Şriftin ölçüsü:

Saytın rəngi:

MAARİFLƏNDİRMƏ / 

Heydər Əliyev ili
16.03.2023 / Heydər Əliyev ili

Heydər Əliyev mükəmməl və sağlam dövlət-din münasibətlərinin banisidir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və "Azərbaycan" qəzetinin "Dini təhsil: mövcud vəziyyət və perspektivlər" mövzusunda konfransı

 

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin yubileyi ərəfəsində bu dahi şəxsiyyətin müxtəlif istiqamətlərdəki fəaliyyətləri bir daha təhlil olunur, Ümummilli Liderin irsi geniş müzakirə edilir. Ulu Öndərin fəaliyyətində xüsusi proritet yönümlərdən biri də milli-mənəvi dəyərlər sistemi idi.

Heydər Əliyevin rəhbərliyi altında xalqımızın dini-mənəvi dəyərlərinin qorunması, inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət real nəticələr vermiş, Azərbaycan multikulturalizminin və tolerantlığının elmi əsaslarla öyrənilməsi, həmçinin dünyada təbliği istiqamətində əməli addımlar atılmışdır. Bu baxımdan Ulu Öndəri milli-mənəvi dəyərlərin ən böyük himayədarı və təbliğatçısı saymaq olar. Sevindiricidir ki, bu siyasət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

"Heydər Əliyev İli" çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və "Azərbaycan" qəzetinin "Dini təhsil: mövcud vəziyyət və perspektivlər" mövzusunda təşkil etdiyi konfransda da bu mövzu ətrafında müzakirələr təşkil olundu.

Konfransın moderatoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil ŞİRİNOV qeyd etdi ki, din təhsili istər dinin əsas prinsiplərinin doğru şəkildə cəmiyyətə çatdırılması, istərsə də dövlət təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, din milli dəyərlər sistemi olaraq cəmiyyətin mənəvi inkişafında, ictimai birliyin, sosial inteqrasiyanın təminində əvəzsiz rola malikdir:

- Bununla yanaşı, dinin səhv interpretasiyasının milli-mənəvi birliyə deyil, cəmiyyətin bölünməsinə səbəb olduğu da sirr deyildir. Bu baxımdan dini biliklərin səhih mənbələrə əsaslanaraq, həmçinin dövrümüzün reallıqlarını nəzərə alaraq cəmiyyətə çatdırılması labüddür. Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi bu kəlmələr - "Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir" - ölkəmizdə mövcud olan multikultural dəyərlərə hörmətin bariz nümunəsidir.

Doğru dini təhsil dinin özünü təhriflərdən qorumaqla yanaşı, həm də milli-mənəvi birliyin təmin edilməsində onun rolunu artırır, cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır.

 "Dünyəvilik prinsipinə xələl gətirmədən din təhsilini necə vermək lazımdır" sualı ətrafında bir çox mülahizə qeyd edilir və müzakirələr aparılır. Qısaca qeyd edə bilərik ki, dünyada dini təhsilin müxtəlif formaları mövcuddur. Bunlardan biri konfessional tədrisdir, yəni tədrisdə bir din və ya məzhəb əsas götürülür və dərslər həmin dindən, yaxud məzhəbdən çıxış edərək keçirilir. Bu tədris metodu daha çox müəyyən bir dini və ya məzhəbi öz rəsmi ideologiyası kimi qəbul edən dövlətlərdə tətbiq olunur. Digər təcrübələr isə "din haqqında" və "dindən öyrənmə" modelidir. Dünyəvi dövlətlərdə din tədrisi daha çox bu son iki metod üzərində qurulub. "Din haqqında öyrənmə" modeli müəyyən bir dini dünyagörüşün digərlərindən üstünlüyünü önə çəkmədən cəmiyyətdə mövcud olan dinlərin əsas mahiyyəti və tarixi haqqında deskriptiv (təsviri) bilikləri əhatə edir. "Dindən öyrənmə" modeli isə tədris prosesində dinlərin insanlığa təlqin etdiyi universal mənəvi dəyərlərin mənimsənilməsinə xidmət edir. Bu iki model dünyəvilik prinsipinə xələl gətirmədən cəmiyyətin köklü institutlarından biri olan din haqqında şagird və tələbələrə biliyin verilməsinə xidmət edir.

Fikrimcə, son dövrlərdə ictimai müzakirələrə səbəb olan "xaricdə din təhsili" mövzusuna yuxarıda sözügedən din təhsili modelləri çərçivəsində yanaşmaq daha doğru olardı. İslam dünyasındakı din təhsilinə nəzər saldıqda görürük ki, əksər müsəlman ölkələrində din təhsili konfessional modelə əsaslanır və normativ xarakter daşıyır. Bu təhsildə konkret bir məzhəbin və ya dini qrupun baxışı əsas götürülür və hətta çox vaxt digər məzhəblərin fikirləri "doğru yoldan uzaqlaşma" kimi qələmə verilir. Həmçinin bir çox müsəlman ölkəsindəki din təhsilində klassik dini elmlərə baxış bir-birindən köklü şəkildə fərqlənir. Hətta xalqları eyni məzhəbə mənsub olan ölkələrdəki dini təhsilə diqqət yetirdikdə bu köklü fərqliliyin şahidi oluruq. Bunun əsas mənbəyi isə, ilk növbədə, həmin ölkələrin dinə baxışdakı ideoloji fərqlilikləridir. Dünyəviliyi dövlət-din münasibətlərində əsas model kimi qəbul edən ölkələrdəki din təhsili ilə müəyyən bir dini dünyagörüşü siyasi sisteminin əsası kimi qəbul edən ölkələrdəki din təhsili bir-birindən fərqlidir. Dinin və ya məzhəbin mənbələri eyni olsa da, mənbələrə baxış və onların interpretasiyası bir-birindən köklü şəkildə fərqlənir. Məhz buna görə də dini təhsilə təkcə elmi prizmadan baxmaq kifayət deyil, burada ideoloji amillər də mütləq nəzərə alınmalıdır. Təsəvvür edək ki, dünyəvilik prinsipini qəbul etmiş bir ölkənin vətəndaşı öz baza təhsilini bu prinsipi qəbul etməyən və hətta "qeyri-islami" adlandıran başqa bir dövlətin dini təhsil ocağında alır. Şübhəsiz, o, təhsil almaq üçün getdiyi ölkədə dünyəviliyin nəzərə alınmadığı bir tədris prosesindən keçəcək. Yenə təsəvvür edək ki, çoxməzhəbli bir ölkənin vətəndaşı tək məzhəbin "haqq", digərlərinin isə ən yaxşı halda "bidətçi" kimi təqdim edildiyi bir dini tədris prosesindən keçir. Bütün bunların ictimai vəhdətə vuracağı zərbəni, yəqin ki, təsəvvür etmək çətin deyildir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 9 fevral tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılmışdır. Sərəncamda da qeyd olunduğu kimi, institutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir. Bu sərəncamla ölkəmizdəki ali din təhsili yeni mərhələyə qədəm qoymuş, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi də institutun tərkibinə daxil edilmiş və beləliklə, güclü bazaya malik olan ali təhsil müəssisəsinin əsası qoyulmuşdur.

