Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Avropa Parlamentində akkreditasiyadan keçib.
Mərkəzdən bildiriblər ki, azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq, təşviq etmək məqsədilə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün öz fəaliyyətini həm ölkə daxilində, həm də dünyanın müxtəlif ölkələrində və beynəlxalq təşkilatlarında icra edir.
BBMM-in 2015-2016-ci illərdə Almaniya, İtaliya, Portuqaliya, İsrail, Rusiya və Moldovada filial və nümayəndəlikləri fəaliyyətə başlayıb. Mərkəz dünyanın 13 məşhur universitetində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə həm xaricdə, həm də ölkə daxilində nail olub. Digər tərəfdən, Azərbaycan multikulturalizm modeli müxtəlif formatlı tədbirlərlə dünya ictimaiyyətinə təqdim edilir.
Avropa Parlamentinin “Şəffaflıq qeydiyyatı”ndan keçən BBMM artıq Avropanın siyasi mərkəzi hesab olunan Avropa Parlamentində multikulturalizm, milli azlıq, miqrasiya və tolerantlıq siyasətlərinin formalaşmasında yaxından iştirak edəcək, həmçinin Avropa Parlamenti daxilində parlamentarilərdən ibarət müxtəlif interqruplarla qarşılıqlı əməkdaşlıq edərək ölkəmizin həyata keçirdiyi multikulturalizm siyasətini ən ali səviyyədə dünya ictimaiyyətinin diqqətinə çatdıracaq.