Şriftin ölçüsü:
Saytın rəngi:
Aprelin 11-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH), Zaqatala rayon Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına əsasən Zaqatala rayonu Danaçı kəndi 1 №-li tam orta məktəbində “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, Zaqatala RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun məsləhətçisi Rəcəb Əlizadə, rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimov, məktəbin müəllim və şagirdləri iştirak edib.
Çıxışlar zamanı milli-mənəvi dəyərlər haqqında geniş məlumat verilib, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli mədəniyyətimizin inkişafı, xalqın adət-ənənələrinin zənginləşdirilməsi, eyni zamanda azərbaycançılıq ideologiyasının sistem halına salınmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğu bildirilib. Vurğulanıb ki, xalqımızın milli-mənəvi dəyərlərinin, onun adət-ənənələrinin dirçəldilməsi, xüsusən İslam mədəniyyəti nümunələri olan məscidlərin, tarixi memarlıq abidələrinin, ziyarətgahların bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsi Ulu Öndərin bir daha xalqa, milli-mənəvi və islami dəyərlərə bağlılığını göstərir. Milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı istiqamətində əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət siyasəti bu gün Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarına DQİDK-nin sifarişi ilə hazırlanmış “Azərbaycan gəncliyi və mənəvi dəyərlər” sənədli filmi nümayiş edilib.