Ödənişsiz təhsil verən Azərbaycan İlahiyyat İnstitutu yüksək elmi təfəkkürə malik olan kadrların rəhbərliyində milli-mədəni irsi anlayıb dəyərləndirə bilən, mövcud problemlərə dair həll yolları irəli sürən, ilahiyyat sahəsində əsas biliklərə yiyələnmiş kadrlar hazırlamağı qarşısına məqsəd qoymuşdur. Doğru və zamanın reallıqları ilə çulğalaşan dini biliklərə sahib olan, əldə etdiyi biliklərlə özünə və cəmiyyətə faydalı olan, tədqiqatları ilə elmə töhfə verən, din sahəsində ictimai şüurun formalaşmasında aktiv rol oynayan ilahiyyatçıların hazırlanması institut qarşısında duran ən ümdə məqsədlərdəndir.

Azərbaycan İlahiyyat İnstitutunda bir fakültə (İlahiyyat), 3 kafedra (Dinşünaslıq, İslamşünaslıq, Dillər və ictimai elmlər) mövcuddur. İnstitutda tədris Azərbaycan dilində həyata keçirilir. Gələcəkdə rus, ingilis və ərəbdilli bölmələrin açılması və dünyanın müxtəlif dövlətlərindən tələbələrin institutda təhsilə cəlb olunmaları da nəzərdə tutulur.

Azərbaycan İlahiyyat İnstitutunda təhsil iki istiqamətdə - islamşünaslıq və dinşünaslıq üzrə həyata keçirilir. İslamşünaslıq ixtisası üzrə standartlara islam dininin teoloji, tarixi, sosioloji, psixoloji və fəlsəfi aspektlərdən öyrənilməsini təmin edən fənlər daxil edilmişdir. Bu ixtisasın standartlarında ənənəvi islam elmləri ilə yanaşı, təkcə islam dinini deyil, ümumilikdə, dinləri müxtəlif yönlərdən tədqiq edən din sosiologiyası, din psixologiyası, din fəlsəfəsi, məzhəblər tarixi, dinlər tarixi və digər fənlər də öz əksini tapmışdır. İslamşünaslıq ixtisasına yiyələnənlərin həm din xadimi, həm də islam dini üzrə mütəxəssis kimi fəaliyyət göstərmələri nəzərdə tutulmuşdur. Dinşünaslıq ixtisası üzrə standartların hazırlanmasında Azərbaycan reallıqlarını nəzərə almaqla, dünyanın digər aparıcı universitetlərində mövcud olan dini tədqiqatlar (Religious Studies) bölmələrinin standartlarından faydalanılmışdır. Bu standartlara islam, yəhudilik, xristianlıq, hind və çin dinləri kimi dünyada mövcud olan böyük dinlərin öyrənilməsini nəzərdə tutan fənlər daxil edilmişdir. Həm islamşünaslıq, həm də dinşünaslıq ixtisaslarının standartlarında multikulturalizm, Azərbaycan tarixi, fəlsəfə, məntiq, eləcə də ərəb və ingilis dillərinin öyrənilməsini nəzərdə tutan fənlər daxil edilmişdir.

Din sahəsində mütəxəssis yetişdirərkən bir məqama xüsusi diqqət yetirilməlidir. Cəmiyyətə təkcə savadlı din mütəxəssisləri və xadimləri deyil, savadla yanaşı, Azərbaycanın milli dəyərlərini və ictimai strukturunu mənimsəmiş kadrlar lazımdır. Unutmaq olmaz ki, din müasir dünyada, təəssüf ki, təkcə mənəviyyat deyil, eyni zamanda təhlükəsizlik məsələsidir.

Dinin insanların mənən zənginləşməsində geniş təsir imkanlarına malik olduğunu söyləyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QURBANLI vurğuladı ki, bununla bərabər dinin insanların həyatındakı rolunu danmaq, funksiyalarından düzgün faydalanmamaq, habelə ondan sui-istifadə hallarına yol vermək dövlət və cəmiyyət qarşısında yeni problemlər, təhlükələr yarada bilər:

- Dini-etnik zəmində qarşıdurmaların artdığı, dindən istifadə edən radikal elementlərin geniş vüsət aldığı və ona bilərəkdən rəvac verildiyi bir dövrdə cəmiyyətdə dözümlülüyə nail olunması, müxtəlif din və mədəniyyətlərə mənsub insanların sülh şəraitində yaşayışının təmin olunması hər bir dövlətin qarşısında duran vacib məsələlərdəndir.

Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdışı onun növbəti xilaskarlıq missiyasının başlanğıcı oldu. Məhz Ulu Öndərin sayəsində milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişdi, xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanıldı, bu dəyişikliklərin fonunda ölkədə dini etiqad azadlığı bərqərar oldu. Vətəndaşların vicdan azadlığı Konstitusiyamızın 48-ci maddəsində öz əksini tapdı və Azərbaycan Respublikasının "Dini etiqad azadlığı haqqında" qanununda geniş şəkildə təsbit olundu. Ümummilli Lider Heydər Əliyev tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan, milli-mənəvi dəyərlərə qayıdışın bünövrəsini formalaşdıran, xalqın keçmişinə, adət-ənənələrinə, inanclarına dövlət səviyyəsində qayğı göstərən, ölkədə dini etiqad azadlığını tam təmin edən dövlət-din münasibətləri modelinin əsası qoyuldu. Ulu Öndərin azərbaycançılıq konsepsiyasına uyğun olaraq ölkədə dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şərait yaradıldı, bu sahədə beynəlxalq hüquq normalarına uyğun qanunvericilik bazası formalaşdırıldı. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması da Ümummilli Liderin adı ilə bağlıdır. Eyni zamanda dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu Konstitusiyamızda bu modelin tərkib hissəsi kimi Azərbaycanın demokratik, hüquqi, dünyəvi, unitar respublika olması öz əksini tapdı.

Dini təhsil də diqqətdən kənarda qalmadı. Belə ki, Bakı İslam Universiteti fəaliyyətə başladı. Amma təhsil ocağının ödənişli əsaslarla fəaliyyət göstərməsi çətinliklər yaratdı. Hayastanın Azərbaycana təcavüzü, yüz minlərlə vətəndaşımızın öz torpaqlarından didərgin salınması, əhalinin sosial vəziyyətinin aşağı olmasından istifadə edən xarici dairələr Azərbaycanda dini radikal qrupları təşkilatlandırmağa cəhd etdilər. Bu sırada vəhhabilik və İrana bağlı şiəliyin qabarıq şəkildə təbliği görünməkdə idi. Dini inancdan öz geosiyasi maraqlarını həyata keçirmək vasitəsi kimi yararlanmağa çalışan ölkələr gənclərimizi dini təhsil adı ilə öz ölkəsindəki dini hövzələrə cəlb edə bildi. Təəssüf ki, onların bəziləri geriyə qayıdarkən təhsil aldıqları ölkələrin dövlət-din münasibətlərinin, özünəməxsus dini dünyagörüşünün, habelə həyat tərzinin təbliğatçısına çevrildilər. Bu proses cəmiyyətimizdə bir sıra problemlərin yaranmasına və təhdidlərə yol aça bilərdi. Azərbaycan cəmiyyətinin əsrlər boyu saysız-hesabsız təhdid və çətinliklər qarşısında tab gətirməsi, öz varlığını qoruyub saxlaması məhz onun milli kimlik və vətəndaş həmrəyliyi məsələsindəki həssaslığı sayəsində mümkün olmuşdur.

