Şriftin ölçüsü:
Saytın rəngi:
Fevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Sahib Nağıyev Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyası rəhbərinin vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt ilə görüşüb.
Sədr müavini Sahib Nağıyev Azərbaycanda dövlət tərəfindən dini sahəyə verilən xüsusi diqqət və dəstəkdən bəhs edib. Bildirib ki, müxtəlif dinlərin nümayəndələrinə qayğı göstərmək, onların problemlərini həll etmək dövlət-din siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Sədr müavini vurğulayıb ki, Azərbaycanda dini müxtəlifliyin və dinlərarası dialoqun möhkəmlənməsi üçün mühüm addımlar atılır. Müvafiq qanunvericilik çərçivəsində digər icmalar kimi pravoslav xristian icmasının fəaliyyəti dəstəklənir, icma Azərbaycanın ictimai-mədəni həyatında fəal iştirak edir, birgəyaşayış mühiti və dinlərarası harmoniyanın inkişafına töhfəsini verir.
Rus Pravoslav Kilsəsinin Azərbaycan və Bakı Yeparxiyası rəhbərinin vəzifəsini müvəqqəti icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi fevralın 7-də keçirilən seçkidə qazandığı qələbə münasibətilə təbrik edib, dövlət başçısı tərəfindən pravoslav icmasına göstərilən diqqət və qayğıya görə məmnunluğunu ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.