Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Kitablar
16.03.2015 / Kitablar

“Dövlət və Din”in yeni sayı çap olunub

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan “Dövlət və Din” ictimai fikir toplusunun bu il ikinci sayı işıq üzü görüb.
Jurnal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı faciəsi qurbanlarının xatirəsini anım mərasimində iştirakı ilə açılır.
Toplunun bu sayında bəşəriyyətin ən böyük bəlası olan terrorizmin dinlə əlaqələndirilməsi fikri tənqid olunur və vurğulanır ki, bu məsələdə ən çox haqsızlığa, yersiz və əsassız ittihamlara məruz qalan İslamdır. Sonuncu səmavi din terrorizmə ən sərt şəkildə münasibət bildirməsinə baxmayaraq, müasir dünyada terrordan daha çox əziyyət çəkən məhz müsəlman ölkələridir.
“Ultrapravıy radikalizm v Yevrope (delo Breyvika)” adlı məqalədə bildirilir ki, Avropada yaxın keçmişdə baş verən hadisələrin təhlili Qərb dünyasında radikal sağçıların ictimai məsələləri ideoloji cəhətdən yozmasının təhlükələr yaratdığını ortaya çıxarır. Misal kimi, 2011-ci il iyulun 22-də Norveçin paytaxtı Oslonun mərkəzindəki hökumət binalarının qarşısında törədilmiş partlayışlar və Ütoya adasında günahsız uşaqların qətlə yetirilməsi göstərilir.
Nəşrdə diqqət çəkən yazılardan biri də “Erməni təcavüzü və dini abidələrimiz”dir.  Bu məqalədə işğal altındakı Azərbaycan torpaqlarında olan dini abidələrin dağıdılması, erməniləşdirilməsi və özgələşdirilməsindən danışılır. Həmçinin “Quranın əski sətiraltı tərcümələri haqqında”, “Məhəmməd peyğəmbərin (s) dövründə məşvərətin rolu”, “İslamın dərkində Quran və sünnənin əhəmiyyəti”, “İslamda ağılın məqamı”, “Küfrə aparan günahlar” və s. mövzular da oxucularda maraq doğuracaqdır.  
“Publisistika” rubrikasında ilahiyyat ilə dinşünaslığın fərqlərindən bəhs edilir, hər iki elm sahəsinin spesifikası və tədqiqat metodologiyasından danışılır.  
Bu sayda da topluda işlədilmiş dini-fəlsəfi terminlərin izahı dərc olunmuşdur.