Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
07.11.2024 / Xəbərlər

Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.

Nümayəndə heyəti təyyarə ilə Füzuli Beynəlxalq Hava Limanına gəlib, burada qurulan şəraitlə tanış olub.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qonaqlara işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verib. İşğaldan azad edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin göstərişlərinə uyğun olaraq həyata keçirilən və planlaşdırılan işlər barədə danışıb.

Bildirilib ki, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı bir çox digər bölgələr kimi Füzuli şəhəri də talanıb və tamamilə yer üzündən silinib. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Artıq keçmiş məcburi köçkünlərin bir qisminin doğma yurdlarına qayıdışı reallaşıb. Onlar Füzuli şəhərində inşa olunan yeni yaşayış məhəlləsində məskunlaşırlar.

Diqqətə çatdırılıb ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.