Martın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Saatlı rayonu Şirinbəy kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimizin təbliği” layihəsi çərçivəsində “İslam həmrəyliyi və gənclərin radikal təsirlərdən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavaşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, dini icma sədri Mürsəl Bədirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini icma sədri Mürsəl Bədirov layihə barədə məlumat verərək bildirib ki, lahiyə çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənc nəsli milli-mənəvi dəyərlər ruhunda, eyni zamanda müasir və sağlam düşüncədə formalaşdırmaqdır. O qeyd edib ki, gənclərimiz təhsil almaqla yanaşı, yüksək mənəvi dəyərlərə malik olmalı və bu dəyərləri qoruyub saxlamalıdırlar.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov dini radikalizmə və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edərək vurğulayıb ki, dini icmalar öz fəaliyyətlərini gücləndirməli və iş prinsiplərini elə qurmalıdırlar ki, radikal dini cərəyan mənsubları zərərli dini təbliğata rəvac verməsinlər.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov isə dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra çıxış edən kənd sakini Dursun Osmanov bu cür maarifləndirmə tədbirlərinin keçirilməsinin radikalizm meyillərinin qarşısının alınmasında, gənclərin dini baxışlarının düzgün istiqamətləndirilməsində böyük rol oynadığını diqqətə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.