Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
23.12.2024 / Xəbərlər

Azərbaycanda Din Xadimlərinin Forumu işini yekunlaşdırıb

Dekabrın 23-də Bakıda “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan Din Xadimlərinin Forumu işini yekunlaşdırıb.

Forumda “Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar” və “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularına həsr olunan panel sessiyalarda müzakirələr aparılıb.

Dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədilə keçirilən Foruma respublikamızın müxtəlif bölgələrindən fərqli dinlərə mənsub 100-dən çox din xadimi, İslam və qeyri-islam dini icmalarının rəhbərləri qatılıb.

Forumun sonunda panellərin moderatorlarının iştirakı ilə müzakirələrə yekun vurulub.

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, Azərbaycanda mövcud olan tolerantlıq və multikultural dəyərlər bu gün dini müstəvidə hər hansı təhdidin olmadığını nümayiş etdirir. Ancaq dünyada baş verən hadisələr göstərir ki, hətta qonşu ölkədə din adı altında baş verən münaqişələr bir anda alovlanaraq geniş bir coğrafiyada yaşayan insanların həyatına mənfi təsir edə bilər. Buna görə də radikal meyillərin yaratdığı təhdidləri qabaqlamaq və bütövlükdə cəmiyyətin gücü hesabına dəf etmək haqqında düşünməliyik.

II panelin moderatoru Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilən uğurlardan danışıb. Müzakirələr nəticəsində tarix boyu qadın hüquqlarının müdafiəsi istiqamətində atılan addımlarla yanaşı, bir sıra çatışmazlıqların mövcudluğuna da toxunulduğunu deyib. Xüsusilə, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qarşıda duran vəzifələrdən bəhs edib.

III panelin moderatoru Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Forumda faydalı müzakirələr aparıldığını qeyd edib. Bildirib ki, tədbirdə multikulturalizmin elmi və mənəvi harmoniyasının önəmi, müasir yeniliklərin fonunda multikultural və tolerant dəyərlərin qorunmasının yolları barədə maraqlı təkliflər səsləndirilib.

IV panelin moderatoru Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, dünyəvi dövlətdə dini təhsildən danışarkən, onun dövlət tərəfindən təşkil edilməsini xüsusi qeyd etmək lazımdır. Çünki yalnız bu halda din azadlığı ilə dünyəvilik arasında balans qoruna bilər. Ənənəvi və müasir dövrün dini təhsil metodlarından danışarkən bir faktı qeyd etmək lazımdır ki, müasir dini təhsil modeli ənənəvi dini biliklərin müasir cəmiyyətin ehtiyaclarına və qlobal dünyanın reallıqlarına uyğunlaşdırılmasını təmin edir. Üstəlik, müasir dini təhsil modeli dövrün çağırışlarına cavab verərək mənəvi və intellektual inkişafı təşviq edir. Bu yanaşma cəmiyyətdə dinin rolunu daha müsbət və konstruktiv şəkildə həyata keçirməyə kömək edir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, din haqqında təsəvvürlərin yanlış postulatlar əsasında dəyişdirilməsi cəhdləri, dini fərqlilikləri sivilizasiyalar və mədəniyyətlər arasında qarşıdurmanın səbəbi olaraq təqdim etmək təşəbbüsləri heç bir xalqın mənafeyinə xidmət etmir. Qeyd edib ki, dinlər və məzhəblər arasında fərqlər ayırıcı deyil, birləşdirici xətt olmalıdır. R.Məmmədov bütün cəmiyyətlərdə dini maarifləndirmənin ideoloji işin, təbliğatın prioritet istiqamətlərindən biri olmasının vacibliyindən danışıb. Forumda  dini maarifləndirmə sahəsində qarşıda duran problemlərin həlli istiqamətində ətraflı müzakirələrin aparıldığını, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu prosesə töhfə vermək üçün öz səlahiyyətləri çərçivəsində bütün zəruri addımları atmağa hazır olduğunu vurğulayıb.  

Sonda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.