Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Multikulturalizm
08.02.2016 / Multikulturalizm

Kamal Abdullayev: "Qos-qoca Avropanın edə bilmədiyini Azərbaycan etdi"

Dövlət müşaviri Kamal Abdullayev multikulturalizm məsələsində nikbin qütbdə dayandığımızı deyir.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla ANS TV-nin Hesabat verilişində Mir Şahinin qonağı olub.
Söhbət zamanı Azərbaycanın Avropanın bir sıra ölkələrində artıq rədd edilməyə başlayan multikultural dünyagörüşü ilə bağlı danışılıb. İlk növbədə aydınlaşdırılıb ki, niyə Avropanın qos-qocaman dövlətlərinin edə bilmədiyini müstəqillik tarixi cəmi 25 il olan Azərbaycan asanlıqla həyata keçirə bildi.

- Kamal müəllim, biz sizinlə milli multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri statusunda ilk dəfədir ki, görüşürük. Azərbaycan Prezidentinin iradəsi ilə Azərbaycanda belə bir xidmət yaradıldı və yəqin ki, bu xidmətin yaranmasını zəruri edən səbəblər var idi.
- Azərbaycan Prezidentinin siyasətinin əsas istiqamətlərindən biri də ölkəmizdə xalqımıza əsrlər boyu mənsub olan multikultural və tolerant dəyərlərin bütün dünyaya təqdim edilməsi, eyni zamanda dünyanın da bu istiqamətdəki təcrübəsinin də Azərbaycana gətirilməsi məqsədi daşıyır. Bu siyasətin bir komponenti, bir yönü də bununla bağlıdır. Mən güman edirəm ki, sonradan yaranan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bilik Fondu və müxtəlif təsisatlar, qurumlar bu sahədə cənab Prezidentin qarşıya qoyduğu hədəflərə doğru inamla gedirlər. Çünki bu hədəflər çox aydın şəkildədir. Bu gün Azərbaycanın dünyada artan dostlarının sayı bunu bizə deyir ki, hədəflər aydın şəkildə göstərilib. Bu gün biz əgər Azərbaycan multikulturalizmini bir fənn kimi dünyanın 13 universitetində təlim ediriksə və bu təlimə həmin universitetlər özləri daha çox maraqlıdırsa demək hədəflər doğru qoyulub.
Əgər bu gün Azərbaycanın 30-a yaxın universitetində həmin multikulturalizm fənnini təlim ediriksə, bu göstərir ki, hədəf doğru qoyulub. Həmin tədris sisteminin düzgün qurulmasının bir nəticəsini də onda görmək olar ki, təqribən 2- 3 ay bundan əvvəl Azərbaycan Multikulturalizm Mərkəzinin dəvəti ilə Los Anceles şəhərindəki Sinay sinaqoqundan 50 yəhudi gəlmişdi. Onlar Qubada oldular, dağ yəhudilərinin yaşam və həyat tərzi, gördükləri işlərlə tanış oldular. Azərbaycan haqqında son dərəcə yüksək təəssüratla ölkələrinə geri döndülər. Onların baş ravvini Devid Volpe Azərbaycan haqqında ürək dolusu bir yazı yazdı və "Time" jurnalında çap etdirdi. Yazının adı artıq hər şeyi deyirdi. Azərbaycan Şərqdə multikulturalizm və tolerantlığın oazisidir.
Təsəvvür etmək heç də çətin olmaz ki, bundan sonra ona "Facebook"da ermənipərəstlər və ermənilər tərəfindən necə hücumlar oldu. Bilirsinizmi, o hücumların cavablarını birinci kimlər verməyə başladı? Və Volpenin tərəfində kimlər durdu? Həmin o tələbələr ki, onlar Azərbaycan multikulturalizmini fənn kimi keçmişdilər. Və o tələbələr ki, Azərbaycanda öz gözləri ilə yay məktəbində gəlib, multikulturalizm məktəbində iştirak edib. Yəni fənn olaraq keçdiklərini əyani şəkildə Azərbaycanda da görmüşdülər.
Budur Azərbaycanın dostlarının sayının artırılması və azərbaycanlının öz sözünün deyənə qədər onun dostunun onun əvəzinə bu sözü deməsi. Sistem bu şəkildə qapanır və cənab Prezident bu ili Multikulturalizm ili elan etdi. Bütün bunların işığında həmin xarici ölkələrdəki universitetlərin də sayı artacaq və elə güman edirəm ki, biz də Azərbaycan multikulturalizmi haqqında sözümüzü daha geniş auditoriyada demək imkanı ələ edəcəyik.
Bu gün bütün dünyada multikulturalizm istiqamətində iki qütb formalaşmaqdadır. Bu qütbün biri nikbin, digər qütb isə bədbin qütb adlandırıla bilər. Bədbin qütbün lideri belə deyək ki, İngiltərənin baş naziri Devid Kamerondur. O elan etdi ki, Britaniyada multikulturalizm iflasa uğrayıb.
Bunun da yəqin ki, obyektiv və subyektiv tərəfləri var. Bu gün nikbin qütbün təmsilçisi İlham Əliyevdir. Prezident İlham Əliyev deyir ki, multikutralizmin alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq. Bu o deməkdir ki, Azərbaycanda mərhəmət hissi, şəfqət hissi, başqasının halına acımaq hissi, özünə gördüyün münasibəti başqasına da göstərmək hissi daima üstünlük təşkil edəcək və bu istiqamətdə dünyaya çox örnəklər verə bilərik.

