Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Hacı Cavad məscidini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.
Dövlət Komitəsinin sədri ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən bəhs edərək xalqımızın milli-mənəvi birliyinin təmin edilməsi məqsədilə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasi xəttin Prezident cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunması, həmçinin dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzindədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 30 ilə yaxın erməni əsirliyində qalmış Qarabağ və Şərqi Zəngəzurdakı dini abidələrimizin bərpası və yenidən qurulması sahəsində mühüm addımlar atır.
Görüş zamanı cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsi və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafının önəminə toxunan Komitə sədri vəhdət mühitinin qorunmasında, İslamın düzgün təbliğ edilməsində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.
Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı istiqamətində görülən işlərin böyük əhəmiyyətə malik olduğunu bildirən din xadimləri ölkəmizdə dini etiqad azadlığının yüksək səviyyədə təmin olunmasından, onların dövlətin qayğısı ilə əhatə edilməsindən məmnunluqlarını ifadə ediblər.