Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
01.11.2024 / Xəbərlər

COP29 ərəfəsində Bakıda Dini Liderlərin Qlobal Sammiti keçiriləcək

5-6 noyabr tarixlərində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Müsəlman Ağsaqqalları Şurası, BMT Ətraf Mühit Proqramı (UNEP)  və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Bakıda Dini Liderlərin Qlobal Bakı Sammiti keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) ərəfəsində baş tutacaq tədbirə ümumilikdə 55 ölkədən, 30 beynəlxalq təşkilatdan iştirakçılar qatılacaq. “Dünya dinləri yaşıl planet naminə” şüarı altında keçiriləcək Sammitdə dünyanın tanınmış dini liderləri, xarici dövlətlərin nümayəndələri, BMT-nin yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların rəhbərləri, elm və din xadimlərinin iştirak edəcəyi gözlənilir.

Dini Liderlərin Qlobal Bakı Sammitinin keçirilməsində məqsəd ümumbəşəri önəm daşıyan iqlim dəyişikliyinin yarada biləcəyi problemlərin aradan qaldırılmasında, ekoloji böhranlarla mübarizədə din xadimləri və nüfuzlu dini liderlərin rolunun artırılmasıdır.  Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi özünü tanıtmağa müvəffəq olan Azərbaycanın COP29 konfransı ərəfəsində daha bir mötəbər tədbirə evsahibliyi etməsi dünya birliyinin məsuliyyətli üzvü kimi qlobal problemlərin həllinə töhfə vermək niyyətini bir daha ifadə edəcəkdir.