- Kamal müəllim, indi Avropanı başa düşmək olar. Avropa 2011-ci ildən bu yana yaşanmış proseslərin içərisində xeyli problemlərlə üzləşdi. O cümlədən, miqrantların kütləvi axını ilə. Belə qənaətin formalaşması müəyyən mənada bundan qaynaqlanır ki, Avropa miqrant axını qarşısında multikulturalizm idealarının iflasa uğradığını bəyan etdi. Azərbaycan isə faktiki olaraq, bütün dünyaya bunun əksini sübut etməklə məşğuldur və təcrübədən də görünür ki, bunu müvəfəqqiyətlə edir. Risk nə qədərdir?
- Siz çox maraqlı məsələyə toxundunuz. Mən öz aləmimdə bu məsələ ilə yaxından tanış olmağa və tədqiq etməyə çalışmışam. Burda biz iki məqamı bir- birindən ayırmağa çalışmalıyıq. Avropada baş verən situasiyanı Azərbaycanda bu gün hökm sürən situasiyadan fərqləndirən iki məqam var. Bu miqrantların gəlişi ilə bağlı məqamdır. Avropada baş verən prosesi “sonrakı müxtəlifliklərin toqquşması” adlandıra bilərik. Azərbaycanda isə sonrakı yox, ilkin müxtəliflik olub. Yəni bu miqrantlar artıq Avropaya gələndə, onlar artıq püxtələşmiş, formalaşmış mədəniyyətləri ilə gəlirdilər.
Bu iki mədəniyyət bir-biri ilə toqquşanda məlumdur ki, heç biri o birisinin qarşısından geri çəkilmək istəmir. Amma Azərbaycanda əyyami-qədimdən multikultural mühitin olması həm də onunla şərtlənir ki, burda müxtəlif xalqlar bir-birinin yanında öz mədəniyyətləri ilə ilkin olaraq yaşayıblar. Bunların arasında öz və özgə qarşıdurması olmayıb. Olubsa da, özünün ən yumşaq formasında təzahür edib. Bu ilkin müxtəlifliklə sonrakı müxtəlifliyin həmin ölkələrə nələr gətirdiyini biz özümüz üçün müəyyənləşdirməsək, Avropada pessimist nəticənin, Azərbaycanda optimist nəticənin sirlərinə vaqif ola bilmərik.