Milli kimliyimiz zamanla dinimizlə, onun mütərəqqi prinsipləri ilə çulğalaşaraq formalaşmışdır. Sevgi, hörmət və fədakarlıq hisslərinin inkişaf etdirilməsində milli-mənəvi dəyərlərimizin rolu əvəzsizdir. Xüsusilə gənc nəsilləri bu dəyərlərə uyğun, milli ruhda yetişdirmək olduqca əhəmiyyətlidir. Çünki gənclərin dini-əxlaqi dəyərlərdən uzaqlaşmaları onların adət-ənənələrimizə zidd düşüncələri mənimsəmələrinə, zərərli axın və ideologiyaların tələsinə düşmələrinə gətirib çıxara bilər ki, bu da cəmiyyətimizin gələcəyi üçün təhdiddir. Bu təhlükənin qarşısının alınması məqsədilə sağlam dini təhsil vermək və savadlı ilahiyyatçı yetişdirmək üçün bazanın formalaşdırılması labüd idi. Məhz bu baxımdan dini təhsil sahəsinə diqqət artırıldı.

Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) yaradıldı. İnstitut hazırda ödənişsiz əsaslarla çox qabaqcıl düşüncəyə malik, müasir dünyamızda gedən prosesləri mükəmməl bilən, elmlə dinin qarşılıqlı əlaqəsini gözəl anlayan, tolerant və multikultural dəyərləri, azərbaycançılıq ideologiyasını mənimsəyən, islamda vəhdəti təbliğ və təşviq edən, heç bir halda məzhəb ayrı-seçkiliyinə yol verməyəcək kadrlar yetişdirir. İnstitutda dini dərslərlə yanaşı, dünyəvi elmlərin də yüksək səviyyədə tədrisi, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanması, tədrisin ümumi saf dini prinsiplər əsasında təşkil olunması, xurafatçılığa yol verilməməsi, tələbələrə vətənpərvərlik ruhunun aşılanması və sairə amillərə xüsusi diqqət yetirilir. Həmçinin təhsil ocağında qeyri-müsəlman dini icmalar da diqqətdə saxlanılır, mütəmadi kurslar təşkil edilir. Aİİ-də xarici tələbələr də təhsil alırlar ki, burada da məqsəd Azərbaycan İlahiyyat İnstitutunun bölgənin əsas dini təhsil mərkəzinə çevrilməsidir.

Sonda qeyd edim ki, hazırda başqa ölkələrdə dini təhsil alınmasına ehtiyac duyulmur. Çünki Azərbaycanın İlahiyyat İnstitutu və müxtəlif dini kolleclər vasitəsilə kifayət qədər kadr hazırlamaq imkanı var. Dövlət Komitəsində bu il "Dini təhsil" şöbəsi yaradılıb. Dini təhsil sahəsində dövrün tələblərinə uyğun aparılan davamlı islahatlar təhsilin keyfiyyətinin artırılmasına, savadlı milli kadrların hazırlanmasına öz müsbət təsirini göstərir.

Minilliklərə, tarixin dərinliklərinə söykənən, mental baxışlarımızdan süzülüb gələn mənəvi dəyərlər Azərbaycan xalqının kamillik və milli şüur səviyyəsinin ən böyük təcəssümüdür. Bu barədə danışan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi ki, Ulu Öndər Heydər Əliyev hər zaman milli və mənəvi dəyərlərimizə böyük önəm vermiş, hətta sovet dövrünün sərt tələb və qaydaları zamanı bu dəyərlərin yaşaması üçün əlindən gələni etmişdir:

 - Xalqımız olduqca mühüm və bəşəriyyətə nümunə olan yüksək mənəvi keyfiyyətlərə, dəyərlərə malikdir. Mənəvi dəyərlər insanların yaddaşlarına yazılır, gördükləri işlərdə, əməllərdə qorunub saxlanır, gələcək nəsillərə ötürülür. Mənəvi dəyərə can verib onu real gücə çevirən isə insandır, geniş mənada götürdükdə xalqdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir. Çünki biz dünyanın ən böyük mənəvi xəzinəsinə malik xalqıq. Bizim milli-mənəvi irsimiz olduqca zəngindir, sözün bütün mənalarında ən gözəl milli nümunədir. Tarixin dərinliklərindən formalaşaraq bu günümüzə gəlib çatan bu sərvət heç vaxt tükənməmiş və itirilməmişdir. Əksinə, zaman ötdükcə bu mənəvi irs ən yüksək kaloritlərlə və keyfiyyətlərlə daha da zənginləşmişdir.

Tarixin müəyyən mərhələlərində xarici təsirlər, yad ideologiyalar da bu sərvəti xalqımızdan qopara bilməmişdir. Məsələn, sovet hakimiyyəti illərində cəmiyyətimizin mərkəz tərəfindən ideoloji repressiyalara məruz qalması belə bizi öz inancımızdan, milli ənənə və adətlərimizdən ayıra bilməmişdir. Sovet hakimiyyətinin bu istiqamətdə bütün cəhdləri uğursuz olmuşdur.

Sovet dövründə xalqımızın milli-mənəvi dəyərlərinə tapınması və mərkəzdən gələn məkrli təsirlərin zərərsizləşdirilməsi Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi illərində baş vermişdir. Məhz Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə xalqımız sovet ideologiyasının unutdurmağa cəhd göstərdiyi mənəvi irsinin zənginliklərinə yiyələnmiş, milli dəyərlərinə daha hörmət və ehtiramla yanaşmağa başlamışdır.

Cəmiyyətimizdə mənəvi dəyərlərin yaşadılması baxımından Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilən yol Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Dövlət başçımız Ulu Öndərin nəcib əməllərini, əsasını qoyduğu mütərəqqi ənənələri layiqincə yaşadır, cəmiyyətimizdə dini-mənəvi dəyərlərin möhkəmləndirilməsinə xüsusi diqqət və qayğı ilə yanaşır. Möhtərəm İlham Əliyevin Novruz bayramında şəhər gəzintisinə çıxması, insanlarla görüşməsi, hər il Ramazan bayramı münasibətilə iftar mərasimində iştirak etməsi və müsəlman dövlətlərinin səfirlərini qəbul etməsi, ölkə vətəndaşlarına təbrik ünvanlaması, o cümlədən respublikamızda tarixi və dini abidələrin bərpası istiqamətində görülən işlər dövlətimizin başçısının mənəvi dəyərlərimizə nə qədər bağlı olmasının təcəssümüdür.

Milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi, xüsusən bu dəyərlərin qloballaşmanın təsiri altında yetişən gəncliyimizə çatdırılması, ümumən dünyaya tanıtdırılması ilə bağlı Heydər Əliyev Fondunun reallaşdırdığı tarixi layihələr bu siyasətin uğuruna xidmət edir. Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın milli musiqisinin, folklorunun, milli xalçaçılıq, rəngkarlıq irsimizin, mətbəximizin, Novruz ənənələrinin qorunması və bütün dünyada təbliği istiqamətində atılan davamlı addımlar bu siyasətin nailiyyətləridir.

