Şriftin ölçüsü:
Saytın rəngi:
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda yerləşən “Müqəddəs Məryəm Ana” katolik kilsəsini ziyarət edib, kilsə binasındakı rəsm qalereyası, ibadət zalı və inzibati bina ilə tanış olub.
Katolik kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete ilə görüşdə Komitə sədri Ramin Məmmədov Ümummilli Lider Heydər Əliyevin Katolik dini icmasına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katolik icmasına xüsusi diqqət yetirməsindən, Heydər Əliyev Fondunun Roma Katolik kilsəsi ilə sıx əməkdaşlığından danışıb.
Ölkənin sosial və mədəni mühitində müxtəlif qrupların harmonik şəkildə bir arada yaşaması ənənəsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq səviyyədə təbliğinin əhəmiyyətinə toxunan R.Məmmədov qeyd edib ki, bütün bunlar Azərbaycanın məqsədyönlü inkişafı və sürətli tərəqqisi üçün əsas amillərdən biridir.
Söhbət zamanı yepiskop Vladimir Fekete ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında geniş məlumat verib, dövlətin icmaya göstərdiyi qayğıdan məmnunluğunu ifadə edib. Yepiskop Azərbaycanın multikultural dəyərlərin inkişafı istiqamətində oynadığı rolu yüksək qiymətləndirdiyini vurğulayıb.
Görüşdə Azərbaycanda mövcud olan konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsi, multikulturalizm, dini tolerantlıq ənənələrinin inkişaf etdirilməsi ilə bağlı təkliflər ətrafında müzakirələr aparılıb.