Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
29.08.2014 / Xəbərlər

Prezident İlham Əliyev Beyləqan rayonuna səfər edib (Fotolar)

Dövlət başçısı Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Prezident İlham Əliyevə abidə ətrafında aparılan abadlıq və tikinti işləri barədə məlumat verdi. Bildirildi ki, əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Parkında rayon sakinləri, eləcə də qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.
 
Prezident İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə yolunun Şirvan şəhərindən keçən hissəsində - Kür çayı üzərində inşa olunan avtomobil körpüsünün açılışında iştirak edib.
Dövlət başçısı körpünün rəmzi açılışını bildirən lenti kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, körpünün uzunluğu 317 metr, eni isə 15 metrə yaxındır. Artıq xeyli vaxt idi ki, istismar müddəti başa çatmış dəmir konstruksiyalı körpü nəqliyyat vasitələrinin hərəkətində ciddi problemlər yaradırdı. Dəfələrlə cari təmir işlərinin aparılmasına baxmayaraq, körpünün yenisi ilə əvəz olunması zərurətə çevrilmişdi. Beləliklə, 2011-ci ildən başlayan tikinti işləri yekunlaşıb və yeni, müasir standartlara uyğun körpü artıq istismara hazırdır.
Diqqətə çatdırıldı ki, körpünün tikintisi zamanı nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud dəmir konstruksiyalı köhnə körpüdə tikinti-quraşdırma işləri həyata keçirilib.
İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verdi. Bildirildi ki, ikinci texniki dərəcəli yolun uzunluğu 72 kilometr, eni isə 15 metrdir. Tikintinin gedişində layihə üzrə yol üzərində 8 yeni körpü tikilib, 109-u yolda, 63-ü yanaşma yollarda olmaqla 172 suötürücü boru qoyulub və digər infrastruktur işləri görülüb. Bütün bunlar ətraf kəndlər də daxil olmaqla bu istiqamətdə yerləşən rayonların əhalisinin daha rahat və təhlükəsiz hərəkətinə geniş imkanlar açıb.
 
Prezident İlham Əliyev Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib.
Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Mərkəzin binasında inşaat işləri yüksək keyfiyyətlə həyata keçirilib.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin Beyləqana səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılıb. Burada, həmçinin Prezident İlham Əliyevin rayona səfərlərini və gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət stend var. 
Mərkəzdə gənclər kafesi, tir atıcılıq mərkəzi, karaoke, 3D kino zalları fəaliyyət göstərəcək. Binadakı 120 yerlik iclas və 14 yerlik akt zallarında gənclərin müxtəlif toplantı və görüşlərinin keçirilməsi üçün bütün şərait var. Bu zallarda rayonda qeyd edilən əlamətdar günlərlə bağlı tədbirlər keçirmək də mümkün olacaq. Burada yaradılan elektron kitabxana, oxu zalı, linqafon otağı, internet kafe, bədii gimnastika və rəqs zalları da gənclərin ixtiyarına veriləcək.
Bu cür mərkəzləri yaratmaqda və ümumilikdə, belə tədbirləri reallaşdırmaqda əsas məqsəd yetişməkdə olan nəslin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar davamlı xarakter alıb. Bölgələrdə müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərinin və Gənclər mərkəzlərinin istifadəyə verilməsi də məhz həmin məqsədlərə xidmət edir.
Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon gənclərinin və ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Müəllimə Aytən Mirzəyeva, məktəb direktoru Əziz Əkbərov gənclərimizə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.
Prezident İlham Əliyev Beyləqan rayonuna səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib.
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, şahmat məktəbinin inşasına 2013-cü ilin mayında başlanılıb və 2014-cü ilin fevralında tikinti işləri başa çatdırılıb. İnşaat işləri daxili imkanlar hesabına həyata keçirilib.
Məktəbin ikimərtəbəli binasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmançılar, o cümlədən şahmatçılarla görüşlərini əks etdirən fotolar var.
Buradakı 50 yerlik şahmat yarışı zalı zəruri avadanlıqla təchiz edilib. Məktəbin konfrans zalı, sinif və müəllimlər otaqları da müasirliyi ilə diqqəti cəlb edir. Bir sözlə, burada yeniyetmə və gənclərə şahmatın sirlərini öyrətmək üçün bütün imkanlar var.
Məktəb binasının orijinal dizaynı burada şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Məktəbdə yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Bu cür sosial təyinatlı təhsil ocaqlarında məşğul olanlar həm asudə vaxtlarını maraqlı keçirir, həm də bilik və bacarıqlara yiyələnirlər.
Sonda xatirə şəkli çəkdirildi.
 
Prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Beyləqanda inşa edilən uşaq bağçasının açılışında iştirak edib.
Dövlət başçısı uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, 80 yerlik binanın inşasına 2014-cü ilin yanvarında başlanılıb, iyul ayında başa çatdırılıb.
Binanın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılıb.
Müasir səviyyədə və yüksək keyfiyyətlə inşa edilən binadakı sinif otaqları bütün zəruri avadanlıq, o cümlədən uşaqlarla işləmək üçün lazımı inventar və oyuncaqlarla təmin edilib. Burada uşaqların bilik və bacarıqlarının üzə çıxarılması üçün hərtərəfli şərait yaradılıb.
Bu cür obyektlərin yaradılması gələcəyimiz olan uşaqlara Heydər Əliyev Fondunun diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir. Bu, bir daha sübut edir ki, Azərbaycanda gənc nəslin yetişməsinə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti sonsuzdur. Respublikanın müxtəlif bölgələrində Fondun dəstəyi ilə müasir təhsil ocaqlarının inşası, həyata keçirilən layihə və proqramlar bu sahənin sürətlə inkişaf etməsinə möhkəm zəmin yaradıb. Müasir dizaynı ilə diqqəti cəlb edən bu binalarda uşaqlarla çalışmaq üçün yüksək tələblərə cavab verən şərait var.
 
 
Prezident İlham Əliyev Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra Mərkəzi Şəhər Stadionunda yaradılmış şəraitlə tanış olub.
Stadionun inşasına 2014-cü ilin yanvarında başlanılıb. Daxili imkanlar hesabına aparılan tikinti işləri ən yüksək səviyyədə həyata keçirilib.
Stadionda 3 min tamaşaçı yerlik tribuna, soyunub-geyinmə, mətbuat, məşqçi, tibb otaqları yaradılıb. Burada, həmçinin rezin tipli altızolaqlı qaçış cığırı, çöl tipli 11 fitnes qurğusu, basketbol, voleybol, mini futbol meydançaları var.
Beyləqanda Mərkəzi Şəhər Stadionunun istifadəyə verilməsi rayonda gənclərin futbola olan marağını daha da artıracaq.
Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir görkəmi ilə seçilən Olimpiya İdman kompleksləri və digər idman qurğularının inşası respublikamızın hər yerində beynəlxalq tədbirlərin keçirilməsinə şərait yaradır. Ölkəmizin bütün bölgələrində yaradılan müasir idman qurğuları gənclərin idman sahəsində mühüm uğurlar əldə etməsi, onların sağlam yetişmələri baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan idmançılarının beynəlxalq idman yarışlarında qazandıqları uğurların ildən-ilə artmasında, idmanla məşğul olanların sayının çoxalmasında belə qurğuların tikintisi çox önəmlidir.
 
Prezident İlham Əliyev Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak edib.
Bu yol Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 12 sentyabr tarixli Sərəncamı ilə tikilib. Sərəncama əsasən avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Beyləqan Rayon İcra Hakimiyyətinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb. İyirmi beş min nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 39 kilometrdən çoxdur. Hazırda avtomobil yolunun 20 kilometrlik hissəsinin inşası başa çatdırılıb.
Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolu ən müasir tələblər səviyyəsində inşa olunub. Tikinti işləri qısa müddətə, həm də keyfiyyət meyarları nəzərə alınmaqla həyata keçirilib. İnşaat işləri zamanı 67 su keçidi tikilib, yolun kənarına müxtəlif siqnal dirəkləri basdırılıb.
Dördüncü texniki dərəcəli bu yolun istifadəyə verilməsi onun əhatə etdiyi kəndlərin sakinlərinin rayon mərkəzi, o cümlədən respublika əhəmiyyətli əsas yollara çıxışını asanlaşdırır, rahatlığını təmin edir.
Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun tikintisi bir daha sübut edir ki, Beyləqanda sosial məsələlərin həlli, yol infrastrukturunun yenilənməsi sürətlə davam edir. Belə tədbirlərin həyata keçirilməsi, ilk növbədə, sakinlərin rahatlığını və onların sosial məsələlərinin həllinin diqqət mərkəzində saxlandığını nümayiş etdirir. Bu, həm də dövlətimizin apardığı məqsədyönlü sosial siyasətin respublikanın hər bir kəndini əhatə etdiyini göstərir.