Biz Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın milli-mənəvi dəyərlərimizə nə qədər bağlı olduqlarını bir daha torpaqlarımızın işğaldan azad edilməsindən sonra gördük. Təsadüfi deyil ki, bu gün azad edilmiş ərazilərimizdə aparılan quruculuq işlərinin bir istiqamətini tarixi və dini abidələrimizin bərpası təşkil edir. Ermənilər tərəfindən dağıdılmış, vandallığa məruz qalmış mədəniyyət nümunələrimiz, məscidlərimiz bərpa olunur. Bu sahədə görülən işlər həm də milli-mənəvi dəyərlər kontekstindən Qarabağın tarixi Azərbaycan torpağı olduğunu göstərən ən böyük milli faktordur.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində ölkəmizdə mədəniyyətlər və dinlərarası dialoq keyfiyyətcə yeni mərhələyə yüksəldildi, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə hüquqi zəmin yaradıldı. Ən əsası, bu, dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi. Ümummilli Lider Heydər Əliyev haqlı olaraq multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. Ulu Öndərin müəllifi olduğu Azərbaycan Konstitusiyasında ölkəmizdə dinindən, irqindən, dilindən asılı olmayaraq hər bir vətəndaşın hüquq və azadlıqları, o cümlədən insanların etiqad azadlığı təsbit olundu. Respublikamızda yaşayan hər bir etnik azlığın, hər bir xalqın təmsilçilərinin mədəniyyətinin, dəyərlərinin müxtəlif qanunlar və normativ-hüquqi aktlarla təsbit edilməsi, mükəmməl qanunvericilik bazasının formalaşdırılması və digər bu kimi mühüm addımlar da aparılan bu məqsədyönlü siyasətin tərkib hissəsidir.

Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün mühüm mərkəzə çevrilib. Bu nəticələrin əldə olunmasında öz xeyirxah əməlləri ilə tolerant və eləcə də əsl islami dəyərləri təlqin edən, bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük xidmətləri var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər, apardığı maarifləndirmə kampaniyaları da bu baxımdan təqdiredicidir. Dövlət-din münasibətlərinin davamlı sağlamlaşdırılması, qarşılıqlı etimad mühitinin formalaşdırılması yönümündə komitənin apardığı səmərəli işlər cəmiyyətdə razılıqla qarşılanır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdindəki İlahiyyat İnstitutunun fəaliyyəti də bu kontekstdə xüsusi fərqlənir və deyərdim ki, nümunəvi rol oynayır.

Bir məqamı da qeyd etmək istərdim ki, Azərbaycanda uzun illər dini təhsillə bağlı ciddi problemlər vardı. Bu problemlər isə nəticə etibarilə dövlətçiliyimizə və milli təhlükəsizliyimizə ciddi təhdidlər yaradırdı. Təəssüf ki, xaricdə dini təhsil alan həmvətənlərimizin bir çox hallarda radikal, antiazərbaycançı meyillərə cəlb olunması, onların müstəqil dövlətçiliyimizə qarşı yönələn cəhdlərdə iştirakı kimi hallara rast gəlinirdi. Bəlli xarici dairələr tərəfindən yeniyetmə və gənclərin səmimi dini duyğularının nadancasına istismar edilməsi Azərbaycanda dini durumun sağlamlaşdırılmasına əsas maneə idi. Bu kontekstdə Prezident İlham Əliyev tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Ulu Öndərin müəyyən etdiyi dövlət-din münasibətlərinin dünyəvi və hüquqi prinsiplərlə tənzimlənməsində mühüm addım oldu.

Əminliklə və sevinclə deyə bilərəm ki, yeni nəsil ilahiyyatçılarımız cəhalətdən, antiazərbaycançı meyillərdən uzaq, islamın əsl mahiyyətinə uyğun təhsil əsasında formalaşır və cəmiyyətə faydalı xidmət edirlər. İlahiyyat İnstitutunun məzunları artıq paytaxtdan bölgələrə qədər hər yerdə səmərəli fəaliyyət göstərir, əhalinin dini maariflənməsinə töhfələr verirlər.

Dağ yəhudiləri dini icmasının sədri Milix YEVDAYEV Azərbaycanda mükəmməl dövlət-din münasibətləri sisteminin formalaşmasının və tətbiqinin müstəqil dövlətimizin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etdi:

- Bu sahədə Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği təkcə tarix və müasir dövr baxımından deyil, həm də gələcəkdə proseslərin istiqamətini düzgün müəyyənləşdirmək və yönəltmək nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir.

 Hazırkı dünyamızda beynəlxalq münasibətlər sistemində mövcud vəziyyət, o cümlədən dünyada cərəyan edən qanlı hadisələr bir daha sübut edir ki, dinə yalnız inanc, mənəviyyat və hüquq məsələsi kimi deyil, həm də dövlətin və cəmiyyətin təhlükəsizliyi və sabitliyi prizmasından yanaşmaq lazımdır. Bu mənada Heydər Əliyevin dövlət-din münasibətləri, dini dəyərlərin qorunması və təbliği, eləcə də tarixi dini abidələrin bərpası, tolerantlığın və dinlərarası dialoqun təşviq edilməsi sahəsində zəngin irsinin öyrənilməsi və düzgün təbliği Azərbaycanla yanaşı, digər ölkələr üçün də faydalı ola bilər.

 Bununla yanaşı, dünyəvi dövlətdə dinin yeri, eləcə də qloballaşma prosesinin getdikcə dərinləşdiyi hazırkı dövrdə milli adət-ənənələrin yaşadılması və mənəvi irsin mühafizəsi çağdaş dünyanın ən aktual məsələlərindən biri hesab olunmalıdır. Sürətlənən qloballaşma prosesi xalqların milli xüsusiyyətlərini və özünəməxsusluğunu əridərək ümumi dəyərlərə sahib vahid dünya cəmiyyəti formalaşdırır. Təbii ki, bu təkcə xalqların deyil, milli dövlətlərin də gələcəyi ilə bağlı ciddi suallar doğurur. Azərbaycan xalqı üçün bu sualların cavabları Heydər Əliyevin zəngin elmi-nəzəri və əməli irsində axtarılmalıdır.

 Həyatda elə dahilər dünyaya gəlir ki, onlar "sağlığında xalqın sevimlisi - dünyasını dəyişəndən sonra isə tarixin yaraşığına çevrilirlər". Ümummilli Lider Ulu Öndər məhz belə Dahilərdəndir. Biz Azərbaycan xalqı ilə birgə Ulu Öndərin 100 illiyini qeyd etməklə, həm də möhtəşəm qələbəmizin 3 illiyini qeyd edəcəyik.

 Bütün işğal illəri zamanı Ulu Öndərin arzuları Azərbaycan xalqının arzuları ilə birgə olaraq bu torpaqların azadlığı uğrunda bütün səyləri birləşdirərək, güclü bir dövlət formalaşdırmış, dövlət quruculuq ənənələrini davam etdirmiş, dövlətin Konstitusiyasını ərsəyə gətirmiş, dövlət dilinin qorunub saxlanması və inkişaf etdirilməsinə nail olmuş, dövlət iqtisadiyyatını yaratmış, "Əsrin müqaviləsi"ni reallaşdırmış, daxili və xarici siyasətin düzgün prioritetlərini müəyyən etmiş, azərbaycançılıq ideyasını hazırlamışdı.

