Şriftin ölçüsü:

Saytın rəngi:

KÖNÜLLÜ FƏALİYYƏT / 

Könüllü fəaliyyət xəbərləri
24.05.2019 / Könüllü fəaliyyət xəbərləri

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı keçirilib

Mayın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı könüllüləri səmimi salamlayaraq dövlət tərəfindən həyata keçirilən gənclər siyasəti barədə danışıb. Bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub. Ölkəmizdə könüllülük proqramının çox yüksək səviyyədə təşkil edildiyini vurğulayan sədr Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahəyə göstərdiyi xüsusi diqqətdən, bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən və proqramın sferasının son illər necə genişləndiyindən söhbət açıb.

DQİDK sədri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində də  “Könüllü fəaliyyət” layihəsinə start verildiyini, layihənin əsas məqsədinin gənclərə yeni biliklər və təcrübə əldə etmək imkanı  olduğunu diqqətə çatdırıb.

Dövlət Komitəsinin “Könüllülük fəaliyyəti” layihəsinə qoşulduqları üçün gənclərə təşəkkürünü bildirən Mübariz Qurbanlı qeyd edib ki, 2 ay müddətində davam edəcək layihədə könüllülər DQİDK-nın bütün fəaliyyət istiqamətləri barədə məlumat əldə etmək, o cümlədən Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası ilə tanış olmaq, Dövlət Komitəsinin keçirdiyi tədbirlərin təşkil edilməsi prosesində iştirak etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, könüllü kimi 2 ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcək ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaq.