Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Multikulturalizm
09.02.2016 / Multikulturalizm

Beynəlxalq Multikulturalizm qış məktəbi fəaliyyətə başladı

“Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı qış məktəbi   fevralın 15-dək davam edəcək

Fevralın 8-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin “Multikulturalizmin dünyada alternativi yoxdur. Azərbaycanda multikulturalizm yaşayır və yaşayacaq” sitatını özünə deviz seçən qış məktəbi ötən ilin yayında keçirilən Beynəlxalq Multikulturalizm yay məktəbinin müsbət nəticələrinə və nailiyyətlərinə əsaslanaraq təşkil edilib. Qış məktəbinin təşkilində əsas məqsəd Azərbaycana marağı sevgiyə çevirmək və bu sevgini ömür boyu ürəklərdə yaşatmaqdır. Xarici ölkə universitetlərindəki tələbələrin, mütəxəssislərin “Azərbaycan multikulturalizmi” fənni ilə tanış olduqdan sonra Azərbaycana gəlmələri, fənn vasitəsilə öyrəndiklərini əyani şəkildə öz gözləri ilə görmələri, həmyaşıdları ilə ünsiyyət qurmaları, bu ünsiyyəti sonralar davam etdirmələri çox vacibdir.
2015-ci ilin yaz və payız semestrlərində “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu xarici və yerli universitetlərdə təhsil alan tələbələrin, nüfuzlu elm adamlarının qatıldığı Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 15-dək Bakıda, Qubada, Xaçmazda və Qusarda işini davam etdirəcək.
Beynəlxalq Multikulturalizm qış məktəbinə Rusiya, İsveçrə, Ukrayna, Türkiyə, İtaliya, Portuqaliya, Polşa, Çexiya, Gürcüstan, Belarus, Bolqarıstan, Litva, İndoneziya, Yaponiya və Almaniyanın ali təhsil ocaqlarından 43 nəfər, Azərbaycanın yerli universitetlərindən 12 nəfər olmaqla, ümumilikdə 55 nəfər tələbə, eləcə də yerli və xarici mütəxəssislər qatılıb.
Beynəxalq Multikulturalizm qış məktəbinin ilk günü iştirakçılar Şəhidlər Xiyabanını və Fəxri Xiyabanı ziyarət ediblər.
Qış məktəbinin rəsmi açılış mərasimi Bakı Slavyan Universitetində (BSU) gerçəkləşib. Mərasimi universitetin rektoru, professor Asif Hacıyev açaraq qış məktəbi iştirakçılarını salamlayıb. Rektor 2016-cı ilin Azəbaycanda multukulturalizm ili elan edildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb və bildirib ki, multikulturalizm Azərbaycan xalqının çoxəsrlik həyat tərzidir: “Azərbaycanda normal tolerant mühit var, burada müxtəlif xalqların nümayəndələri, fərqli dinlərə mənsub insanlar eyni hüquqa malikdir və əsrlərdir qardaşlıq, dostluq şəraitində yanaşı yaşayırlar”.
BBMM-in Drezden (Almaniya) filialının icraçı direktoru Bircit Vaysgerber bu vəzifəyə yeni təyin edildiyini və ona verilmiş bu məsuliyyətin öhdəsindən uğurla gələ biləcəyinə ümidvar olduğunu söyləyib.
Lusofona Universitetinin (Portuqaliya) beynəlxalq əlaqələr departamentinin direktoru, professor Teresa Damasio Azərbaycanda olmasından məmnunluğunu bildirib və qış məktəbinin uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib.
2015-ci ildə Azərbaycanda təşkil edilən Beynəlxalq Multikulturalizm yay məktəbinin Rusiya, Bolqarıstan və Belarusdan olan iştirakçıları öz xatirə və təəssüratlarını bölüşüblər. Yay məktəbi iştirakçılarının Azərbaycan multikulturalizmi, ölkəmizlə bağlı təqdim etdikləri videoçarx böyük marağa səbəb olub.
Açılış mərasimindən sonra qış məktəbinin tələbələri BSU-nun muzeyi və “Azərbaycan multikulturalizmi” kafedrası ilə tanış olublar. Tələbələrə adıçəkilən muzeyin və kafedranın yaradılması və fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Sonra tələbələr BSU-nun Azərbaycanşünaslıq, Rusiya, Ukrayna, Sankt-Peterburq və Vilhelm fon Humboldt adına Alman tədris-mədəniyyət mərkəzləri, eləcə də Türkiyə Araşdırmalar Mərkəzi, Müasir yunan dili və mədəniyyəti, Bolqar dili və mədəniyyəti, Polyak dili və mədəniyyəti, Viktor Hüqo adına Fransız dili və mədəniyyəti, Belarus dili və mədəniyyəti, Çex dili və mədəniyyəti mərkəzlərində olublar.