 Ulu Öndər müstəqiliyimizi daimi etmək, ərazilərimizi bütün təcavüzlərdən qorumaq üçün cəmiyyətimizə, xalqımıza, ölkəmizə milli birlik, mənəvi həmrəylik və vətəndaş həmrəyliyinin lazım olduğunu dönə-dönə qeyd edirdi. Ölkəmizdə milli həmrəyliyin, vətəndaş birliyinin möhkəmlənməsi istiqamətində aparılan dövlət siyasəti özünün məntiqi nəticəsini 44 günlük Vətən müharibəsi dövründə göstərdi.

Azərbaycan xalqı, şanlı ordumuz Ali Baş Komandan ətrafında birləşərək düşmənimizin başını əzən "dəmir yumruğ"un yaranmasına nail oldular.

 İndi isə ölkəmiz üçün yeni dövr başlayır: yeni quruculuq, azad edilmiş ərazilərimizin bərpası dövrü. Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik, güclü iradə göstərəcək və dağıdılmış bütün əraziləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Ulu Öndərin yaratdığı ən böyük əsər müstəqil, azad, çağdaş Azərbaycan Respublikasıdır. İllər keçdikcə Ulu Öndərin arzuları çin olacaq, Azərbaycan başdan-başa cənnətə dönəcəkdir.

Alban-Udi xristian dini icmasının sədri Robert MOBİLİ konfransın yüksək əhəmiyyətindən bəhs edərək vurğuladı ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda mövcud olan bütün dinlərin və konfessiyaların böyük himayədarı, qayğıkeşi idi:

- Sevinirik ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Alban-Udi Xristian Dini İcması dövlətin dəstəyi ilə geniş və səmərəli fəaliyyət göstərir.

Azərbaycan çoxmillətli və çoxkonfenssiyalı bir dövlətdir. Bu dövlətdə yaşamağın, icma sədri olmağın üstünlükləri çoxdur. Azərbaycanda multikultural mühitin yaranmasında Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur. Bu siyasətin doğru-düzgün aparılmasının nəticəsidir ki, Azərbaycanda din təhsili yüksək səviyyədədir. Xüsusilə qeyd etmək istərdim ki, xaricdə din təhsilinə diqqət etsək görərik ki, islamofobiya daha qabarıqdır və bu da din təhsilinin verilməsində xüsusi əngəllər yaradır. Azərbaycanda isə bu belə deyil. Azərbaycan İlahiyyat İnstitutu bütün dinləri tədris edən ali məktəbdir. Biz də çox rahat şəkildə öz icma üzvlərimizə tövsiyə edirik ki, din təhsillərini məhz ölkəmizdə alsınlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu tərəfindən müraciətimizə cavab olaraq xristianlıq kursu təşkil olundu. Aİİ-nin müəllimləri Qəbələnin Nic qəsəbəsində yerləşən Cotari kilsəsində kursda tədris apardılar. Kursun sonunda müdavimlərə sertifikatlar təqdim edildi. Xüsusilə qeyd etmək istəyirəm ki, kursu bitirənlər üçün dini təhsili ali səviyyədə davam etdirmək daha əlverişlidir.

Bu günlərdə keçirilən X Qlobal Bakı Forumunda cənab Prezident İlham Əliyev çıxışında ölkəmizin multikultural mühiti barədə geniş danışaraq, birgəyaşayış modelinin, artıq dövlətimizdə öz təsdiqini tapdığını qeyd etdi. Bu da bizim fəaliyyətimizə hər zaman müsbət təsir göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri Elnarə KƏRİMOVA qeyd etdi ki, hər bir dövlətin dini təhsillə bağlı qarşısına qoyduğu məqsədlər var və həmin məqsədlərə çatmaq üçün dövlətlər özlərinin yol xəritəsini müəyyənləşdirir. Həm islam, həm də Qərb dünyasında dini təhsillə bağlı təcrübələrə nəzər yetirilsə, bunu aydın şəkildə görmək mümkündür:

- Bu məqsədləri isə iki istiqamətdə qruplaşdırmaq olar. Birinci istiqamətdəki məqsədlər, demək olar ki, bütün ölkələr üçün eynidir. Yəni hər bir dövlət istəyir ki, dini təhsil sistemi onun qanunvericiliyinə uyğun olmaqla, milli maraqlarına cavab verməklə bərabər, həm də ölkədəki mövcud dini duruma, dinlər, məzhəblərarası münasibətlərə adekvat olsun.

Eyni zamanda dövlətlər müvafiq strukturları vasitəsilə çalışır ki, dini duruma olduğu kimi, dini təhsil sahəsinə də mümkün qədər nəzarətini təmin etsin, habelə xarici təsirləri dini təhsillə bağlı proseslərdən kənar tutsun. Çünki din sahəsi hər bir dövlət üçün milli, ictimai, ideoloji təhlükəsizlik məsələsidir. Bu baxımdan müasir dünyamızda dinə yalnız mənəvi dəyər, hüquq, vicdan azadlığı prizmasından baxan ölkə yoxdur.

Azərbaycanın yerləşdiyi region, bu regionun həssaslığı, kənar təsirlərin mövcudluğu, islam dünyasının bir parçası olması, Qərblə Şərqin arasında körpü rolunu oynaması, eyni zamanda ölkəmizdəki dini durum, tarixən formalaşmış tolerantlıq ənənələri və burada mövcud olmuş məzhəblərarası münasibətlər Azərbaycan hökumətini məcbur edir ki, dini təhsil sahəsinə digər ölkələr kimi insan hüquqları, vicdan azadlığı, mənəvi dəyər ilə yanaşı, həm də özünün hərtərəfli təhlükəsizliyi prizmasından baxsın. Bu mənada yuxarıda sadaladığımız məqsədlər Azərbaycan üçün də keçərlidir. Lakin onu da xüsusilə vurğulamaq lazımdır ki, dini təhsil sahəsində ümumi məqsədlərlə yanaşı, hər bir ölkənin spesifik xüsusiyyətlərindən irəli gələn fərqli yanaşmaları da ola bilər.

Elə isə Azərbaycan üçün bu yanaşmalar nədən ibarətdir? Birincisi, dini təhsil dövlətin nəzarətində olmaqla yanaşı, milli, ictimai, ideoloji təhlükəsizliyimizə təhdid yaratmamalıdır. Dindən ölkəmizin milli maraqlarına, ərazi və mənəvi bütövlüyünə, milli mədəniyyətinə xələl gəlməməlidir. Xarici dairələrin hansısa bir formada dindən və ya dini təhsildən dövlətimizə qarşı istifadə etməsinə imkan verilməməlidir. Bunun üçün Azərbaycan dövləti məcburdur ki, dini təhsilə nəzarət etməklə bərabər, bu sahədə prioritetlərini də müəyyənləşdirsin.

Əslində, bu prioritetlər artıq müəyyənləşib. Dini təhsil dövlətin nəzarətində olmalı, qiyabi və ödənişli olmasına icazə verilməməli, məzhəblərüstü mahiyyət daşımalıdır. Bu sahənin, yəni dini təhsilin məhsulu olan kadrlar ölkənin hər yerində fəaliyyət göstərə bilməlidirlər.

