Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
23.12.2024 / Xəbərlər

Forum işini multikulturalizm və dini təhsilə həsr olunmuş panellərlə davam etdirib

Azərbaycan Din Xadimlərinin Forumunun “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar” mövzusuna həsr olunmuş III panelinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov moderatorluq edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov müasir dünyada sülh və qarşılıqlı anlaşma üçün dinlərarası dialoq, elmi biliklər və mənəvi inkişafın vacib olduğunu bildirib. Qeyd edib ki, həm intellektual, həm də əxlaqi baxımdan inkişaf etmiş cəmiyyət qurmaq Azərbaycanın gələcək strategiyasının əsas hədəflərindən biridir. Bu istiqamətdə həyata keçirilən siyasət ölkəmizin həm milli, həm də beynəlxalq səviyyədə dayanıqlı inkişafı və sülhə töhfəsini təmin edən əsas amillərdəndir.
Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizmin əsrlərdir həyat tərzinə çevrildiyini vurğulayıb. Bildirib ki, ölkəmizdə müxtəlif xalqların, millətlərin və konfessiyaların mədəniyyətinin, tarixinin, adət-ənənələrinin saxlanılması və qorunması istiqamətində böyük işlər görülür.
Daha sonra çıxış edən Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti yepiskop Vladimir Fekete Azərbaycan cəmiyyətində tolerantlıq və multikulturalizm mədəniyyətinin xalqın mənəvi ənənələri ilə ayrılmaz şəkildə bağlı olduğunu diqqətə çatdırıb. Yepiskop təəssüf hissi ilə qeyd edib ki, ki, dünyanın bəzi inkişaf etmiş ölkələrində dinin cəmiyyətdəki roluna münasibət siyasətçilərin etimadsızlığı və önyarğıları əsasında formalaşır, dini dəyərlər cəmiyyət həyatından sıxışdırılır. Lakin Azərbaycan dünyəvi bir dövlət kimi dinin insan həyatındakı əhəmiyyətini qəbul edir. Prezident İlham Əliyevin birbaşa dəstəyi ilə tarixi məscidlər bərpa olunur, yeni məscidlər, kilsələr, sinaqoqlar inşa edilir.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Yepiskop Aleksiy (Smirnov) Azərbaycandakı tolerantlıq mühitinin unikallığı barədə danışıb. Vurğulayıb ki, Azərbaycan Respublikasında müasir multikulturalizm modeli və tolerantlıq siyasəti bu çətin dövrdə dinlərarası ksenofobiya və radikalizmlə bağlı zəmanəmizin neqativ çağırışlarına necə qalib gəlməyin mümkün olduğunu nümayiş etdirir.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə bildirib ki, multikulturalizm mövzusu mütəxəssislər, xüsusilə, beynəlxalq münasibətlər, demokratiya, millət, vətəndaş cəmiyyəti və dövlətlərin inkişafı problemlərinin tədqiqatçıları üçün mühüm əhəmiyyət kəsb edir. Bu gün hamı belə bir yekdil fikirdədir ki, multikulturalizm mövzusu mütləq tədqiq edilməli, bu sahədə müəyyən bir siyasət və ideologiya olmalıdır.
“Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzusunda keçirilən IV panelin moderatoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov dini təhsilin istər dinin əsas prinsiplərinin doğru şəkildə cəmiyyətə çatdırılması, istərsə də dövlət təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib. Bildirib ki, dinin səhv interpretasiyasının milli-mənəvi birliyə deyil, cəmiyyətin bölünməsinə səbəb olduğu da sirr deyil. Bu baxımdan, dini biliklərin səhih mənbələrə əsaslanaraq, həmçinin dövrümüzün reallıqlarını nəzərə alaraq, cəmiyyətə çatdırılması labüddür.
Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru, texnika elmləri doktoru, dosent Ülkər Səttarova vurğulayıb ki, dinin əsas prinsiplərinin cəmiyyətə doğru şəkildə çatdırılması, radikal düşüncələrin baş qaldıra bilməməsi üçün din təhsili olduqca vacibdir. Bu, həm də cəmiyyətin təhlükəsizliyi baxımından da böyük əhəmiyyət daşıyır. Çünki din cəmiyyətin mənəvi inkişafının əsas elementlərindəndir. Ancaq onun yanlış təqdimatı cəmiyyətdə parçalanmaya, qütbləşməyə gətirib çıxarır.
Cəmiyyətin ayrılmaz hissəsi olduğu üçün dinin öyrənilməsi və öyrədilməsinin həmişə aktual olduğunu deyən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov dünyəvi dövlətlərdə tətbiq olunan din təhsilinin formaları haqqında ətraflı məlumat verib.
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev din və dəyərlərin ictimai-siyasi hadisələrin tənzimlənməsində, ölkələrarası əlaqələrin qurulmasındakı rolundan danışıb. Qeyd edib ki, dini düşüncənin sağlam müstəvidə və milli-mənəvi dəyərlərimizə uyğun şəkildə formalaşdırılması üçün milli kadrlarımızı hazırlamaq zəruridir.
Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov dini təhsilin milli siyasət, ictimai kimlik və vətəndaşların fərqli yanaşmaları və s. kimi geniş sahəni əhatə edən məsələ olduğunu diqqətə çatdırıb. Dini təhsilin verilməsinin vacibliyinə toxunan M.İsmayılov bu məsələ ilə bağlı mövcud olan iki yanaşma – “dini təhsil” və “din haqqında təhsil” barədə geniş məlumat verib.
Hər bir cəmiyyətin özünəməxsus din anlayışı, modeli və praktikası olduğunu deyən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad İlyasov Qərb dünyasında bir çox din tədrisi modelləri olduğunu və bu modellərin birbaşa, yaxud dolayısı ilə kilsələrə bağlı olduğunu vurğulayıb.
Hər iki panel üzrə müzakirələr bitdikdən sonra din xadimlərinin sualları cavablandırılıb.