Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət etdi.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev son dövrlərdə rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, Ulu Öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev Parkında son vaxtlar aparılan genişləndirmə və yenidənqurma işləri uğurla başa çatıb. Parkın ərazisi 2 hektar yarım genişləndirilib. Yaşıllaşdırma işlərinin də aparıldığı parkda uşaqlar üçün əyləncə guşələri yaradılıb, bununla da əhalinin istirahətinin yüksək səviyyədə təşkilinə nail olunub.
Sonra Prezident İlham Əliyev parkda yerləşən Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Rayon ictimaiyyəti adından çıxış edən Məcnun Namazəliyev füzulililərə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev Horadiz tikiş fabrikinin açılışında iştirak edib.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, fabrikdə işçilərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Müasir texnika və dəzgahların quraşdırılması keyfiyyətli məhsul istehsalına geniş imkanlar açır. Bu fabrikdə ilkin dövrdə məktəbli formalarının və hərbçi geyimlərinin istehsalı həyata keçiriləcək. Məhsullar daxili bazara yönəldiləcək. Təxmini hesablamalara görə müəssisənin ilkin mərhələdə illik dövriyyəsi 2 milyon manat təşkil edəcək. Fabrikdə açılan yeni iş yerlərinin sayı hazırda 100-ə çatır. Yaxın gələcəkdə bu rəqəmin bir qədər də artırılması diqqət mərkəzindədir.
Bütün bunlar bir daha Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı həyata keçirilən siyasətin artıq uğurlu nəticələr verdiyini təsdiqləyir. Bu, bir reallığı da nümayiş etdirir ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı tədricən aradan qaldırılır və yeni istehsal sahələrinin yaradılması ilə ölkəmizin iqtisadi qüdrəti daha da möhkəmləndirilir.
Prezident İlham Əliyev Horadiz şəhərində Bayraq Meydanında yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, 10 hektar ərazidə salınan Bayraq Meydandan bütün Horadiz şəhəri görünür. Burada geniş yaşıllaşdırma və abadlıq işləri görülüb. Meydana qalxmaq üçün sağ və sol tərəflərdə hər biri 287 pillədən ibarət olan sütunlu pilləkən tikilib. Əraziyə avtomobil yolu çəkilib və dayanacaq inşa olunub. Bayraq dirəyinin yerdən hündürlüyü 68 metrdir və demək olar ki, bütün ətraf ərazilərdən aydın görünür. Meydanın əhəmiyyətini artıran mühüm amillərdən biri də burada 3 istirahət guşəsinin yaradılmasıdır. Beləliklə, Horadizdəki Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da öz möhtəşəmliyi ilə diqqəti cəlb edir.
Prezident İlham ƏIiyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Horadiz şəhərində inşa olunan 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi.
İkimərtəbəli binada uşaqların təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb. Burada müasir təlim-tərbiyə qaydalarına riayət olunmaqla 4 qrup yaradılıb və bağçada uşaqların istirahəti üçün geniş imkanlar var. Uşaqların günün yarısını bağçada keçirmələri nəzərə alınaraq bu məktəbəqədər təhsil ocağında da onların keyfiyyətli təlim-tərbiyəsi vacib amil kimi götürülüb. Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə müasir sinif otaqları yaradılıb və bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz olunub. Uşaqların qidalanmasına xüsusi diqqət yetirilir. Bundan əlavə, onların məntiqi və əqli imkanlarının inkişaf etdirilməsi məqsədilə rəsm otağı qurulub. Bağçanın ərazisi abadlaşdırılıb, yaşıllıq zolaqları salınıb.
