Şriftin ölçüsü:
Saytın rəngi:
Fevralın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri vəzifəsini müvəqqəti icra edən Səyyad Salahlı Səudiyyə Ərəbistanının (SƏK) Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə ilə görüşüb.
İki ölkə arasında dostluq-qardaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirən Səyyad Salahlı Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində göstərdiyi mənəvi, siyasi dəstəyi xüsusi olaraq vurğulayıb.
Daha sonra naziri ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, Dövlət Komitəsinin fəaliyyəti barədə məlumatlandıran S.Salahlı Ulu Öndər Heydər Əliyevin mənəvi-siyasi irsinin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasətin dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq ənənələrinin, o cümlədən xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmlənməsinə yönəldiyini bildirib. O, dini ibadət yerlərinin tikilməsi, yenidən qurulması və təmiri işində fərq qoyulmadan bütün konfessiyaların diqqətdə saxlanıldığını qeyd edib. Komitə rəsmisi 30 ilə yaxın işğaldan sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərlə azad edilən ərazilərimizdə də bərpa-quruculuq işlərinin aparıldığını nəzərə çatdırıb. Ermənilərin dağıdaraq yararsız hala saldığı, təhqirə məruz qoyduğu məscidlərin, o cümlədən kilsə və məbədlərin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bərpa edildiyini vurğulayıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Həcc və Ümrə naziri Taufiq bin Fauzən Əl Rabiə Azərbaycan-SƏK arasındakı əlaqələrin bütün sahələrdə olduğu kimi humanitar, dini və mənəvi sahələrdə inkişafının əhəmiyyətini qeyd edib. İşğaldan azad edilmiş ərazilərdə dini ibadətgahların bərpası istiqamətində aparılan işləri yüksək qiymətləndirib.
Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayevin də iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, sonda qonağa DQİDK-nın sifarişi ilə nəşr edilən kitablar hədiyyə edilib.