Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərimiz: tarixilik, varislik və müasirlik” mövzusunda gənclər üçün təşkil olunmuş iki günlük treninq öz işini başa çatdırıb.
Treninqin ikinci günündə müxtəlif mövzularda məruzələr dinlənilib. DQİDK sədrinin birinci müavini Səyyad Salahlı “Dini müxtəliflik: birgə yaşayışın harmonik vəhdəti kimi”, Bakı Dövlət Universiteti Tarix fakültəsinin müəllimi Saleh Kazımov “Milli dövlətçiliyimizin möhkəmlənməsində milli-mənəvi dəyərlərimizin rolu”, DQİDK-nın Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Nicat Məmmədli “Sekulyar dövlətdə tolerantlıq: Azərbaycan modeli” və DQİDK sədrinin müavini Gündüz İsmayılov “Ənənəvi İslam və xarici təsirlər” mövzularında maraqlı məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Treninqin sonunda qeyd olunub ki, maarifləndirmə məqsədilə keçirilən və gənclərin dini radikalizmlə mübarizədə fəaliyyətlərinin gücləndirilməsi baxımından bu cür treninqlər gələcəkdə də davam etdiriləcək.