Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
05.12.2024 / Xəbərlər

Xaçmazda “Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda regional konfrans keçirilir

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xaçmazda “Dini müstəvidə ideoloji təhlükəsizlik: çağırışlar və perspektivlər” mövzusunda regional konfrans keçirilir.

Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev konfransı giriş sözü ilə açaraq, Azərbaycanın keçdiyi sürətli inkişaf yoluna diqqət çəkib. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və qətiyyəti, rəşadətli ordumuzun gücü, eləcə də xalqımızın birliyi sayəsində qazandığımız tarixi qələbə nəticəsində vaxtilə işğal altında olan, düşmən tərəfindən viran edilən torpaqlarımızda bu gün həyat yenidən canlanır, məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdır. Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransında əldə edilən nəticələrin əhəmiyyətini vurğulayan E.Rzayev mötəbər tədbirin ölkəmizin artan nüfuzuna daha bir töhfə qatdığını qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl siyasəti nəticəsində möhkəmləndirilmiş ideoloji təhlükəsizlik modelinin üstünlükləri barədə danışıb. Komitə sədri  dinlərin birləşdirici, sülhü, bərabərliyi təşviq edən fəlsəfəsinin fərqli bir obrazda təqdim olunmasının cəmiyyətdəki rolunun təhrif olunmasına rəvac verdiyini vurğulayıb. Qeyd edib ki, ilahiyyatçıların, din xadimlərinin, eləcə də müvafiq dövlət qurumlarının başlıca vəzifəsi dinin ayırıcı deyil, birləşdirici faktor kimi təqdim edilməsi olmalıdır. Azərbaycanın müxtəlif bölgələrində Dövlət Komitəsinin təşkil etdiyi regional konfransların əsas ideyası da məhz bu həqiqəti ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Azərbaycan Respublikası Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Dövlət Komitəsinin regionlarda keçirdiyi konfransların əhəmiyyətindən bəhs edərək bildirib ki, maarifləndirmə tədbirləri həm də Azərbaycandakı dövlət-din münasibətlərinin real vəziyyətini müzakirə etmək baxımından xüsusi rola malikdir. Ölkəmizdə dövlətin dinə münasibətinin loyallıq prinsiplərinə əsaslandığını deyən deputat vətəndaşların dini etiqad azadlığının Konstitusiya və müxtəlif qanunlarla təmin edildiyini diqqətə çatdırıb.Vurğulayıb ki, dünyanın müxtəlif yerlərində dindən əsl məqsədinə uyğun istifadə edilməyərək siyasiləşdirilməsinə cəhdlərin göstərilməsi, dini ehkamların zamanın tələbinə uyğunlaşdırılmaması problemləri mövcud olsa da, respublikamızda Prezident cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü  siyasət nəticəsində tolerantlıq, multikulturalizm, vəhdət ənənələri həyat tərzimizə çevrilib.

Qeyd edək ki, regional konfrans işini “Şimal bölgəsində dini durum: mövcud vəziyyət və qarşıda duran vəzifələr” və “Ənənəvi İslam: tarixi təcrübə və müasir reallıqlar” mövzularında panel sessiyalarla davam etdirir.