Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Bəhruz Orucovun ingilis dilində “Religious Tourism Destinations in Azerbaijan” (Azərbaycanda dini turizm destinasiyaları) adlı kitabı nəşr olunub.
Kitabda qədim dövrlərdən indiyədək ölkəmizdə mövcud olan, Azərbaycan mənəvi və mədəni irsinin gözəl incilərindən hesab edilən, müxtəlif dini konfessiyalara məxsus məbədlər haqda müfəssəl məlumatlar verilib. Kitabın ilk səhifələrində müsəlman Şərqində ilk parlamentli dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, kitabın istifadə məqsədi və ölkədəki dini mənzərəyə qısa nəzər salınıb. Eramızın I əsrində, eləcə də yeni dövrdə inşa edilmiş, Azərbaycanın 8 bölgəsində yerləşən 51 dini ibadət ocağının ünvanları, onların tarixi, memarlıq xüsusiyyətləri, eləcə də ölkəmizdə yaşayan dini və etnik qrupların adət-ənənələri və milli-dini dəyərləri barədə informasiya, ölkəmiz üçün əlamətdar sayılan hadisələr və məlumatların yer aldığı kitabda müqəddəs məkanların fotoşəkilləri də öz əksini tapıb.
Dini turizm barəsində ilk olan bu nəşr daxili və xarici auditoriyada müvafiq sahə ilə maraqlanan, din və turizm sahəsində çalışan, oxuyan, bələdçilik edən, müstəqil fəaliyyət göstərən şəxslər, habelə ölkəmizin dini turizm potensialını öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabı, həmçinin ölkə daxilində dini tur və ziyarətlər zamanı faydalı məlumat kitabçası kimi də istifadə etmək mümkündür.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun maddi dəstəyi ilə çap olunmuş kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.