Prezident İlham Əliyev Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi ziyan görən Horadiz şəhərinin yenidən qurulması, burada geniş abadlıq-bərpa tədbirlərinin həyata keçirilməsi istiqamətində son illərdə bir çox mühüm işlər görülüb. Şəhərin simasının daha da gözəlləşdirilməsi istiqamətində həyata keçirilən layihələr bu gün də davam etdirilir. Müharibə zamanı dağıntılara məruz qalan şəhərdə quruculuq işləri geniş vüsət alıb, yeni evlər tikilib. Bu sırada 227 evin və çoxmənzilli 3 binanın bərpa işlərindən sonra istifadəyə verilməsi də mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin durduğuna daha bir əyani misaldır. Bundan əlavə, “Mən hər bir azərbaycanlının prezidenti olacağam” deyən dövlət başçısının fəaliyyətinin real nəticələridir. Bu layihələr Azərbaycan dövlətinin ilk növbədə cəbhə xəttində yaşayan vətəndaşların sosial-rifah halının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması naminə gördüyü işlər sırasındandır. Bu, həm də Azərbaycanın iqtisadi gücünü və potensialını nümayiş etdirir.
Qeyd edək ki, Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpa edilməsi məqsədi ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Füzuli Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Yüksək keyfiyyətlə və müasir tikinti normaları nəzərə alınmaqla həyata keçirilən inşaat işləri zamanı evlərin hamısı tam bərpa edilib. Mənzillərin hamısı kommunal infrastrukturla təmin olunub, insanların rahat və maneəsiz yaşamaları üçün hər cür imkanlar yaradılıb. Bütün bunlar da bir daha göstərir ki, Prezident İlham Əliyevin bu sahədəki fəaliyyəti çətin sınaqlardan çıxan soydaşlarımızda sabaha ümid yaradıb, dövlət başçısının hər zaman onların yanında olduğunu təsdiqləyib. İnsanlar da dövlət başçısının ideyaları ətrafında sıx birləşməyi bacarıblar.
Prezident İlham Əliyev bərpa olunmuş evlərdən birində yaradılmış şəraitlə tanış oldu.
Dövlət başçısı evin sahibləri ilə çay süfrəsi arxasında söhbət etdi.
Prezident İlham Əliyev Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.
Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlət başçısına məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən bu muzeydə ibtidai dövr, tunc dövrü, orta əsrlər, yeni və ən yeni dövrlərə aid bölmələr var. Xüsusi memarlıq üslubunda tikilən bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub.
Bildirildi ki, bu muzey 1981-ci ildə yaradılıb. 1993-cü ildə Qarabağ müharibəsinin gedişində muzeyin 7 mindən çox eksponatı rayondan çıxarılaraq Bakıdakı “İstiqlal” muzeyində saxlanılıb. Mədəniyyət və Turizm Nazirliyi toplanmış çoxsaylı eksponatların tarixi əhəmiyyətini nəzərə alaraq 2006-cı ildə rayonun Bala Bəhmənli kəndində Füzuli Tarix-Diyarşünaslıq muzeyinin filialını açıb.
Hazırda filialın fondunda xalqımızın qədim tarixinin və dövlətçilik ənənələrinin müxtəlif dövrlərinə işıq salan 1000-ə yaxın eksponat var. Muzeydə Azıx mağarasının maketi və ibtidai dövrdə istifadə olunan məişət və əmək alətləri nümayiş etdirilir. Bu eksponatların hamısı vaxtilə Füzuli rayonu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunub. Tunc və dəmir dövrləri bölmələrində sərgilənən eksponatların böyük hissəsi isə qədim qəbirlərdən tapılıb. Ulu əcdadlarımızın döyüşlərdə istifadə etdikləri silah nümunələri, məişət avadanlıqlarının qalıqları orta əsrlər dövrünə aid bölmədə yerləşdirilib. Muzeyin əhəmiyyətini artıran mühüm amillərdən biri də burada Füzuli rayonunun etnoqrafik xüsusiyyətlərinin geniş əks olunmasıdır. Belə ki, muzeydə tarixin müxtəlif dövrlərində Füzuli sakinlərinin həyat tərzini və məişətini əks etdirən eksponatlar da sərgilənir. Dəmirçi, dulusçu və xalçaçı emalatxanalarının, evlərin kiçik maketləri əhalinin qədim dövrlərdəki yaşayış tərzini və məşğuliyyətini əks etdirir. Rayonun görkəmli şəxsiyyətləri, o cümlədən Qarabağ müharibəsi zamanı xüsusi fədakarlıq və igidlik göstərmiş füzulililər haqqında məlumatların toplandığı muzeydə “Qələbə qığılcımı” başlığı altında xüsusi bölmə də yaradılıb. Burada Füzuli rayonundan olan Milli qəhrəmanların həyatı, onların döyüş yolu, ulu öndər Heydər Əliyevin tarixi xidmətləri sayəsində rayonun işğaldan azad olunan 22 kəndi, o cümlədən Horadiz şəhəri və ötən dövrdə bu ərazilərdə aparılan bərpa, yenidənqurma işləri barədə məlumatlar verilir.