Xaricdə dini təhsil almış insanlar var. Onların bir qismi ərəb ölkələrində, digər bir qismi İranda oxuyub. Bu şəxslərin dünyagörüşünə, aldıqları təhsilə, eyni zamanda cəmiyyətin onlara münasibətinə baxdıqda görürük ki, onların fəaliyyəti Azərbaycanın hansısa bölgəsinə və ya hansısa məzhəbə yönəlikdir. Çünki onlar xaricdə məzhəbyönlü, məzhəb prinsiplərinə əsasən təhsil alıblar. Qısası, onlar ya şafilik, ya hənəfilik, ya hənbəlilik, uzağı ya şiəlik, ya da sünnilik üzrə mütəxəssislərdir. Biz məzhəbləri inkar etmirik, lakin məzhəb zəminində təhsili də qəbul edə bilmərik. Bu nöqteyi-nəzərindən dövlət-din münasibətlərinin daha effektiv şəkildə tənzimlənməsi, dövlətin din siyasətinin uğurla həyata keçirilməsi, xarici dövlətlərin dini duruma təsirinin qarşısının alınması, dindarlar arasında və cəmiyyətdə müasir dünyagörüşünün təlqin edilməsi, eləcə də dünyəvi dövlətin əsaslarının düzgün təbliğ olunması üçün ixtisaslı dini kadrların hazırlanması ən vacib məsələlərdən biridir. Hazırda dini təhsilin keyfiyyətcə yeni mərhələyə qaldırılması ölkəmizin həm daxilə, həm də xaricə yönəlik məqsədlərinin reallaşdırılması üçün prioritet milli hədəf kimi qiymətləndirilə bilər.

Din sahəsində kadr hazırlığı mərkəzləşdirilmiş qaydada və planlı şəkildə həyata keçirilməlidir. Belə olacağı təqdirdə, gələcəyin din xadimləri öncə islam kolleclərində, daha sonra Azərbaycan İlahiyyat İnstitutunda təhsil alacaqlar ki, bu da dövlətin idarəçiliyi və nəzarəti altında din sahəsində ardıcıl və mərhələli təhsil sisteminin formalaşması deməkdir.

Deməli, bu gün üçün qarşımızda duran əsas məqsədlərdən biri də Azərbaycan İlahiyyat İnstitutu ilə bağlı reallaşdırdığımız məqsəd və prinsipləri orta ixtisas dini təhsil müəssisələrində də tətbiq etməyə nail olmaqdır.

Konfransın cəmiyyətimizin həyatında mühüm hadisəyə həsr olunduğunu söyləyən Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının İctimai təşkilatlarla əməkdaşlıq üzrə yeparxiya şöbəsinin rəhbəri protoiyerey Mefodiy ƏFƏNDİYEV bildirdi ki, keyfiyyətli dini təhsil almaqla bağlı problem bir neçə onilliklər ərzində aktual problemlərdən biri olaraq qalırdı və onun ətrafında çoxlu mübahisələr və müzakirələr aparılırdı.

- Dövlətimiz tərəfindən dini təhsil məsələlərinə cəmiyyətdə sülhə və sabitliyə təsir edən istiqamətlərdən biri kimi strateji əhəmiyyət verilir. Müstəqilliyin bərpası ilə Azərbaycan vətəndaşları dünyəvi dövlətin vətəndaşları olaraq öz dini etiqadlarına riayət etmək hüququ əldə etdilər. Ölkənin dini icmaları inkişafları üçün güclü bir təkan aldılar.

Azərbaycan xalqının mənəvi dirçəlişinə xüsusi diqqət yetirilmişdir. Bu prosesin başlanğıcını dinin cəmiyyətdə əhəmiyyətini dərk edən, mənəvi irsin və milli ənənələrin qorunub saxlanmasını daxili siyasətin aktual məsələlərindən biri hesab edən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qoymuşdur. O, 10 oktyabr 1993-cü ildə inaqurasiya zamanı demişdir: "Xalqımız öz dininə qayıtdı... Xalqımızın mənəviyyatına, elminə, qüdrətinə, zəkasına islam dininin böyük təsiri olmuşdur. Milli ənənələrimiz, mədəniyyətimiz bir çox hallarda islam dini vasitəsilə nəsildən-nəslə keçib, indi böyük milli sərvətimiz kimi bugünkü nəsillərə çatmışdır. Azərbaycanda islam dininə insanların sərbəst etiqad etməsi üçün bütün şərait yaradılmış və bundan sonra da yaradılacaqdır".

Bu sözlər xalq tərəfindən mənəvi dirçəlişə çağırış, milli və mənəvi dəyərlərə qayıdış çağırışı kimi qəbul edildi. Bunsuz kimliyi qorumaq, güclü və firavan bir dövlət qurmaq mümkün deyil. Ümummilli Liderin dəstəyi və Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin dinc yanaşı yaşamasının zəngin təcrübəsi sayəsində mənəvi dirçəliş prosesi bütün ənənəvi icmaların - müsəlman, xristian və yəhudi icmalarının nümayəndələrinə müsbət təsir göstərmişdir.

Dini dirçəliş şəraitində keyfiyyətli dini təhsilin təmin edilməsi prioritet olmuşdur. Uzun müddət ərzində dini təhsili Bakı İslam Universitetində və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində almaq mümkün olmuşdur. Təəssüf ki, çox zəif elmi, texniki və maddi baza, bu sahədə mütəxəssislərin azlığı yerli dini təhsilin inkişafına mane olurdu. Çox sayda gənc xaricdə ali dini təhsil almaq məcburiyyətində qalırdı. Bu da, öz növbəsində, dinc yanaşı yaşamaq və dinlərarası dialoq sahəsində Azərbaycan xalqının əsrlər boyu topladığı təcrübəyə yad olan bir sıra dəyərlərin mənimsənilməsi ilə müşayiət olunurdu. Bu mənfi hadisənin qarşısını almaq üçün mənəvi, etik və ideoloji problemlərlə məşğul olan strukturları xarici təsirlərdən və maliyyə asılılığından qorumaq üçün bir sıra tədbirlər hazırlamaq lazım idi. Bu tədbirlərin məntiqi nəticəsi hazırda dövlət səviyyəsində ali dini təhsilin verilməsi ilə məşğul olan Azərbaycan İlahiyyat İnstitutunun yaradılması oldu.

İldən-ilə cəmiyyətin dini təhsilə marağının artması müşahidə olunur. Orta təhsil müəssisələrində "dünya biliyi" fənni çərçivəsində uşaqlara ənənəvi dinlərin əsasları haqqında məlumat verməyə cəhdlər edilir. Dərsliklərdə yerləşdirilən məlumatlar, ixtisaslı ilahiyyatçıları və ya dini icmaların nümayəndələrini məsləhətçi kimi cəlb etmək də əhəmiyyətli olar. Ənənəvi ibadət yerlərinin - məscidlərin, kilsələrin və sinaqoqların orta və ali təhsil müəssisələrinin tələbələri tərəfindən ziyarətlərin sayı artır. Bu, gənc nəslin dünya görüşünün genişlənməsinə və çoxmillətli cəmiyyətimizin ənənəvi multikultural dəyərləri ilə tanış olmasına kömək edir. Unutmayaq ki, ənənəvi dinlərin böyük yaradıcılıq potensialı var və dini təhsil milli xüsusiyyətləri nəzərə alaraq cəmiyyətimizin möhkəmlənməsinə və destruktiv yalançı dini cərəyanların rədd edilməsinə yardımçı olur.