- Məsələ burasındadır ki, bu ideologiya həm ilk baxışdan çox sadə, cazibədardır, həm də alt qatında mürəkkəbliyi var. Nədən gedir söhbət? Azərbaycan çoxlu millətlərin yaşadığı ölkədir. Burada çoxlu millətlərin mədəniyyətləri var. Eyni zamanda, bu millətlər milli mədəniyyətə tövhələrini verir. Öz ekskluzivliklərini qorumaq şərti ilə. Siz bu xidmətin başında dayanan bir adam kimi bu çox incə xəttə necə nail olursunuz? Mənim üçün çox mürəkkəbdir, doğurdan deyirəm, eyni zamanda həm onu qorumaq, həm də xətti qorumaq.
- Yenə də məsələnin kökünə vardınız, həmişə olduğu kimi. Bütün bunları cənab Prezident öz hədəflərini müəyyənləşdirəndə çox dəqiq şəkildə göstərdiyindəndir ki, biz həmin o incə və həssas xətlərlə bir-birinə yaxınlaşan, toqquşa bilən, amma toqquşmayan məqamları bir-birindən ayırmağa çalışırıq və buna müvəffəq oluruq. 3 istiqamət saydınız siz mənim təmsil etdiyim xidmətin adını çəkərkən - milli münasibətlər, dini münasibətlər və multikultural münasibətlər.
Mən Azərbaycanın bir çox kəndlərində, rayonlarında oldum. Demək olar ki, hamısında məscidlərdə din xadimləri ilə, ziyalılarımızla görüşdüm və hər dəfə mən bir daha əmin oldum ki, dini münasibətlərdən danışanda biz istər-istəməz milli münasibətlərdən danışmış oluruq, milli münasibətlərdən danışanda öz-özündən multikultural dəyərlər haqqında danışmaq ortaya çıxır. Bunların üçü də bir-biri ilə son dərəcə sıx bağlıdır. Ona görə də həmin ilkin müxtəlifliyin qorunması naminə bu torpaqda kim kimdən əvvəl olub müddəasını və iddiasını bir tərəfə qoyaraq, bir-birimizin yanında, əyyami-qədimdən bir yerdə olmağımızdan çıxış edərək, ancaq bu şəkildə bir-birimizi başa düşə və bir-birimizi anlaya bilərik.
Azərbaycanda yaşayan heç bir milli icma o birindən qədim deyil və heç bir milli icma Azərbaycandan kənarda heç kim üçün maraqlı deyil, ancaq Azərbaycan çərçivəsində həmin milli icmalar kimlər üçünsə maraqlı ola bilər. Biz onu gündəlik görürük və bu həm də onunla tənzimlənir ki, ölkənin ən yüksək dərəcədə siyasi xəttində cənab Prezident tərəfindən bütün milli icmalara və bütün dini icmalara eyni , bərabər siyasi münasibət göstərilir.
Bu çox vacib faktordur. Bu ölkənin multikultural təhlükəsizliyinin qorunmasına gətirib çıxarır. Multikultural təhlükəsizliyimizi şərtləndirən ən əsas amil isə cənab prezidentin bütün milli və dini icmalara eyni, bərabər siyasi münasibət sərgiləməsidir.
Çox zaman xaricdən gələn qonaqlarımızı belə bir sual maraqlandırır: Necə olur sizdə İslam dininin rəhbəri Şeyxülislamınızla rus pravoslav kilsəsinin rəhbəri, yaxud yəhudi sinaqoqunun rəhbəri bir yerdə oturub çörək yeyə bilir, bir yerdə normal münasibət bəsləyə bilir? Bu sual bizə qəribə görünə bilər. Hətta cənab Prezident də bir dəfə dedi ki, “məndən xaricdə tez-tez soruşurlar: necə sizdə müxtəlif konfessiyaların nümayəndələrinin rəhbərləri bir-biri ilə belə yola gedirlər”. Bu sualın cavabı həm çətindir, həm də çox asandır. Necə olur ki, insan udduğu havanı heç hiss eləmir, biz heç düşünmüşük ki, yanımızdan keçən xristiana bir az da olsa yuxarıdan aşağı, yaxud da bir az acı baxışlarla baxaq? Bu heç bir azərbaycanlının ağlına gəlmir. Multikultural təhlükəsizliyin ilkin şərti elə budur.

- Söhbətimizin gedişində əldə etdiyim bir qənaəti tutuşdurmaq istəyirəm. Belə başa düşürəm ki, Avropada multikulturalizm ideyalarının bir sıra böyük dövlətlərdə iflasa uğramasının səbəbi onların zorla digər xalqları öz dövlətlərinin ərazisində mədəniyyətləri, dinləri, məzhəbləri qarışıq əritmək cəhdləridir. Azərbaycan dövləti isə əksinə multikulturalizm ənənələrini təbliğ, tətbiq edir bir şərtlə ki, heç nə heç nəyin içində əriməsin və dövlət özününkünü götürsün.
- Bəli, Azərbaycanın gücü, Ulu Öndər dediyi kimi, bütün onda yaşayan ona adi olan xalqların gücünün birliyindən yaranır. Həm mədəniyyətlərinin həm də mənəviyyatlarının gücündən. Azərbaycandan kənarda heç kim heç kim üçün maraqlı deyil.