Şriftin ölçüsü:
Saytın rəngi:
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dünya Dini Liderlərinin Qlobal Bakı Sammitinin iştirakçıları Ağdamda erməni vandalizminin izləri, həmçinin şəhər işğaldan azad ediləndən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olublar.
Dini liderlər əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanına gəliblər. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qonaqlara Şəhidlər xiyabanı, ermənilərin burada törətdiyi vandalizm haqqında məlumat verib. Bildirib ki, Ağdam Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.
Dini liderlər sonra Ağdam şəhər Cümə məscidinə gəliblər. Onlara ermənilərin mədəni, tarixi, dini abidələri məhv etmələri və Ağdam işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir edilib. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Ağdam şəhər Cümə məscididir. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər hərbi məqsədlərə görə məscidi dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları qəsdən yararsız, tanınmaz vəziyyətə salınıb. Erməni vandalları Ağdam Cümə məscidində mal-heyvan saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər. Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Cümə məscidi bərpa olunaraq əvvəlki görkəminə qaytarılıb.
Müsəlman din xadimləri məsciddə namaz qılıblar.