Şriftin ölçüsü:
Saytın rəngi:
Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Əliabad qəsəbəsi 3 №-li tam orta məktəbində “Milli dövlətçiliyimizin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin müdiri İlqar Vəliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayon sektorunun əməkdaşı Xamis İsmayılov, Gənclər və İdman İdarəsinin aparıcı nümayəndəsi İlqar Qədimov, müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.09.2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin böyük tarixi hadisə olduğu qeyd edilib. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə müasir dövlətçilik sistemimizin mükəmməl siyasi-ideoloji, iqtisadi və mənəvi dayaqlar sistemini yaratdığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycançılıq ideyasının milli dövlətçiliyimizin inkişafında mühüm rol oynayan, milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurə olduğu bildirilib. Vurğulanıb ki, Azərbaycançılıq ideologiyası irqi, milli, dini, etnik və digər zəmində heç bir ayrı-seçkilik qoyulmadan hər bir Azərbaycan Respublikası vətəndaşına eyni formada hüquq, azadlıq və vəzifələrin bəxş edilməsini təlqin edir. Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycanın mədəni yüksəlişi, milli şüurun oyanışı,milli-mənəvi dəyərlərin, milli ruhun qorunması və azərbaycançılıq ideologiyasının sistem halına salınması üçün bir sıra mühüm tədbirlərin həyata keçirildiyi qeyd edilib. Əsası Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə hazırlanmış “Heydər Əliyev və Azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib.