Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İmişlidə “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans noyabrın 15-də rayonda fəaliyyət göstərən qurumların nümayəndələri və gənclərin iştirakı ilə davam edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, İmişli Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Rüfət Muradov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, rayon Təhsil Sektorunun nümayəndəsi Vahid Tağıyev mövzu ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, vətəndaşların dini etiqad azadlığının təmin edilməsi demokratik inkişaf yolu seçmiş, yaratdığı multikultural mühitlə və tolerantlığı ilə dünya ölkələri arasında seçilən Azərbaycan Respublikasının daxili siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə bütün dinlərin qanun qarşısında bərabər olması, dövlət tərəfindən dini icmalara hər cür dəstəyin göstərilməsi öz məntiqi nəticəsi kimi ölkə daxilində dinlərarası münasibətlərin qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması ilə nəticələnib. O da qeyd olunub ki, dövlət-din münasibətlərinin yüksək səviyyədə olması, ölkənin davamlı inkişafına nail olmaq üçün əlverişli şəraitin yaradılması cəmiyyət daxilində inteqrasiya proseslərinin dərinləşməsinə səbəb olur. Bu da öz növbəsində etnik və dini zəmində baş verə biləcək münaqişələrin qarşısını alır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dini sahəyə diqqət və qayğısından da bəhs edən çıxışçılar bildiriblər ki, dövlətimizin başçısı dini abidələrin təmir və bərpasına xüsusi önəm verir, davamlı olaraq dini icma liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır.
Regional konfransın ikinci günü müzakirələrlə yekunlaşıb.