Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
01.10.2024 / Xəbərlər

Dövlət Komitəsinin sədri XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları ilə görüşüb

Sentyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkil etdiyi “Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları ilə görüşüb.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) keçirilən görüşdə Dövlət Komitəsinin sədri ölkəmizdəki dinlərarası dialoq, unikal birgəyaşayış mühiti barədə danışıb. Bildirib ki, Azərbaycanda tarix boyu başqa xalqların və dinlərin təmsilçilərinə hörmətlə yanaşılıb. Bu ənənə illər ərzində nəinki dəyişməyib, əksinə, müasir zamanda daha da möhkəmlənib.

Komitə sədri vurğulayıb ki, ölkəmizdə xristian, yəhudi, krişna, bəhai, mormonlar olmaqla müxtəlif konfessiyaların icmaları dövlət qeydiyyatına alınıb.  Məscid, kilsə və sinaqoqların eyni məkanda yerləşməsi Bakı üçün səciyyəvi mənzərədir. Dünyanın bəzi regionlarında etnik və dini zəmində anlaşmazlıqların hökm sürdüyü bir dövrdə Azərbaycanın dinlərarası tolerantlıq modelinin nümunə kimi təbliğ edilməsi xüsusi önəm daşıyır.

Görüşün sonunda Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Aİİ-nin rektoru Aqil Şirinov iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində Azərbaycan, Rusiya, Türkiyə, Çin, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Mərakeş, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Qırğızıstan, İraq, Pakistan, Əlcəzair, Mozambik və Konqodan olan 30-a yaxın  tələbə iştirak edir.