Azərbaycan İlahiyyat İnstitutunun dekanı, dosent Elnurə ƏZİZOVA qeyd etdi ki, dünyəvi dövlət anlayışının inkişafına paralel olaraq XIX əsrdən etibarən dövlət məktəblərində din təhsili mövzusu Qərb dünyasında müzakirə obyektinə çevrilmişdir:

- Ötən müddət ərzində demokratik və dünyəvi dövlətlərin böyük əksəriyyəti siyasi, dini və mədəni keçmişinə uyğun olaraq dövlət məktəblərində öz din təhsili modelini seçərək inkişaf etdirdi. Nümunə olaraq, Danimarka, İsveç və Norveçdə məcburi din fənni; İngiltərə, İrlandiya, Almaniya, Finlandiya, Avstriya və digər ölkələrdə məcburi din-əxlaq fənni, Yaponiya və Fransa kimi ölkələrdə isə əxlaq fənni tədris olunur. Əlbəttə, dünyəvi-demokratik ölkələrdə tədris olunan din fənninin metodlarına dair vahid bir standart mövcud deyil. Müxtəlif metodların tətbiqində bir ölkənin din tədrisinə dair yanaşmasının, ictimai və mədəni strukturunun, dini dəyərlərin cəmiyyətdəki rolunun, din-dövlət arasındakı münasibətin, təhsil sisteminin özünəməxsus xüsusiyyətlərinin mühüm bir rolu vardır.

Azərbaycanın dövlət məktəblərində müstəqil din fənni tədris edilmir. Bununla birlikdə 2004-cü ildən ümumtəhsil məktəblərində tədris olunan "Həyat bilgisi" dərsliklərində dinlərlə əlaqəli əsas biliklər öyrədilir. Bu biliklərin məzmun və çərçivəsi Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün "Həyat bilgisi" fənni üzrə təhsil proqramı (kurikulum) nəzərə alınaraq hazırlanır. "Həyat bilgisi" dərsliklərində "din" mövzusu dinin tərifi, mənşəyi, məqsədi, dinlərin təsnifatı, Tanrı, peyğəmbər, vəhy kimi fövqəltəbii anlayışlar, dünyanın dərk olunması, insan hüquqları və tolerantlıq zəminində "dinin" təqdim olunması kimi məsələlər çərçivəsində və ayrı-ayrılıqda dinlərin nümunəsində deyil, ümumi din konsepsiyası əsasında tədqiq olunur. "Həyat bilgisi" dərsliklərində verilən din təriflərində iman, ibadət, dünyanı dərk etmə ehtiyacı, əxlaq və ictimai funksiya kimi amillər ön plana çıxarılır. Dinin tərifi mövzusuna olduğu kimi, mənşəyi məsələsinə də dərsliklərdə müxtəlif prizmalardan baxılır. Dinlərin təsnifatı isə zamanı müxtəlif terminlərdən istifadə olunan "Həyat bilgisi" dərsliklərində aralarında dərəcə fərqi qoyulmadan dinlərin çoxluğu anlayışı hakimdir və bu anlayış əsasən 1-ci sinifdən etibarən Azərbaycanın dini demoqrafiyasına uyğun olaraq islam, xristianlıq və yəhudilik dairəsində təqdim olunur. Dərsliklərdə yəhudilik, xristianlıq və islam kimi "təkallahlı", "səmavi" və ya "haqq" dinlərin ibadət və mərasimlərindəki fərqliliklərə baxmayaraq, inanc və əməldə ortaq xüsusiyyətlərinin çox olduğu xüsusilə qeyd edilir.

Dərsliklərdə dinə baxışı müəyyənləşdirən bir digər mövzu, dünyanın dərk olunmasında dinin rolu ilə əlaqəli yanaşmadır. Ümumilikdə dərsliklərdə dini və elmi dünya görüşün bir-birinə alternativ olaraq təqdim edilməsi nümunələrinə rast gəlmək mümkündür. Dinə baxışla əlaqəli bir digər önəmli məsələ isə dinin insan hüquqları çərçivəsində dəyərləndirilməsidir. Dərsliklərdə insan hüquqları və tolerantlıq fonunda dinə yer ayrılmasının zəruriliyi ilə yanaşı, dinin həm tarixdə, həm də müasir dövrdə tolerantsızlıq və terror məqsədilə də istifadə olunduğunun nümunələrinə yer verilir, din ekstremizm və terrorla münasibətdə də qiymətləndirilir. Tarixdə dini zəmində fərqliliklərə qarşı təqib və zorakılığın müasir dövrdə də davam etdirilməsi riski vurğulanır. Xüsusilə xarici ölkələrdən gələn zərərli dini ədəbiyyatın, informasiyanın təbliğinin, xalqımızın milli təfəkkürünə yad olan dini radikal çağırışların qarşısının alınması, xarici ölkələrdə yerləşən dini-terror qruplaşmaları ilə əlaqədə olan bəzi dini təşkilatların fəaliyyətinin nəzarətdə saxlanması, ictimai asayişin pozulmasına, şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına istiqamətlənən bu kimi qanunazidd fəaliyyətlərin qarşısının alınmasına dair fəaliyyətlər qeyd olunur. Dini ekstremizm və terror kontekstində islamla əlaqəli qərəzli ictimai rəyin mövcud olduğu və bu düşüncələrin ortadan qaldırılmasının müsəlmanların da öhdəsinə düşdüyü dərsliklərdə vurğulanan bir digər məsələdir.

Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir FEKETEnin konfrans iştirakçılarına salamlarını və müraciətini Azərbaycan Respublikası Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumunun təmsilçisi Yozef MAREK çatdırdı:

- Biz Azərbaycanda multikulturalizm və tolerantlıq siyasətinin haqlı olaraq banisi hesab edilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd olunduğu ilə qədəm qoymuşuq. Bununla bağlı mən Heydər Əliyevin 1993-cü ildə Azərbaycan Prezidenti kimi andiçmə mərasimindəki nitqindən bir hissəni diqqətinizə çatdırmaq istədim: "Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və biz bu tarixlə, respublikanın bu ictimai-siyasi mənzərəsi ilə fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malikdirlər və bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında iştirak etməsi üçün imkanlar yaradılacaqdır".

Ümummilli Liderin bu tarixi sözlərinin deyildiyi gündən 30 il keçir və bu gün sevinclə deyə bilərik ki, onlar nəinki həyata keçmiş, həm də öz gələcək inkişaflarını əldə etmişlər. Buna çoxlu sübutlar var ki, onlardan biri də Azərbaycan İlahiyyat İnstitutunda ənənəvi dini icmaların rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən tədbirimizdir. Bu o deməkdir ki, Azərbaycan bu illər ərzində nəinki öz dini palitrasının zənginliyini qoruyub saxlaya, hətta artıra bilmişdir.

