Şriftin ölçüsü:
Saytın rəngi:
Noyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (Dövlət Komitəsi) sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığının (SƏK) ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Görüş zamanı səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında diplomatik əlaqələrin tarixinin müstəqilliyimizin ilk illərinə təsadüf etdiyini bildirən Komitə sədri Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirdiyi görüşlərin əlaqələrimizin inkişafında dönüş nöqtəsi olduğunu və həmin səfər nəticəsində qarşılıqlı əməkdaşlığın təməlinin qoyulduğunu diqqətə çatdırıb. Hazırda bu əməkdaşlığın uğurla davam etdiyi, Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına səfərlərinin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı xüsusi olaraq qeyd olunub.
Dövlət Komitəsinin sədri qonağı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri, DQİDK-nın fəaliyyəti barədə məlumatlandırıb. Bildirib ki, Azərbaycanda dini sahəyə daim diqqət və xüsusi qayğı göstərilir. Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən siyasət dini etiqad azadlığının qorunmasına, ölkədəki bütün dini icmalara bərabər imkanların yaradılmasına və ölkəmizdə əsrlərboyu formalaşmış tolerantlıq və multikultural ənənələrin, eyni zamanda xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmlənməsinə yönəlib.
Cari ilin may ayında Səudiyyə Ərəbistanı Krallığının İslam Məsələləri, Çağırış və İrşad Nazirliyinin dəvəti ilə SƏK-ə səfər etdiyini, bu çərçivədə Dövlət Komitəsi ilə sözügedən nazirlik arasında Anlaşma Memorandumunun imzalandığını xatırladan Komitə sədri ölkələrimiz arasında mövcud əlaqələrin genişləndirilməsi, dini ekstremizm, islamofobiya və radikalizmin qarşısının alınması sahəsində birgə səylərin gücləndirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması istiqamətində keçirilən görüşlərin önəminə toxunub.
Səmimi qəbula görə Dövlət Komitəsi sədrinə minnətdarlığını bildirən səfir İssam bin Saleh əl-Cuteyli Azərbaycana səfir təyin edilməsinin onun üçün sevindirici hal olduğunu deyib. Azərbaycanın sürətli inkişafına şahid olduğunu diqqətə çatdırıb. Diplomat təmsil etdiyi ölkənin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini həm xalqının, həm də dövlətinin bu məsələyə olan ədalətli münasibətini əks etdirdiyini xüsusi vurğulayıb. İssam bin Saleh əl-Cuteyli ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib.
Qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirə edildiyi görüşün sonunda səfirə Dövlət Komitəsinin ingilis və ərəb dillərində nəşr etdirdiyi, ölkəmizdəki dini tolerantlıq mühitindən və maddi-mədəni irsimizə qarşı törədilən erməni vandalizmindən bəhs edən kitablar, eləcə də Azərbaycan dilində Qurani-Kərim təqdim edilib.