirərək, ölkəmizdə olan tolerant dəyərlərdən və multikultural ənənələrdən söhbət açıb.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu və dünyada bu anlayışın alternativi olmadığını dinləyicilərin diqqətinə çatdırıb. Bildirilib ki, əsası Ulu Öndər  Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə  uğurla davam etdirilən multikulturalizm siyasəti cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Ölkəmizdə bütün xalqların və dinlərin nümayəndələrinin bərabərhüquqlu şəkildə, bir ailə kimi yaşaması bütün dünya üçün unikal bir nümunə olaraq qiymətləndirilməkdədir.
Tədbirlərdə geniş fikir mübadiləsi aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.