Prezident İlham Əliyev Füzuli rayonundan olan Musa Yaqubovun hazırladığı 16 musiqi aləti ilə tanış oldu.
Bu yol Prezident İlham Əliyevin ötən ilin oktyabrında imzaladığı Sərəncama əsasən tikilib. 2013-cü və 2014-cü illərin dövlət büdcələrindən ayrılan müvafiq vəsait hesabına bu yolun ümumi uzunluğu 32 kilometrdən çoxdur. Eni 8 metr olan yol 4-cü texniki dərəcəlidir. Yol üzərində 28 su keçidi yerləşir. Kəndlərarası avtomobil yolunun əhəmiyyətini artıran ən mühüm amil onun 13 yaşayış məntəqəsini birləşdirməsidir. Uzun illər bu sarıdan əziyyət çəkən həmin kəndlərin əhalisi artıq müasir standartlara uyğun yoldan istifadə edə biləcəklər.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev Horadiz şəhərində Füzuli Rayon İcra Hakimiyyətinin yeni binasında yaradılan şəraitlə tanış olub.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Binada Ulu Öndərin və Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi naminə çoxşaxəli fəaliyyətlərini əks etdirən fotoguşələr yaradılıb. Fotoguşələrdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Füzuli rayonunda müxtəlif illərdə keçirilən tədbirlərdə iştirakını əks etdirən şəkillər böyük maraq doğurur.
Dövlətimizin başçısı otaqlarda yaradılan şəraitlə tanış oldu. Otaqların hamısı müasir tələblər səviyyəsində qurulub. Burada müasir idarəetmə metodlarından istifadə etmək üçün bütün texniki imkanlar yaradılıb. Bu da icra strukturunun işinin daha mükəmməl qurulmasına, rayon icra hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyətinə geniş imkan verir. Konfrans zalında tədbirləri yüksək səviyyədə keçirmək üçün hər cür şərait yaradılıb. Operativ idarəetmə otağı vasitəsilə sakinlər inzibati binaya gəlmədən onları narahat edən problemlərlə əlaqədar icra hakimiyyətinin məsul şəxsləri ilə birbaşa videoəlaqə yarada biləcəklər. Artıq rayonun bütün icra nümayəndəlikləri bu şəbəkəyə qoşulub.
İcra hakimiyyətinin binası, eyni zamanda, rayonun simasına yeni görkəm verir. Binanın yerləşdiyi ərazidə geniş yaşıllaşdırma işləri aparılıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Prezident İlham Əliyev əhaliyə yüksək xidmət göstərilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Prezident İlham Əliyev Füzuliyə səfəri çərçivəsində Mil-Muğan hidroqovşağının fəaliyyəti ilə tanış olub.
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevə Mil-Muğan hidroqovşağı barədə məlumat verdi. Qeyd olundu ki, keçmiş SSRİ və İran dövləti arasında 1963-cü ildə imzalanmış “Texniki iqtisadi sahədə əməkdaşlıq haqqında” Sazişə əsasən Füzuli rayonunun Horadiz qəsəbəsi yaxınlığında Araz sərhəd çayının üzərində inşa olunmuş Mil-Muğan hidroqovşağı 1972-ci ildə istismara verilib. Hidroqovşağın tikilməsində məqsəd Araz çayının nizamlanmış axınından Azərbaycan və İran tərəflərinin birgə istifadəsi ilə 200 min hektar, o cümlədən Azərbaycanda 120 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etmək olub. Sazişə əsasən Mil-Muğan hidroqovşağından 921 milyon kubmetr su götürülməsi və ekoloji vəziyyətin qorunması üçün 1 milyard kubmetr suyun çaya buraxılması nəzərdə tutulmuşdu.