İndi qarşımızda yeni vəzifələr, o cümlədən ölkə vətəndaşlarının gənc nəslinin Azərbaycan cəmiyyəti üçün ənənəvi olan multikulturalizm və tolerantlıq dəyərləri ruhunda mənəvi-əxlaqi inkişafının təşviqi durur. Bununla belə, dövrümüzün narahatedici reallıqlarını, dünyada dini və etnik dözümsüzlüyün ümumi artımını nəzərə alaraq, biz də cəmiyyətimizin mənəvi təhlükəsizliyinə xüsusi diqqət yetirməyə borcluyuq. Bu baxımdan dini təhsil məsələsi xüsusilə aktuallaşır.

Azərbaycan İlahiyyat İnstitutunda əsasən islam ilahiyyatı ilə bağlı fənlərin tədris olunması tamamilə təbiidir. Eyni zamanda institut rəhbərliyi tələbələrin hərtərəfli inkişafına xüsusi diqqət yetirir və onları Azərbaycandakı digər dini icmaların inanc əsasları və adət-ənənələri ilə tanış edir. Mən Azərbaycan Katolik Kilsəsinin İlahiyyat İnstitutumuzla daha fəal və çoxtərəfli əməkdaşlığa hazır olduğunu vurğulamaq istərdim.

2021-ci ilin oktyabrında Papa Fransisk Vatikanda dünya dinlərinin nümayəndələrini, Qlobal Təhsil Paktını təşviq etmək üçün Birinci Beynəlxalq Görüşün iştirakçılarını qəbul etmişdi. Onların qarşısında çıxış edən Müqəddəs Ata vurğulamışdı: "Daha təhlükəsiz dünya qurmaq istəyiriksə, mənşəyindən asılı olmayaraq hər bir insanı sevməyi və hər kəsə hörmət etməyi bacaran yeni nəsillər yetişdirmək lazımdır". Dinlərin təhsildə rolunu qeyd edən Papa Fransisk dinlərin hər zaman maarifçilik fəaliyyəti ilə sıx bağlı olduğunu vurğulamışdır. Papa fikirlərini davam etdirərək demişdir: "Savadlılığın yayılmasında həmişə öndə olan dini ənənələrimiz ..., hər bir insanda bütövlüyü - ağıl, əl, qəlb və ruhun vəhdətini, yəni ona xas bütün gözəlliyi tərbiyə etmək missiyasını gücləndirməlidir".

Bu sözlər hamımız üçün xatırlatma rolunu oynaya bilər ki, ölkədə dini maarifləndirmə sisteminin qurulmasında xalqın artıq formalaşmış mənəvi ənənələrinə söykənmək lazımdır. XX əsrdə Azərbaycan çox əziyyətlər çəkmişdir, lakin buna baxmayaraq, onun xalqı həm islam dəyərlərinə əsaslanan ənənəvi mənəviyyatını, həm də digər dinlərə və dünyagörüşlərinə hörmətlə yanaşmağı qoruyub saxlaya bilmişdir. Mənə elə gəlir ki, ilk "tərbiyə məktəbi" olan ənənəvi Azərbaycan ailəsinin təcrübəsinə, cəmiyyəti hər zaman ifratçılıq və radikalizmdən qoruyan Azərbaycanın xalq müdrikliyi xəzinələrinə müraciət etsək, onda biz dini təhsildə unikal Azərbaycan milli sisteminin qurulmasına kömək edə biləcək zəngin ilham mənbələri kəşf edəcəyik. Mən, həmçinin əminəm ki, Azərbaycanın bütün ənənəvi dinlərinin nümayəndələrinin bu istiqamətdə fəal əməkdaşlığı yaxşı töhfə verəcək və biz Yerli Katolik Kilsəsi olaraq bu işdə hər cür kömək göstərməyə hazırıq.

Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Aqşin MƏMMƏDOV qeyd etdi ki, bu tədris ocağında "Dinşünaslıq" ixtisası üzrə təhsil aldığı müddətdə bütün dünya dinləri ilə əlaqəli fənləri öyrənib. Peşəkar müəllimlər tərəfindən tədris edilən bu fənləri lazımi şəkildə mənimsədikdən sonra milli şüurlu ilahiyyatçı kimi yetişmək imkanı var. Bu baxımdan da ölkədə yeganə dini ali təhsil müəssisəsi olan Azərbaycan İlahiyyat İnstitutu ən yaxşı seçimdir:

- Azərbaycan İlahiyyat İnstitutunda biz həm islam elmləri (fiqh, əqaid, kəlam, təfsir və s.), həm də dünyəvi elmlər (tarix, ingilis dili, sosiologiya, fəlsəfə, məntiq, psixologiya) öyrənirik. Buna görə də həm dünyəvi elmlər, həm də dini elmlər vasitəsilə əldə olunan məlumatları müxtəlif aspektlərdən dəyərləndirmək imkanımız yaranır. Belə ki, Azərbaycanda din sahəsində yüksəkixtisaslı kadrlara ehtiyac olduğunu nəzərə alsaq, biliklərə dərindən yiyələnməyimiz vacibdir. Həmçinin müxtəlif dilləri (ərəb, ingilis dili, rus dili) öyrənmək şansı əldə edirik. İslam və digər dinlərlə əlaqəli klassik mətnləri oxumaq qabiliyyətmizi formalaşdırırıq.

Sinif otaqlarımız lazımi vəsaitlə tam təchiz olunmuşdur. Müəllimlərimiz dərsləri müasir texniki vasitələrlə bizə izah edir. Kitabxanada dərslərimizi və araşdırma mövzularımızı rahatlıqla hazırlamaq üçün normal şərait və vəsait mövcuddur. Ərəb dili, ingilis dili, rus dili kimi beynəlxalq dilləri öyrənmək üçün Aİİ tərəfindən bizə ödənişsiz kurslar təşkil edilir. Həmçinin bir sıra din elmləri sahəsində də institutumuzdakı kurslardan faydalanırıq.

Biz Azərbaycan gənci kimi, öz dinimizi, dilimizi və milli kimliyimizi daha yaxşı bilməliyik. Bu kimlik bizə gələcək həyatımızda, eləcə də Azərbaycan xalqının təhsil baxımından savadlı inkişaf etməsində çox əhəmiyyətlidir. Buna görə də Aİİ-də hər zaman Azərbaycan tarixində baş verən hadisələr, eləcə də Azərbaycan dilində edilən xitabət qaydaları və milli atributlarımız daim ön plandadır.

Dərslərimizdə hansısa məsələni tolerant bir şəkildə həll edirik. Müxtəlif bir məsələ hər bir alimin, dinin, məzhəbin baxışı ilə nəzərdən keçirilir və izah edilir. Burada dini dözümsüzlükdən söhbət belə gedə bilməz. Hər bir tələbə və müəllim hansısa dinə, məzhəbə qarşı qərəzli şəkildə yanaşmır. Biz, həmçinin digər dini konfessiyaların təmsilçiləri ilə görüşür və bu görüşlər sayəsində nəzəri olan biliklərimizi praktik olaraq daha da möhkəmləndiririk. Müxtəlif beynəlxalq konfranslarda iştirak etməyimiz bizim, həm də dünyagörüşümüzə müsbət mənada təsir göstərir. Xaricdən gələn qonaqlar, eləcə də xaricdə təhsil alan müəllimlərimiz vasitəsilə digər dövlətlərin dini məsələləri ilə tanış oluruq.

 

"AZƏRBAYCAN" qəzeti