SOCAR Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində “Azərbaycanda multikulturalizm dəyərləri” mövzusunda seminar keçirilib.
Seminarda TTSİ-nin rəis müavinləri Dünyamalı Pənahov, Natiq Şərbətov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşunaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, eləcə də Qobustan regional təlim mərkəzinin müəllim, tələbə və şagird heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan TTSİ-nin rəis müavini Dünyamalı Pənahov məruzəsində Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Müstəqilliyimizin ilk illərində yaranmış xaosdan ölkəni xilas edən və xalqın istəyi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev respublikamızda dini etiqad azadlığının təminatçısına çevrilib, milli-mənəvi dəyərlərin qoruyucusu olub. Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşıb, adət-ənənələrinə qayğı göstərib. Natiq qeyd edib ki, multikultural dəyərlər baxımından Azərbaycan xalqı ruhən zəngin bir xalq olaraq dünyaya nümunədir.
N.Məmmədov, eyni zamanda dünyada din adından sui-istifadə hallarına da diqqət çəkib. Bəzi qüvvələrin insanların heysiyyatından istifadə edərək şəxsi ambisiyalarını gerçəkləşdirmək üçün törətdiyi vəhşiliklərin İslam adına çıxarılmasının qəbul edilməzliyini vurgulayan məruzəçi dini radikalizm və ekstremizmin fəsadlarından da söz açıb. O, eyni zamanda bəzi radikal kəsimlərin istifadə etdiyi metodlardan da danışıb.
Tədbirin sonunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” filmi nümayiş etdirilib.