Noyabrın 15-də Balakən rayonunun İtitala kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə İtitala kənd dini icması tərəfindən həyata keçirilən “Milli dəyərlərimizin formalaşmasında İslam dininin əhəmiyyəti” layihəsi çərçivəsində “Azərbaycan dünyada multikulturalizm və tolerantlıq modeli kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov, Komitənin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları, Balakən rayon qazısı Hacı İbrahim İbrahimov, İtitala kənd ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, dindarlar və kənd ziyalıları iştirak ediblər.
Layihənin rəhbəri Hacıməhəmməd Əliyev çıxış edərək layihə haqqında məlumat verib. O qeyd edib ki, tarixən xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında İslam dini böyük rola malikdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov qeyd edib ki, Azərbaycan tarixən müxtəlif etnik qrupların və müxtəlif dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadığı dünyanın nadir ölkələrindəndir. O bildirib ki, 16 noyabr dünyada “Tolerantlıq günü” kimi qeyd olunur. Azərbaycan xalqı bütün dünya xalqları içərisində bu günü qeyd etməyə ən çox mənəvi-hüquqi haqqı olan xalqdır. Çünki tolerantlıq, birgəyaşayış və qarşılıqlı hörmət bizim xalqımızı formalaşdıran müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələrinin gündəlik həyat tərzinin ayrılmaz tərkib hissəsidir.
Balakən rayon qazısı Hacı İbrahim İbrahimov tədbirdə çıxışı zamanı bildirib ki, İslam dinində bir millətin digər bir millət üzərində hər hansı bir üstünlüyü qəbuledilməzdir. Eyni zamanda, İslamda digər dinlərin nümayəndələrinə humanizm prinsiplərinə zidd münasibət bəsləmək qadağandır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.