Şriftin ölçüsü:
Saytın rəngi:
Sentyabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəhidlər məscidini ziyarət edib, burada fəaliyyət göstərən din xadimləri ilə görüşüb.
Dövlət Komitəsinin sədri ölkəmizdə müxtəlif sahələrin inkişafı istiqamətində ciddi islahatların həyata keçirildiyini, dövlət-din münasibətlərinin də bu diqqət və qayğıdan kənarda qalmadığını qeyd edib. Bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir. Prezident cənab İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi həssaslıqla yanaşır. Ramin Məmmədov dinimizin dəyərlərinin təbliğində din xadimlərinin üzərinə düşən məsuliyyəti xatırladaraq bəzi tövsiyələrini səsləndirib. Həmçinin Komitənin cəmiyyətin mənəvi zənginləşməsinə xidmət edən din xadimləri ilə qarşılıqlı əməkdaşlığın intensivləşdirilməsinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
Məscid barədə məlumat verən Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açık dini ibadətgahın Türkiyə Diyanət Vəqfi tərəfindən iki ölkə arasında dostluq, qardaşlıq əlaqələrinin simvolu kimi 1990-cı ilin 20 Yanvar hadisələri zamanı və Qarabağ müharibəsində şəhid olanların xatirəsini yad etmək məqsədi ilə inşa edildiyini bildirib. Məscidin Bakının dini və tarixi əhəmiyyətli məkanlarından biri kimi, həm yerli əhali, həm də turistlər tərəfindən tez-tez ziyarət edildiyini vurğulayıb.
Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib. Çıxışçılar Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin inkişafı, dini, milli-mənəvi dəyərlərimizin qorunması, məscidlərimizin təmir-bərpası, din xadimlərinin sosial müdafiəsinin gücləndirilməsi, dini icmaların maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.