Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
12.04.2023 / Heydər Əliyev ili

Qubada Ulu Öndər Heydər Əliyevə həsr olunmuş regional konfrans keçirilib

Aprelin 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH) və İnsan hüquqları üzrə Müvəkkilin Şimal regional Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü: dini etiqad azadlığı hüququ, tolerantlıq və Azərbaycançılıq” mövzusunda konfrans keçirilib.

Konfransda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Şimal regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin əməkdaşı Nicat Mövlazadə, QMİ-nin bölgə qazısı Naib Səttarov, ziyalılar, gənclər, regionun din xadimləri,  eləcə də dini konfessiyaların nümayəndələri iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı dövlətimizin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb. Bildirilib ki, Ümummilli Liderin əsasını qoyduğu uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərinə həssas nəzarətlə bərabər, ölkədə dini etiqad azadlığı üçün şərait yaradılıb, dini dəyərlərə xüsusi qayğı göstərilməyə başlanılıb. Vurğulanıb ki, Azərbaycanın təməl prinsiplərini Ulu Öndərin ideyaları təşkil edən bugünkü nümunəvi dövlət-din, tolerantlıq modeli öz bəhrəsini verir. Heydər Əliyevin dövlət-din münasibətləri sahəsində qoyduğu siyasət Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Konfrans müzakirələrlə davam edib.