Bildirildi ki, burada bəndin su tənzimləyən hissəsinin uzunluğu 136 metrdir. Onun üzərində eni 12 metr olan 6 suburaxıcı, eləcə də hər iki tərəfə su vermək üçün eni 5 metr, hündürlüyü 3,5 metr olan 4 suqəbuledici qapı layihələndirilib. Hidroqovşağın Azərbaycan tərəfində uzunluğu 1850 metr olan torpaq bəndləri tikilib. Hidroqovşaq sel vaxtı saniyədə 2700 kubmetr su buraxmaq qabiliyyətinə malikdir. Mil-Muğan hidroqovşağından götürülən suyun Baş Mil kanalı ilə Yuxarı Mil, Yeni Xanqızı və digər kanallara ötürülməsi, beləliklə də Füzuli, Beyləqan, Ağcabədi və İmişli rayonlarında 120 min hektara yaxın əkin sahəsinin su ilə təmin edilməsi nəzərdə tutulub. Baş Mil kanalından su götürən Yuxarı Mil kanalının tikintisi “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən davam etdirilib və 2012-ci ildə onun 11 kilometrə yaxın hissəsi istifadəyə verilib. Bu da Beyləqan və Ağcabədi rayonlarının inzibati ərazilərində 4800 hektar sahədə pilot taxılçılıq təsərrüfatının yaradılmasına imkan verib. Taxılçılıq təsərrüfatının inkişafı məqsədilə ötən il kanalın daha 5 kilometrə yaxın hissəsi və onun üzərində Füzuli rayonunun ərazisində nasos stansiyası tikilib, bununla da 4000 min hektar torpaq sahəsinə suvarma suyunun çatdırılması mümkün olub. Kanalın tikintisinin davam etdirilməsi nəticəsində 20 min hektara yaxın, o cümlədən Ağcabədi rayonunun 7637 hektar torpaq sahələri suvarma suyu ilə təmin ediləcək. Yuxarı Mil kanalı üzərində inşa olunan ikinci nasos stansiyası vasitəsilə bu il daha 1725 hektar əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.
Prezident İlham Əliyevə Füzuli və Beyləqan rayonlarının əkin sahələrinin su təminatı barədə də məlumat verildi. Qeyd olundu ki, Füzuli rayonunda hazırda 31.305 hektar suvarılan sahələr mövcuddur. Bu sahələrin 6300 hektarında meliorasiya tədbirləri həyata keçirilib. Əkin sahələrinin su təminatı 1378 kilometr suvarma kanalları, 87 subartezian quyusu və 56 nasos stansiyası vasitəsi ilə həyata keçirilir. Kollektor-drenaj şəbəkəsinin uzunluğu 259 kilometrdir. Artıq rayonun Qayıdış və Örənqala qəsəbələrində məskunlaşmış məcburi köçkün ailələrinə ayrılmış pay torpaqları suvarma suyu ilə təmin edilib. Ötən il Füzulidə 10, o cümlədən dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən 7 subartezian quyusu istismara verilib. Bu il isə rayon ərazisində 12 subartezian quyusunun qazılması başa çatdırılıb. Beyləqan rayonunda isə hazırda 50497 hektar suvarılan sahələr mövcuddur. Bu sahələrin 36548 hektarında meliorasiya tədbirləri həyata keçirilib. Əkin sahələrinin su təminatı 1268 kilometr suvarma kanalları, 88 subartezian quyusu, 7 nasos stansiyası vasitəsi ilə həyata keçirilir. Kollektor-drenaj şəbəkəsinin uzunluğu 1277 kilometrdir. Ötən il rayonda 4, bu il isə 6 subartezian quyusunun qazılması başa çatdırılıb.