Günün ikinci yarısında qış məktəbi iştirakçılarının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) görüşü təşkil edilib. Görüşü BBMM-in İcraçı direktoru, professor Azad Məmmədov açaraq tələbələri salamlayıb.
BBMM-in müşaviri, professor Aytən Qəhrəman təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı təqdimatla çıxış edib. Müşavir bildirib ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyətə başladığı qısa müddət ərzində böyük miqyaslı işlər və çoxsaylı layihələr həyata keçirib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin uğurlu fəaliyyəti nəticəsində hazırda dünyanın 13, Azərbaycanın 28 universitetində “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənləri tədris olunur.
Xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin intellektual infrastrukturunun formalaşdırılması layihəsinin davamı olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə 21 iyul-1 avqust tarixlərində keçirilən “Multikulturalizm Azərbaycanın həyat tərzi kimi: “öyrən, araşdır, paylaş” Beynəlxalq Multikulturalizm yay məktəbi təşkil edilib. Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideyası əsasında həyata keçirilən bu layihənin başlıca məqsədi “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədris olunduğu tələbələrə Azərbaycanı əyani şəkildə göstərmək, onların nəzəri biliklərini real həyatda möhkəmləndirmək və Azərbaycanın əsl dostlarına çevirməkdir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ölkəmizdə fəaliyyət göstərən dini qurumların və konfessiyaların, icmaların rəhbərləri ilə bütünlükdə 21 görüş və müşavirə, 11 dəyirmi masa, 8 seminar, xarici ölkələrdə isə 6 beynəlxalq konfrans, 14 seminar və görüş keçirilib. Prezidentin müvafiq sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi, eləcə də həyata keçirilən bütün bu işlər multikulturalizmin dövlət siyasətində prioritet istiqamət oldugunun, Azərbaycanda müxtəlif konfessiyalar və etnik birliklərin dostluq, qardaşlıq şəraitində yaşadığının, ölkəmizdə normal multikultural əhvalın olduğunun göstəricisidir”.
BBMM-in Analitika şöbəsinin müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə BBMM-in nəşr etdiyi 25 dilə tərcümə olunmuş Fridrix fon Ditsin ön sözü ilə “Basatın Təpəgözü öldürdüyü boy”un təqdimatını edib. Şöbə müdiri bildirib ki, “Kitabi-Dədə Qorqud” dastanının alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Prezidentinin Sərəncamında nəzərdə tutulan fəaliyyət proqramına uyğun olaraq Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən böyük layihə həyata keçirilib: “Fridrix fon Ditsin ön sözü ilə “Basatın Təpəgözü öldürdüyü boy” akademik Kamal Abdullayevin baş redaktorluğu və önsözü ilə 25 dildə-Azərbaycan, alman, avar, çin, erməni, ərəb, fars, fransız, gürcü, hind, xınalıq, ingilis, italyan, kürd, ləzgi, macar, rus, talış, tat, türk, udi, ukrayna, yapon, yəhudi və yunan dilində nəfis tərtibatla çap edilib. Gələcəkdə kitabın ispan, portuqal, indoneziya, holland, polyak, çex, bolqar və başqa dillərdə nəşri nəzərdə tutulub”. N. Qasımzadə “Kitabi-Dədə Qorqud” abidəsində yer alan multikultural elementlər və çoxdinlilik təzahürləri barəsində söz açıb.
Qış məktəbinin tədris hissəsindən sonra tələbələrin Filarmoniya bağı, Bulvar, Bakı Venesiyası, Xalça Muzeyi, Qız Qalası və Kukla teatrına gəzintisi təşkil edilib.