Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
06.12.2024 / Xəbərlər

Dövlət Komitəsinin sədri Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov dekabrın 6-da Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri, eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-də təsisçi icraçı direktoru Janna Skot ilə görüşüb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tolerantlıq ənənələrinin və multikultural dəyərlərin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayan Komitə sədri ölkəmizdə dövlət-din münasibətlərinin möhkəm təməllərə əsaslandığını bildirib. Qeyd edib ki, fərqli mədəniyyətlərə mənsub insanların bir arada yaşamaları, özlərini sosial həyatın bir hissəsi kimi hiss etmələri cəmiyyətin daha inklüziv, dinamik olmasına kömək edir. Ramin Məmmədov bildirib ki, ölkəmiz bu prinsipə xüsusi önəm verir. Azərbaycanda cəmiyyətin həyat tərzi kimi qəbul etdiyi multikulturalizm, dinlərarası harmoniyanın təşviqi dövlət siyasətinin prioritet istiqamətidir.

Qonağa Azərbaycanda tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verilib.

Janna Skot mədəniyyətlərarası əlaqələrin yerli və qlobal səviyyədə müxtəlif aspektlərdə inkişaf etdirilməsinin əsas məqsədinin fərqli mədəniyyətlər arasında müsbət münasibətlər qurmaq, sosial əlaqələri gücləndirmək və insan hüquqları ilə bağlı anlayışları genişləndirmək olduğunu deyib. Azərbaycanda müxtəlif mədəniyyət və din mənsublarının harmonik və sülh şəraitində yaşamalarını, ölkəmizin multikulturalizm mühitinin mütərəqqi bir modeli kimi təbliği istiqamətində görülən işləri müsbət dəyərləndirib.

Görüşdə gələcək layihələr barədə müzakirələr aparılıb.