Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Kitablar
15.07.2015 / Kitablar

“Dövlət və Din”in yeni sayı nəşrdən çıxıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun altıncı nömrəsi işıq üzü görüb.
Toplu Prezident İlham Əliyevin müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul etməsi, birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüş keçirməsi xəbərləri ilə oxucuların görüşünə gəlir.
Jurnalda yer alan “Mədəni diplomatiya anlayışı və onun Azərbaycan modeli” başlıqlı məqalədə müasir dövrdə siyasətdə mədəniyyət amilinin aktuallaşmağa başlamasından, əksər dövlətlərin öz mənafelərini müdafiə etmək və xarici siyasətlərini uğurla həyata keçirmək üçün beynəlxalq mədəni əlaqələrin qurulmasına böyük önəm verməsindən bəhs olunur. Bildirilir ki, müasir beynəlxalq münasibətlərin yeni təzahür formalarından biri dövlətlərlə yanaşı, ayrı-ayrı regionların, ölkələrin daxili subyektlərinin beynəlxalq aləmə çıxması və əməkdaşlıqda iştirakı hesab oluna bilər.
Topluda diqqət çəkən “Türkiyə Cümhuriyyətində dövlət-din münasibətləri:  dünyəvilik və demokratiya” adlı məqalədə Türkiyədə dünyəviliyin, dövlət-din münasibətlərinin tarixindən söz açılır, demokratiyanın inkişaf prosesində qardaş ölkənin yaşadığı problemlərdən danışılır. Müəllif sonda belə nəticəyə gəlir ki, Türkiyədə demokratik sınaq nikbinliklə həyata keçirilir, çünki Türkiyə tarixi bir sıra demokratikləşmə təşəbbüslərindən meydana gəlmiş və bu təşəbbüslərin hər biri əvvəlkindən daha qüvvətli, daha davamlı olmuşdur və olmaqdadır.
Nəşrdə yer alan maraqlı yazılardan biri də “Mifoloji təsəvvürdə Zərdüştilik obrazları”dır. Məqalədə Azərbaycan şifahi xalq ədəbiyyatında Zərdüştilik motivləri tədqiq edilir. Müəllifin fikrincə, İslamdan sonra Zərdüştilik obrazları şifahi ədəbiyyatdan sıxışdırılsa da, nağıl və dastanlarda onun izləri indiyədək qalmaqdadır.
“Tanaxda əhd məfhumunu ifadə edən terminlər” başlıqlı məqalədə isə Yəhudiliyin müqəddəs kitabı Tanaxda Tanrının bəşəriyyətlə bir neçə dəfə əhd bağladığı bildirilir. Əhd məfhumunun bu kitabda ən çox ifadə edildiyi “berit” termininin üzərində dayanılır və onun özəlliyi açıqlanır.
Nəşrin bu sayında yer alan “Quran və sünnə baxımından kütləvi qırğın silahlarından istifadə” məqaləsində Müqəddəs Kitabımızda və hədislərdə insana qoyulan hörmət və dəyərdən, günahsız bir insanı qətlə yetirməyin bütün insanları öldürməyə bərabər hesab olunmasından, cana qıymağın qadağan edilməsindən və müharibə zamanı həddi aşmamaq barədə göstərişlərdən danışılır.
Həmçinin, “Sokratöncəsi yunan fəlsəfəsi: Milet məktəbindən Eleya məktəbinə qədər”, “İbn Heysəm – Optika problemlərinin müsəlman tədqiqatçısı”, “Əziz Dövlətabadinin sufi görüşləri”, “Quran ecazının işığında”, “Seyid Mir Həmzə Nigari və dini maarifçilik”, “Qərb tədqiqatçılarının Spinoza fəlsəfəsində yaradılış probleminə münasibəti”, “Hüseyn Nadim Naxçıvaninin yaradıcılığında İmam Hüseyn obrazının tarixi-poetik səciyyəsi” başlıqlı məqalələrin də yer aldığı toplunun sonunda bu sayda işlədilmiş terminlərin izahı verilib.