Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
28.03.2023 / Heydər Əliyev ili

Qubada “Ulu Öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda tədbir keçirilib

Martın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba regional “ASAN xidmət”  mərkəzinin və Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) Quba filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Məmmədov, ADPU Quba filialının direktoru Yusif Alıyev, Quba regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Ülvi Məmmədov, ADPU-nun Quba filialının professor-müəllim heyəti, tələbələri, Quba regional “ASAN xidmət” mərkəzinin əməkdaşları və könüllüləri iştirak ediblər.

Çıxışlar zamanı müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, multikulturalizm sahəsində də gördüyü mühüm işlərin bu gün davam etdirilməsindən danışılaraq qeyd edildi ki, Heydər Əliyev etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas bazası olan Azərbaycançılıq məfkurəsini milli ideologiya kimi irəli sürüb. Bildirildi ki, Azərbaycanda olan milli və dini müxtəliflik bütün dünyaya nümunədir. Ölkəmiz həm etnik cəhətdən, həm də dini cəhətdən müxtəlifliyin olduğu və qarşılıqlı hörmət, bərabərlik, sülh şəraitində yaşanılan nadir məkanlardandır. Burada hamını birləşdirən ən böyük dəyər Vətənə bağlılıq, azərbaycançılıq məfkurəsidir.