Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
08.11.2014 / Xəbərlər

“Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda gənclər üçün iki günlük treninq öz işinə başlayıb

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda gənclər üçün iki günlük  treninq öz işinə başlayıb.
Terninqin açılış mərasimində DQDK sədri Mübariz Qurbanlı, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov, Milli Məclisin deputatı Fəzail Ağamalı iştirak ediblər.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, treninqin əsas məqsədi milli-mənəvi dəyərlərimizin tarixi, bu günü haqqında gənclərlə geniş diskusiya-fikir mübadiləsi aparmaqdır: "Bizim ən ümdə məqsədimiz müstəqil dövlətimimizi inkişaf etdirmək, gücləndirmək, bununla yanaşı milli-mənəvi dəyərlərimizi, dini və milli kimliyimizi qoruyub saxlamaqdır. Azərbaycan İslam ölkəsi sayılır, İslam dininin rəmzi sayılan yaşıl rəng bizim bayrağımızda əks olunub və İslam bizim mənəvi dəyərimizdir. Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Dinimiz-milli-mənəvi sərvətimizdir”. Biz hər hansı xarici qüvvələrə milli-mənəvi dəyərlərimizə müdaxilə etməyə imkan verməyəcəyik. İndi ideoloji mübarizə gedir. Bizim ideologiyamızın adı “Azərbaycançılıq”dır".
Daha sonra çıxış edən Yaqub Mahmudov qeyd  edib ki, bu cür görüşlərin keçirilməsi zamanın tələbidir. Çünki hal-hazırda dünyada milli-etnik münaqişələr mövcuddur. Biz İslamı elmi-maarifçilik nöqteyi-nəzərindən təbliğ etməliyik. İslamın bərabərlik prinsipi əsasında və məzhəblərdən, təqriqətçilikdən uzaq, Quranda göstərilən qaydada təbliğ olunmalıdır. İslamın elmlə, inkişafla, insan haqqları ilə bağlı ehkamları tədqiq olunmalı və insanlara çatdırılmalıdır.Nizami Cəfərov milli-mənəvi dəyərlərimizin təbliğindən danışarkən qeyd edib ki, İslam dini Azərbaycanda yayıldıqdan sonra milli və dini kimlik məsələləri bir-biri ilə çuğlaşaraq vahid ideologiyaya çevrilib və 1400 ildən çoxdur ki, xalqımızın milli mentalitetinin ayrılmaz hissəsidir. İstər dövlətçilik, istər mədəniyyət tariximizə nəzər salarkən İslamın həyatımızın ayrılmaz hissəsinə çevrildiyini görürük. Azərbaycanda din dövlətdən ayrıdı. Bu, azərbaycanşunaslığın tərkib hissəsidi. Amma bizim müxtəlif dərsliklərimizdə İslamla bağlı müəyyən məlumat verilir. Həmçinin tarix və ədəbiyyat fənlərində din mövzusuna da yer ayrılır.
Fəzail Ağamalı bildirib ki, gənclərin milli-mənəvi dəyərlərimizin öyrənilməsi və təbliği işinə cəlb olunması baxımından bu cür tədbirlərin keçirilməsi təqdirəlayiq haldır. Millət vəkili qeyd edib ki, gənclər həm dövlətçilik tariximizi, həm də milli, dini dəyərlər sistemimizi dərindən bilməli və bu dəyərlərin təbliğ olunmasında müstəsna xidmətlər göstərməlidirlər.
Politoloq Mübariz Əhmədoğlu cəmiyyətdə dinin və dindarların rolu haqqında danışaraq bildirib ki, inancından asılı olmayaraq hər bir vətəndaş ilk növbədə dövlətinin və xalqının milli-mənəvi dəyərlərini bilməli və qorumalıdır.
Treninqin açılış mərasimindən sonra Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov "Gənclər və sosial şəbəkələr" mövzusunda  məruzə edərək bu gün gənclərin sosial şəbəkələrdəki aktivliyindən və bu fəaliyyətin bilavasitə dövlətçilik və milli maraqlara xidmət etməli olduğundan danışıb.
AMEA-nın Şərqşünaslıq İnstitununun əməkdaşı Elvüsal Məmmədov "İslam radkalizminin təhlükəli təzahürləri  ilə mübarizədə mötədillik əsas prinsip kimi" mövzusunda məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, İslam mütərəqqi ruha, ülvi dəyərlərə, zəngin elmi-mədəni irsə malik dindir. Bu gün ictimaiyyət, xüsusən də gənclər arasında İslam dini məhz bu yöndən təbliğ olunmalı, radikal meyllərin qarşısının alınmasında maarifçilik prinsipi əsas götürülməlidir.
Terninqin birinci günü tələbə-gənclərin iştirakı ilə maraqlı diskussiya şəraitində başa çatıb.